“Mən bu oyunun içində olmaq istəmirəm” - MÜSAHİBƏ

 “Mən bu oyunun içində olmaq istəmirəm” - MÜSAHİBƏ
  30 Noyabr 2013    Oxunub:1969
“Space” telekanalının “Günaydın” verilişinin aparıcısı Ramal Hüseynov verilişdəki cin əməliyyatına görə aparıcılıqdan imtina etməsi ilə bağlı iddiaları cavablandırıb.
O, AzVision.az-a müsahibəsində bu iddiaların doğru olduğunu deyərək, verilişdən imtina etməsinə aydınlıq gətirib.

- Space telekanalında aparıcısı oldğunuz verilişdən canlı efirdə “cin çıxarma” əməliyyatına görə imtina etdiyiniz deyilir. Bu iddialar nə qədər doğrudur?

- Bəli, doğrudur. Layihə başlayanda biz belə danışmamışdıq. Yəni, bu mövzular, reytinq xətrinə olan mövzular bu səviyyəyə qaldırılmamalı idi. Biz də gördük ki, artıq vəziyyət dəyişir, ona görə də verilişə çıxmaqdan imtina etdik.

- Veriliş başlamazdan əvvəl cin çıxardanın qonaq olacağını bilirdiz?

- Mən öz adıma danışıram. Veriliş bitən kimi çıxıb gedirəm, veriliş başlamadan 5-10 dəqiqə gəlirəm. Gələndə mənə xəbər verilir ki, mövzu nədir və kimlər qonaq kimi iştirak edəcək. Biz də bilirik ki, bu adam efirə çıxacaq. Həmin anda inkar edib efirə çıxmamaq olmur. Ən azından gərək heç kimi pis vəziyyətdə qoymayasan. İnsan fikirləşir ki, müzakirə edərik, bu səviyyəyə gəlməz. Çağırılan qonaqlardan, onların danışacağı şeyləri prodüsser və redaktor həll edir. Verilişin içində belə şey olacağını gözləmirdim. Bir dəfə, iki dəfə olur, üçüncü dəfədə məcbur olursan ki, heç kimə demədən verilişdən imtina edəsən. Canlı veriliş gedərkən imtina edib getmək olmur, etik deyil. Bu, layihəyə ziyan vurmaqdır. Çalışırsan ki, bir az mübarizə aparasan, dərhal getmək çıxış yolu deyil. Artıq görəndə ki, alınmır, heç nə edə bilmirsən, onda getməyə məcbur olursan.

- Rəhbərlik bu etirazınızı necə qarşıladı?

- Rəhbərlik bilmirdi. Mən gecə qərar verdim və onlara yazdım. Digər aparıcı ilə danışıb ona fikrimi bildirdim. O da mənlə eyni fikirləri bölüşdü, dedi ki, sən getmirsənsə mən də getmirəm. İkimiz də eyni qərarı verdik və gecə rəhbərliyə fikrimizi bildirdik. Onların da zamanı az olduğundan təzə aparıcı tapa bilməzdilər, ona görə də efirə köhnə verilişlərimizdən birini verirlər. Birinci gün yəqin ki, özləri aparıcı tapıb efirə çıxararlar.

- Bundan sonra həmin verilişin aparıcısı siz olmayacaqsız...

- Yox, qətiyyən. Biz artıq bu oyunun içində olmaq istəmirik.

- Veriliş “Soy” prodakşının layihəsidir və onun rəhbəri Oqtay Əliyev bu məsələ ilə bağlı mətbuata açıqlama verib. O açıqlama ilə tanışsız?

- Hamı kimi mən də onun açıqlamasından bir şey anlamadım. Gah deyir ki, aparıcılar peşəkardır, amma digər tərəfdən də deyir ki, qısamüddətli müqavilə bağlamışıq. Buna kimsə inandı? Yaxud da bunu kimsə başa düşdü? Adətən belə müqavilə olanda aparıcılar buna qol çəkir. Mənim belə imzalı müqaviləm varsa, çıxartsın versin mediaya, hamı da görsün. İkincisi müqavilə o halda imzalanır ki, artıq prodüsserlər qərar verir ki, bu aparıcılarla bu layihəni başlayacağıq. Ondan sonra müqavilə bağlanır ki, ya 6 ay, ya da 1 il bu aparıcı bizimlə işləyəcək. Canlı efir ola-ola sınaq olmur. 5 aydır ki, biz bu verilişi hazırlayırıq. 5 ay ərzində onlar artıq qərar verməli idi ki, bu aparıcılar bizim işimizə yarayır yoxsa yox. Bir həftə efirə əvvəldən yazılmış verilişlə çıxmışıq. Ondan əvvəl məşqlər etmişik. Son bir aydır ki, hər gün canlı efirə çıxırıq. İndi qərar verdilər ki, biz yararsızıq və müqaviləmiz pozulsun? Gülməli şeylər danışırlar. Əgər belə idisə niyə 5-ci gün efirə təzə aparıcı ilə deyil, bizim verilişin təkrarı ilə çıxdılar? Əgər onlar bizi çıxarmışdısa, deməli aparıcı tapıb sonra bizi çıxarmalı idilər. Efiri boş saxlaya bilməzdilər. Özləri verdikləri açıqlamaya inanır görəsən?

- Layihəyə başlayanda sizə demişdilər ki, sizinlə sınaq müddətində çalışacaqlar?

- Xeyr. Belə bir danışıq olmayıb. Məşqlər olub, bir həftə veriliş efirə əvvəldən yazılmış çıxıb, o müddət ərzində qərar verməli idilər ki, bizimlə işləyəcəklər, yoxsa yox. Ondan sonra neçə müddətdir ki, biz canlı efirə çıxırıq. Bu, ilk veriliş, deyil ki. Elə açıqlama vermək lazımdır ki, inandırıcı olsun. Bizim getməyimiz istənilən halda yaxşı addım deyildi, amma məcbur qalandan sonra bundan başqa çıxış yolu olmur. Ona görə də demək istəyirəm ki, yalan-yanlış açıqlama vermək lazım deyil. Gərək hər şey doğruları əks etdirsin. Yalan məlumatlar verib insanları çaşdırmaq və özlərinə güldürmək lazım deyil.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti