Bu il “Son zəng” keçirilə bilər - 86 min məzun 14 iyunu gözləyir

 Bu il “Son zəng” keçirilə bilər  - 86 min məzun 14 iyunu gözləyir
  01 İyun 2021    Oxunub:2402
Koronavirus pandemiyası səbəbindən ötən tədris ilində 11-ci siniflər ənənəvi “Son zəng” mərasimi keçirə bilmədilər. Məzunlar üçün ilk dəfə virtual “Son zəng” çalındı. Bəs bu il “Son zəng” olacaqmı?
Artıq bir müddətdir ki, ölkəmizdə sanitar-epidemioloji vəziyyətin stabilləşməsi fonunda yumşaldılmalara gedilib, bəzi məhdudiyyətlər aradan qaldırılıb. Hazırki durumda açıq hava şəraitində “Son zəng”in qeyd edilməsi təklif olunsa da, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.

Təhsil eksperti Kamran Əsədov Azvision.az -a açıqlamasında bildirib ki, 2020-2021-ci tədris ilində ölkəmizdə 4447 orta məktəbdən 86 min şagird məzun olacaq.

“Pandemiya səbəbindən onlar X sinifdən məktəblə vidalaşıblar. Artıq iki ildir ki, onlayn-distant qaydada dərslərdə iştirak ediblər və bu müddətdə onların məktəbə yolları düşməyib. 2020-ci ilin sentyabr və 2021-ci ilin fevral ayından dərslər qismən bərpa edilsə də, XI siniflərə bu qismət olmayıb. Ölkədə karatin qaydalarının ciddi şəkildə yumşaldılmasını, bir sıra tədbirlərin keçirilməsinə icazə verilməsini nəzərə alaraq müəyyən qaydalar çərçivəsində XI siniflərə “Son zəng” keçirilməsinə icazə verilə bilər. Çünki onlar yazmağı, oxumağı öyrədən müəllimləri, 11 il getdikləri məktəblə rəsmi olaraq vida etməlidirlər”.



K.Əsədov qeyd edib ki, cari tədris ilində 86 min XI sinif şagirdi sinif yoldaşlarını və müəllimlərini ancaq virtual aləmdə görüb, real ünsiyyətdə olmayıblar.

“Hesab edirəm ki, 14 iyunda məktəbə I və XI sinifləri dəvət etməklə “Son zəng” təşkil edilməlidir. Ara məsafə gözlənilməklə, yalnız I və XI sinif şagirdləri, onların valideynləri və müəllimlərin iştirakı ilə “Son zəng təşkil edilə bilər. Bu, XI siniflərin haqqıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sonzəng  





Xəbər lenti