Azərbaycanla Rusiya arasında ailə qalmaqalı
AzVision.az Pavel Astaxovun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanda yaşayan iki azyaşlı qız Rusiyada yaşayan analarına geri qaytarılıb. Məlumata görə bu ilin iyununda Marina B. öz iradələrinin ziddinə olaraq Azərbaycan vətəndaşı olan keçmiş əri tərəfindən vətənində saxlanılan övladlarının geri qaytarılması üçün quruma müraciət edib. Boşanan cütlük 2012-ci ildə övladlarına qəyyumluq edə bilmək üçün məhkəməyə müraciət edirlər.
Mordoviya Muxtar Respublikasının Tenquşev rayon məhkəməsinin qərarı ilə uşaqların anaları ilə qalmasına qərar verilir. Qərarı Azərbaycan Ali Məhkəməsi də təsdiqləyir. “Pavel Astaxov Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək azyaşlı uşaqların qaytarılması üçün diplomatik səylər göstərilməsini xahiş edib. Rusiya səfirliyinin əməkdaşları öz səalhiyyətləri çərçivəsində məsələ ilə bağlı müsbət nəticə əldə ediblər.
Diplomatik nümayəndəlikdə uşaqların sənədləri qaydasına salınıb. Moskvaya göndərilən uşaqlar tezliklə öz analarına təhvil verilib” –deyə Astaxovun mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Azərbaycanla Rusiya arasında imzalanan müqaviləyə əsasən ailə, mülki və cinayət işləri ilə bağlı prosedur və məhkəmə qərarları qarşılıqlı şəkildə tanınır.
Vüqar İsmayılov