Mimoza dövrü

Mimoza dövrü
  27 Mart 2013    Oxunub:2181
Cavidan

Həyətimizin bir tərəfini qonşu məhəllədən ayıran arxın kənarı boyunca düzülmüş mimoza ağaclarını çox sevərdim.
Yalnız bizim həyətdə deyildi onlar, kəndin bütün həyətlərində əkilmişdilər.
Bahar gələn kimi xırdaca, sapsarı çiçəkləri bəzəyərdi budaqları.
Mən və yaşıdlarım boynu qırmızı qalstuklu Sovet məktəbliləri idik o vaxtlar.
Mart ayı gəldimi, cavan kişilər həyətləri gəzməyə başlayardılar, adamlardan hələ çiçəkləməmiş, yaşılımtıl-sarımtıl düyünlərdən ibarət olan mimoza budaqları alar, onları nəhəng yol çantalarına səliqə ilə düzərdilər.
Moskva, Sverdlovsk, Leninqrad və s. şəhərlərə aparardılar onları.
Satmaq üçün.
Hər il martın 8-i - qadınlar bayramı günü üçün özlərini Rusiya şəhərlərinə, həmin günə qədər artıq sarı-tüklü çiçəkləmiş olan mimozaları sevgililərinə, həyat yoldaşlarına, analarına almaq istəyəcək rusiyalılara çatdırardılar.
Sonra isə qazandıqları pulları götürüb, buralara, Axır çərşənbə və Novruz bayramını doğmaları ilə birlikdə keçirmək üçün qayıdardılar.
Yadıma başqa səhnələr də gəlir.
Sinif yoldaşlarımız olan oğlanların məktəb həyətindəki artıq ən gözəl budaqları qoparılmış mimoza ağaclarına dırmaşıb, bizim üçün xırdaca, əyri-üyrü 8 mart hədiyyə buketləri hazırlamaqları, məsələn.
Sinif otaqlarının pəncərələrindən başlarını çıxarıb onlara bağıran-söyən kişi müəllimlərdən, dərs hissə müdirlərindən, direktordan belə həmin gün qorxmayan, çəkinməyən oğlanlar.
Mimozaları hamı sevirdi, qoca nənələrdən başqa.
-Kəsin, rədd eləyin bu ağacları, - deyərdilər, - hansı həyətdə əkilərsə, kişisiz-başsız qoyar oranı, pərən-pərən salar adamlarını, çörəksiz qoyar süfrələrini...
Bu, o nənələr idi ki, inqilab və dünya müharibəsi keçmişdi ömürlərindən, aclıq da görmüşdülər, itki-ayrılıq da, kişisizlik də.
Kim idi onları dinləyən?
Mimozalar o qədər gözəl, o qədər məsum, o qədər romantik görünürdü ki, ağzıyaşmaqlı, dilidualı bu nənələrin bu çiçəkləri tanıya biləcəkləri belə keçmirdi ağlımızdan.
Mimozalar bizim kimi idi nəzərimizdə - 14-15 yaşlı dəlisov, saf, romantik, ümid və həyat dolu!
Nənələr tanıya bilməzdilər onları - ağlımız əmin idi bundan.
***
Məktəbi bitirdiyimiz il yalnız biz olmadıq müstəqillik qazanan, içində yaşadığımız ölkə də müstəqil oldu.
Sonra savaş keçdi həyatımızdan.
Tank kimi keçdi, qumbara kimi, güllə kimi...
Odu-alovu hər birimizin üzünü-gözünü qarsdı.
Oğlanların neçəsi həlak oldu, müəllimlərin neçəsi ayrıldı məktəbdən, kişilərin neçəsi bir vaxtlar kişilərinə gül satdıqları qadınlara yapışdı, qaldı Rusiya şəhərlərində, bilmirik.
Kişisiz qaldı həyətlər, başsız qaldı evlər, pərən-pərən düşdük!
Mimozaları unutduq!
***
Bu gün həyətin bir tərəfində pərt və xəcalətli halıyla baş-başa vermiş iki çəlimsiz mimoza ağacını xeyli izlədim.
Onlar nə qədər idi vaxtilə!
Nə qədərini kəsdik, sobada yandırdıq soyuq qışların axşamlarında?!
Həyətimizi qonşu məhəllədən ayıran arx da yoxdur indi, qupquru bir tikanlı çökəklik var yerində.
Daha kimsə həyətləri gəzib, mimoza budaqları toplamır Rusiya şəhərlərinə aparıb satmaq üçün.
Daha məktəbli oğlanlar sinif yoldaşları olan qızlar üçün buketlər düzəltmirlər.
Sevgisiz, qayğısız, diqqətsiz qalıb mimozalar.
Butun ayrılıqların, bütün uğursuzluqların, bütün kişisizliklərin sapsarı, bapbalaca günahkarı imişlər kimi.
Ah, günahsız mimozalar...


Teqlər:





Xəbər lenti