“Çıraq” otelinin sahibinə 9 il iş verildi
Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. İşə hakim Rəşid Hüseynovun sədrliyi ilə baxılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsindən “Media forum” saytına verilən məlumata görə, məhkəmə prosesi oktyabrın 30-da yekunlaşıb. Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Emil Şəmdinov Cinayət Məcəlləsinin üç (126.2.4, 221.2.1 və 221.2.2-ci maddələr), Elməddin Məmmədov isə iki (221.2.1 və 221.2.2-ci maddələr) maddəsi ilə təqsirli bilinib.
Cinayət Məcəlləsinin həmin maddələrinin açımı belədir: 126.2.4-cü maddə - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq; 221.2.1-ci maddə - bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək; 221.2.2-ci maddə - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək.
Emil Şəmdinov və Elməddin Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən Şəki Apellyasiya Məhkəməsinə şikayət veriblər. Şikayətə hakim Rafael Əliyevin sədrliyi ilə baxılacaq.
Emil Şəmdinov İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı olub. Elməddin Məmmədov onun tanışıdır. Məhkəmənin qərarına görə, Emil Şəmdinov və Elməddin Məmmədov 2013-cü ilin yanvarın 23-də İsmayıllıda yerli sakinləri təhqir ediblər. İnsident böyüyərək kütləvi aksiyaya çevrilib, “Çıraq” oteli və müxtəlif markalı avtomobillər yandırılıb. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələb olunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
İsmayıllı olaylarına görə ümumilikdə 18 nəfər təqsirləndirilən şəxs qismində saxlanılıb və onların barəsində həbs qətimkan tədbiri seçilib. Emil Şəmdinov və Elməddin Məmmədovun işi təqsirləndirilən digər şəxslərin işindən ayrılıb. İsmayıllı olaylarına görə təqsirləndirilən qalan adamların (onların arasında “Yeni Müsavat” qəzetinin əməkdaşı, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov da var) işinə də Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Hələlik onların məhkəməsi yekunlaşmayıb.
İsmayıllı olaylarının istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.