“Bu cür hadisələr digər ölkələrdə də baş verir” - Nigar Arpadarai

“Bu cür hadisələr digər ölkələrdə də baş verir” -  Nigar Arpadarai
  27 Aprel 2019    Oxunub:4076
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə birinci sərbəst yürüş zamanı bolidin drenaj qapağına toxunması ilə bağlı məsələyə aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı təşkil olunan mətbuat konfransında bildirib ki, bu cür hadisələr digər ölkələrdə keçirilən Qran-Prilərdə də baş verir

Onun sözlərinə görə, BŞH treki hazır vəziyyətə gətirirdikdən sonra Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil verir: “FIA-nın mütəxəsisləri treki yoxlayıb, qərar verdikdən sonra yarış keçirilir. Yəni FIA-nin icazəsi və qərarı olmadan heç bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə isə, illərlə Formula 1 yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib”.

N.Arpadarai vurğulayıb ki, belə hadisə əsasən yerli auditoriyada müzakirəyə səbəb olub: “Xarici tamaşaçılar bunu normal qəbul edib, hətta xaricilər maraqla qarşılayıblar. Hətta bildirirlər ki, Azərbaycanda keçirilən test yürüşü Çin Qran-Prisindən daha maraqlıdır”.

Mətbuat konfransında iştirak edən BŞH-nın yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer deyib ki, hadisə baş verəndən dərhal sonra FIA mütəxəsisləri ilə birgə əraziyə baxış keçirilib: "FIA mütəxəsisləri ilə 3 toplantı olub, trekdə olan bütün lyuk qapaqları yenidən yoxlanılıb, eyni zamanda digər təhlüksizlik tədbirləri nəzərdən keçirilib. Beynəlxalq qurum bizim 16 saat ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib".

T.Butçer əlavə edib ki, ümumilikdə FIA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur və pilotlardan da heç bir narazılıq eşidilməyib.

Qeyd olunub ki, lyuk qapağının bolidə toxunması nəticəsində “Williams”a dəymiş ziyan kompensasiya tələb olunarsa, sığorta şirkəti tərəfindən ödəniləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: BŞH   Formula1   AzerbaijanGP  





Xəbər lenti