`Neftçi`nin `böyük ağası` - TƏHLİL

`Neftçi`nin `böyük ağası` - TƏHLİL
  13 Yanvar 2014    Oxunub:1445
Gözlənilən oldu və ötən həftəsonu Böyükağa Hacıyevin “Neftçi”nin baş məşqçi postuna təyinatı rəsmiləşdi. Əslində, Hacıyevin yenidən “ağ-qaralar”a rəhbərlik edəcəyi çoxdan bəlli idi. Cari mövsümün əvvəlində Çempionlar Liqasındakı uğursuzluqdan sonra bu postdan istefa verən mütəxəssis klub prezidentinin müşaviri kimi komandada saxlandıqdan sonra hadisələrin bu cür inkişaf edəcəyinə şübhə yeri qalmamışdı.

Düzdür, bir məşqçinin istefa verdikdən bir müddət sonra köhnə postuna qayıtmasına dünya praktikasında da rast gəldiyimizdən bunda təəccüblü heç nə axtarmaya da bilərdik. Amma bu müddət ərzində istər Böyükağa Hacıyevin keçmiş vəzifəsinə qayıtmaqda maraqlı olduğunu bəlli edən açıqlamaları, istər “Neftçi”də Hacıyevi əvəzləmiş Tərlan Əhmədovun səsləndirdiyi fikirlər, istərsə də idman mediasında məlum təyinatla bağlı aparılan müzakirələr bu qaydışın heç də digərlərinə bənzəmədiyini göstərdi.

Albaniyanın “Skenderbeu” komandasına yenilginin ardından baş məşqçi vəzifəsindən ayrılan Böyükağa Hacıyevi əvəzləyən Tərlan Əhmədov komandanı Suberkubok matçı da daxil olmaqla 11 oyunda meydana çıxardı. Həmin dövrdə Əhmədovun rəsmən baş məşqçi postuna təyin edilməməsi bəzi söyləntilərə yol açmışdı. Hətta konkret olaraq, Topaz Premyer Liqasının 6-cı turunda doğma meydanda “İnter”ə 3:1 hesabı ilə qalib gələn flaqmanı həmin matça Böyükağa Hacıyevin hazırladığı haqqında söz-söhbətlər dolaşmaqda idi. “Neftçi”yə rəhbərlik etdiyi dönəmdə məlum iddialara reaksiya verməyən Əhmədov susqunluğunu komandadan ayrıldıqdan sonra pozdu. “Ağ-qaralar”a rəhbərlik etdiyi dövrdə Böyükağa Hacıyevin onun işinə müdaxilə etdiyini, onu postundan uzaqlaşdırmağa çalışdığını deyən gənc mütəxəssis Hacıyevin Nazim Süleymanovun da işinə müdaxilə edəcəyini qeyd etmişdi.

Süleymanovun “xalq komandası”na təyinatı ərəfəsində klub prezidenti Sadıq Sadıqovun Böyükağa Hacıyevin komandaya mümkün dönüşünün müzakirə mövzusu olmadığını deməsi, eləcə də Nazim Süleymanovun baş məşqçi olduğu dövrdə Hacıyevin onun işinə müdaxilə etmədiyini dilə gətirməsi “Neftçi”də vəziyyətin düzəldiyini düşünənlərin sayını artırsa da, bir müddət sonra Tərlan Əhmədovun proqnozları dolayısıyla təsdiqini tapdı. Süleymanovun baş məşqçi olduğu vaxt komandanın bu gedişlə çempion ola bilməyəcəyini, kollektivdə əvvəlki motivasiyanın olmadığını dilə gətirən “zəif” ləqəbli çalışdırıcının Süleymanov üçün təzyiq vasitəsi olduğu asan proqnoza gələn məsələ idi.

Keçmiş baş məşqçinin klubda saxlanmasının Nazim Süleymanov üçün narahatlıq mənbəyi olması danılmaz idi. Bunun nəticəsi idi ki, Nazim Süleymanov ilə Böyükağa Hacıyevin problemsiz günləri uzun sürmədi. “Neftçi”də işə başladıqdan bir müddət sonra fiziki hazırlıq üzrə məşqçi Ruben Selyes Salvadoru AZAL-da birgə çalışdığı Gəray Qarayevlə əvəzləmək istəyən Süleymanova dolayısıyla Böyükağa Hacıyev mane oldu. Hətta gəzən şayiələrə görə, məşqçilər korpusuna yeni köməkçilər təyin etmək arzusunda olan Süleymanovun bu istəyi də ürəyində qalıb. Çalışdırıcıya köməkçi məşqçi qismində flaqmanın sabiq məşqçisi Bəxtiyar Musayevin təyinatı təklif olunsa da, Süleymanov “Xəzər Lənkəran”da rəhbərliyi altında oynamış və onunla problem yaşamış Musayevin gəlişinə razı olmayıb.

Nazim Süleymanovun istefa verdikdən sonra “Neftçi” rəhbərliyinin vədinə əməl etmədiyini və bu səbəbdən postundan getdiyini bildirdi. Süleymanovun sözlərinə görə, razılaşmaya əsasən qış fasiləsində yeni məşqçilər korpusu müəyyənləşməli, həminin komandaya yeni oyunçular cəlb olunmalıymış, amma sonda 49 yaşlı məşqçi rəhbərlikdən “yox” cavabı alıb. İndiki halda flaqmanın transferə ehtiyacı olduğu gün kimi aydındır. Bəs görəsən, komanda rəhbərliyi niyə Süleymanovun tələbini əsassız sayıb? Görünür, “Neftçi”yə “Məşqçi təmiz qalmaq istəyirsə, transfer işinə qarışmamaldır” kimi anlaşılmaz açıqlama verən Böyükağa Hacıyev kimi məşqçi lazımdır. Elə “zəif”in yenidən “xalq komandası”nın baş məşqçisi təyin olunması da belə düşünməyə əsas verir.

Əslində, “Neftçi”nin prezidenti Sadıq Sadıqov Böyükağa Hacıyevi postundan ümumiyyətlə uzaqlaşdırmaq fikirində deyildi. Amma “Skenderbeu” səddini keçə bilməyəcəyi halda istefa verəcəyini açıqlayan Hacıyev yenidən qayıtmaq üçün getməliydi. Rəhbərliyin Tərlan Əhmədovu istefaya göndərmək üçün bəhanə axtardığı da heç kimə sirr deyildi. Tərlan Əhmədova sırf “Xəzər Lənkəran”a Naxçıvandakı məğlubiyyətdən sonra etimadın bitdiyinə inanmaq södəlöhvlük olardı. Bu mütəxəssisə “Neftçi”də, ümumiyyətlə, etimad göstərilmirdi. Əks halda Premyer Liqada zirvədə qərarlaşan komandanın çalışdırıcısı Super kubokdakı məğlubiyyət üzündən istefaya göndərilməzdi. Elə Nazim Süleymanovun da sırf komandanın qazandığı nəticələrə görə klubdan ayrıldığını düşünmək olmur. Ölkə kuboku da nəzərə alınmaqla, "Neftçi"ni 9 oyuna çıxaran Süleymanov beş qələbə üç məğlubiyyət və bir heç-heçəyə imza atdı. Düzdür, bu statistika son üç ilin çempionu üçün qənaətbəxş deyil, amma “ağ-qaralar”ın liderdən cəmi iki xal geri qaldığı da unudulmamalıdır. Deməli, Hacıyevi postuna qaytarmaq üçün Süleymanovun istefasına zəmin yaratmaq lazım idi. Bunu da məşqçinin tələblərinə qarşılıq verməyərək yaratdılar. Maraqlıdır, görəsən Böyükağa Hacıyevin dönüşü “Neftçi”nin oyununda dönüş yaradacaq?

P.S. Görəsən, Böyükağa Hacıyevin gedişindən sonra boş qalan prezidentin müşaviri postuna kimsə təyin olunacaqmı?

Tural Məmmədov
AzVision.az




Teqlər:





Xəbər lenti