Bağışla, Ana

Bağışla, Ana
  26 Mart 2013    Oxunub:2527
Səbinə DƏNİZ

Hamımıza “Sən ağlama” , “Məni unutma” deyən ifaları ilə təkcə insanın qulağına yox, birbaşa beyninə, qəlbinə və hətta deyərdim ki, ruhuna toxunan, türk estradasının və türk tamaşaçısının başına tac qoyduğu sənət kraliçası - Sezen Aksu...
Yox, elə düşünməyin ki, onun haqqında tərifnamə yazmaq fikrindəyəm. Özümü tanıyandan bu adı tanıyıram, elə ifalarını da... Hələ 90-ci illərin ortalarında türk artistlərinin evlərimizə yenicə hücum çəkdiyi vaxtlarda, bütün evlərdə, divarlarda müğənnilərin təqvimli şəkillərini asmaq təzə-təzə dəb olanda, üzərində “artistlərin” şəkilləri olan “karopka şokoladlar”ı bir-birimizə pay apardığımız vaxtlarda, xanımlar toylarda saçlarını “gül” yığdıranda, kaset oxudan maqnitofonlar yeniyetmə uşaqların əlindən düşməyəndə, sevdiyi qızların həsrətini bu mahnıların melodiyalarına qatıb içlərinə çəkən dönəmlərdə bizim evdə də bu xanımın ifaları, şəkilləri bolluca idi. Hətta, yaxşı yadımdadı ən çox anamın fanatı olduğu bu xanımın ən son olan konsertlərinin və kliplərinin video yazılarından ibarət kasetlər, evimizin ən yaxşı guşəsində yer alırdı desəm yalan olmaz.

Anamın xəstə olan vaxtlarında, qorxumdan başının üstündən ayrılmadığım zamanlarda hətta ürəyi heç nə istəməyəndə yalnız bu xanımın ifaları onu çox sevindirirdi. Özü demişkən ağrıları yüngülləşirdi elə bil... Anamın onu çox sevdiyinə görə bu səs, ifa mənə o qədər doğma idi ki, elə bilirdim evimizin ən əziz adamıdı. Bayramlarda çalışırdım ki, daxılda yığdığım pulla ona Sezenin kasetlərini alım...Balaca qəlbimin daha şəstlə çırpındığı vaxtlarda özümdən böyük arzular qururdum. Həmişə anama deyirdim ki, görərsən böyüyəcəm, böyük adam olacam, çoxlu pulum olacaq səni Sezen Aksunun konsertinə aparacam. Özü də səni hamıdan qabaqda oturdacam, konsertin ortasında qışqırıb çox sağ ol deyəcəm ki, yaxşı ki, varsınız ki, anamın sizinlə, ifalarınızla ağrıları yüngülləşir...

İllər keçdi, mənim balaca qəlbim boyumla bərabər böyüdü, lakin içimdə bu səsə olan qəribə doğmalığı heç nə dəyişə bilmədi... Ta ki, bir axşam internetdə qarşılaşdığım bir xəbəri oxuyana qədər Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən konsert festivalı çərçivəsində müğənni-bəstəkar Sezen Aksu Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni dilində oxuyub. Müğənnini səhnədə erməni ud ifaçısı və bəstəkarı Ara Dinkcyan müşayiət edib. Aksu və Dinkcyan Azərbaycan xalq mahnısının nəqarətini də, “Sarı gəlin” birləşməsini də erməni dilində “sarı axçik” deyə oxuyublar. Bu xəbər məni doğrudan da çox pis məyus etdi, mənim, anamın sevimli ifaçısına çevrilmiş səsi ilə dərdlərə dərman olan, böyük tamaşaçı ordusu və sevgisi qazanmış birinin belə xəyanəti bağışlanılmazdır. Xəbəri oxuyarkən balaca vaxtı anama verdiyim söz yadıma düşdü, elə həmin dəqiqə də dodaqlarımın arasında öz-özümə pıçıldayaraq:- Bağışla, Ana sözümü tuta bilmədim- dedim.

P.S. Amma Sezən xanım düşünməyin ki, bizə yara vurdunuz, o qədər böyük yaralarımız var ki, bunun göynərtisi tez unudulacaq. Bilirəm elə hey-hey bərk-bərk tapşırırdınız ki, “Beni unutma, unutma”. Sizə çatmayan balaca bir qəlbdə yaranıb, çırpınan sevgini elə yarıyoldaca itirdiniz... Sadəcə təəssüf...


Teqlər:  





Xəbər lenti