`Səhnələşdirilmiş Məhkəmə` müsabiqəsi keçirilir

`Səhnələşdirilmiş Məhkəmə` müsabiqəsi keçirilir
  19 Dekabr 2013    Oxunub:1760
Avropa Hüquqşünas Tələbələr Asossiasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə hüquqşünas tələbələr arasında “Səhnələşdirilmiş Məhkəmə Prosesi” müsabiqəsi keçirilir.
Təşkilatın akademik fəaliyyətlər üzrə vitse-prezidenti Könül Bədəlovanın verdiyi məlumata əsasən, layihənin əsas məqsədi hüquqşünas tələbələrin ali təhsil ocaqlarında aldıqları nəzəri bilikləri rəmzi məhkəmə prosesində tətbiq edərək, daha təkmil öyrənilməsinə, təcrübi biliklərə yiyənlənməsinə nail olmaq və eyni zamanda hüquqşünas tələbələrə ədalət mühakiməsi fəaliyyətinin tətbiqi ideyasını aşılamaqdan ibarətdir.

Layihə çərçivəsində tələbələr 2 nəfərlik heyətlə müxtəlif komandalarda iddiaçı, cavabdeh və onların nümayəndələri yerində çıxış edəcəklər. Müsabiqə iştirakçıları peşəkar ekspertlər tərəfindən hazırlanmış kazusları təhlil edərək öz rəmzi məhkəmə çıxışlarını hazırlayacaq və qarşılıqlı sual-cavab və təqdim edilmiş kazus üzrə sübutlarla çıxış edəcəklər.

Layihə çərçivəsində iştirakçılara iddia ərizəsinin yazılması, məhkəmə nitq mədəniyyəti, prosessual tərəflərin hüquq və vəzifələri, sübutlərin təqdim edilməsi və sübut növü kimi şahid ifadələrindən istifadə edilməsi barədə müxtəlif təlimlər keçiriləcəkdir. Layihədə hüquqşünas tələbələrlə yanaşı qeyri-hüquq ixtisaslı tələbələr də faydalana biləcəklər. Belə ki, onlar səhnələşdirilmiş prosesdə məhkəmə katibləri və təqdim edilmiş kazuslar üzrə şahidlər kimi iştirak edə bilərlər.

Könül Bədəlova həmçinin qeyd edir ki, 5-30 noyabr 2013-cü il tarixlərində elan olunmuş müsabiqə üzrə elektron qeydiyyat vasitəsi ilə 100-dən çox gəncimiz müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Müraciət edən gənc hüquqşünaslar müxtəlif kurslar üzrə olmaqla Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyasını təmsil edirdilər.

14-17 Dekabr tarixlərində müraciəti qeydə alınmış iştirakçılarla müsahibələr keçirilmiş və 23 komandada təmsil olunan 46 gənc hüquqşünas seçilmişdir. Gənclər fevral ayı ərzində adı qeyd edilən müxtəlif mövzular üzrə təlimlərdən keçəcək və real məhkəmə proseslərində müşahidəçi qismində iştirak edəcəklər. Mart-aprel aylarında səhnələşdirilmiş proseslər keçiriləcək və fərqlənən komandaların üzvləri dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.


Teqlər:





Xəbər lenti