Tələbələrin köçürülməsi qaydası dəyişir

   Tələbələrin köçürülməsi qaydası dəyişir
  20 Aprel 2021    Oxunub:2805
Azərbaycanda tələbələrin köçürülməsi qaydası dəyişir.
Azvision.az xəbər verir ki, bu barədə "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında qeyd olunub.

Layihəyə əsasən, tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) bütün təhsilalanların, əcnəbi və vətəndaşlığı olmayan təhsilalanların bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələləri bu qanunla tənzimlənir.

Tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Magistratura səviyyəsində təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, birinci tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək, xaric olunanlar isə öz ixtisası (ixtisaslaşması) üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu prosedurlar qış və yay tətili dövründə həyata keçirilir.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Ali təhsil müəssisə ilə bağlanmış müqaviləyə əsasən tələbənin təhsil haqqını hər hansı fiziki və ya hüquqi şəxs ödədiyi təqdirdə, başqa ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmə həmin şəxslə yazılı qaydada razılaşdırılır.

Qeyd edək ki, hazırda tələbələrin köçürülməsi Təhsil Nazirliyinin www.transfer.edu.az saytı vasitəsilə həyata keçirilir.

Azvision.az


Teqlər: Tələbə  





Xəbər lenti