II `Şərq tərəfdaşlığı` biznes forumu keçirildi

II `Şərq tərəfdaşlığı` biznes forumu keçirildi
  29 Noyabr 2013    Oxunub:1357
Şahin Mustafayev: Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, noyabrın 28-də Litvanın paytaxtı Vilnüs şəhərində II "Şərq tərəfdaşlığı" biznes forumu keçirilib.

İqtisadsiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə "Şərq tərəfdaşlığı"na üzv ölkələrin dövlət rəsmiləri və Avropa İttifaqının nümayəndələri çıxış edərək biznes forumun üzv ölkələrin hökumətləri və biznes dairələri arasında əməkdaşlığın inkişafına geniş imkan yaratdığını qeyd edib, "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində görülmüş işlər barədə məlumat veriblər. Tədbir çərçivəsində biznes üçün yeni imkanlara, Şərq və Qərb əlaqələrinə dair iclaslar da keçirilib.

Biznes forumda Azərbaycanı təmsil edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev sualları cavablandırıb. "Avropa İttifaqı ilə iqtisadi əməkdaşlıq Azərbaycana nə kimi təsir göstərir və gələcəkdə daha dərin əməkdaşlıq üçün hansı perspektivlər vardır" sualına cavabında Ş.Mustafayev bildirib ki, Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biridir:
"Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinə, 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə "Şərq tərəfdaşlığı" təşəbbüsünə əsaslanır. Hazırda Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 41%-dən çox olub. Bu ilin 10 ayında isə Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb və ümumi ticarət dövriyyəsindəki payı 43%-i keçib. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 10 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə 1122 Avropa şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Avropa İttifaqının bir çox ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 13 ölkə ilə hökumətlərarası komissiya yaradılıb".

Nazir qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "2006-cı ildə enerji üzrə strateji əməkdaşlığa dair anlaşma memorandumunun və 2011-ci ildə "Cənub Qaz Dəhlizi"nin təsis edilməsinə dair Birgə Bəyannamənin imzalanması, həmçinin Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Cənubi Qafqaz boru kəməri kimi mühüm transmilli layihələrin həyata keçirilməsi, Trans-Anadolu və Trans-Adriatik təbii qaz boru kəmərlərinin inşası ilə bağlı qərarların qəbul edilməsi bu istiqamətdə əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. Ölkədə inkişafın davamlılığının təmin edilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və özəl sektorun inkişafı, sosial siyasət əsas prioritetlərimizdir".
Ş.Mustafayev bildirib ki, Azərbaycan bundan sonra da Avropa ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək, qabaqcıl Avropa təcrübəsini tətbiq etmək, birgə ikitərəfli və regional layihələr həyata keçirmək niyyətindədir.

"Xüsusilə, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi sahəsində Azərbaycan hökumətinin gələcək addımları nədən ibarətdir və Avropa İttifaqı ilə daha sıx əlaqələr böyük həcmdə xarici sərmayələrin axınına xidmət edəcəkmi" sualına cavabında isə iqtisadiyyat və sənaye naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 156 milyard ABŞ dolları həcmində investisiya qoyulub ki, bunun da təqribən yarısı xarici investisiyalardır: "Ümumi investisiyaların 65%-i qeyri-neft sektoruna yönəldilib. 2008-ci ildən başlayaraq qeyri-neft sektoruna xarici investorlar tərəfindən yatırılmış investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaları üstələyib. Belə ki, son 5 ildə qeyri-neft sektoruna qoyulan xarici investisiyalar neft sektoruna qoyulan investisiyaları hər il orta hesabla 17% qabaqlayıb. Təkcə 2012-ci ildə qeyri-neft sektoruna yatırılan xarici investisiyaların həcmi neft sektoruna qoyulan investisiyaların həcmindən 25% çox olub. Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayə qoyan ölkələr arasında Avropa Birliyi ölkələrinin payı 36,5% təşkil edir. Bunlar əsasən Böyük Britaniya, Niderland, Almaniya, Fransa və İtaliyadır".

Nazir deyib ki, 2020-ci ilə qədər Azərbaycan qeyri-neft sektorunun ÜDM-dəki payını 80%-dək artırmaq niyyətindədir: "Bu məqsədlə heç şübhəsiz ki, xarici investiyalardan da istifadə olunacaq. Ölkəmizdə investisiya qoyuluşu üçün prioritet sahələr kimya sənayesi, kənd təsərrüfatı, İKT və turizmdir. Azərbaycanda investisiya qoyuluşu üçün əlverşli şərait yaradılmışdır, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Azərbaycanda sabitlik, o cümlədən makroiqtisadi sabitlik mövcuddur, ölkə qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırlır, inzibati prosedurlar sadələşdirilir, şəffaf mexanizmlər tətbiq olunur, "elektron hökumət"in tətbiqi üçün zəruri tədbirlər görülür. Azərbaycan əlverişli coğrafi-iqtisadi mövqeyə, tranzit imkanlarına malikdir və genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir".

Ş.Mustafayev əlavə edib ki, Avropa İttifaqının 20 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırıması, 17 ölkə ilə isə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Bütün bunlar isə gələcəkdə də Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşuna və qeyri-neft sektoru sahəsində əlaqələrimizin genişlənməsinə imkan verəcəkdir.


Teqlər:





Xəbər lenti