Vətəndən ayrı düşən “Qərib azərbaycanlılar...”

Vətəndən ayrı düşən “Qərib azərbaycanlılar...”
  19 Noyabr 2013    Oxunub:3582
“Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”

Əsrlərin süzgəcindən keçən bu ifadə hər bir azərbaycanlının ən şərəfli arzusu, əm ümdə istəyidir. Harada yaşamasından asılı olmayaraq doğma torpağına cani könüldən bağlı olan insanların məhz sonuncu missiyası haq dünyasına vətənində qovuşmaq, son məzara böyüyüb boya-başa çatdığı torpaqdan yollanmaqdır. Bəzən tale elə gətirir ki, bu arzular heç də həmişə çin olmur.

Tarixin səhifələrini vərəqləyək..

Azərbaycan üçün əlindən gələni edən bir çox tanınmışlar, dövlət xadimləri var ki, onların məzarlarının harada yerləşməsindən əksəriyyət xəbərdar deyil. Baxmayaraq ki, bu şəxslərin adlarını əzbərdən bilirik və onlar haqda kifayət qədər bilgiyə malikik.

Təəssüf ki, son mənzilə qərib ölkədə yollanan xeyli sayda dünya şöhrətli azərbaycanlı var..

AzVision.az kiçik araşdırma apararaq, qəbirləri qürbətdə olan şəxsləri oxuculara təqdim edir.

Sabiq xarici işlər nazirimiz Əlimərdan bəy Topçubaşov

Azərbaycan Xalq Cümhuriyyətinin ilk (AXC ) xarici işlər naziri, ictimi siyasi xadim Əlimərdan bəy Topçubaşov da vətəndən ayrı düşüb.

1934-cü ilin noyabrında 5-də Parisin Sen-Deni rayonunda vəfat edən tanınmış şəxsiyyətin məzarı Müqəddəs Kloud qəbristanlığındadır.

Yazıçı, jurnalist, tərcüməçi Ceyhun bəy Hacıbəyli 51 il bundan əvvəl, 1961-ci ildə Fransada vətən həsrəti ilə gözlərini əbədi yumub. O, Parisin Sen-Kulu qəbiristanlığında torpağa tapşırılıb.

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam”

Dahi Azərbaycan şairi, mütəfəkkir İmaməddin Nəsiminin nəşi Suriyanın Hələb şəhərindədir. Əksəriyyət onun məzarının Azərbaycana gətirilməsini vacib sayır.

II Dünya müharibəsində Аzərbаycаn lеgiоnunun bаşçısı Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski də vətəndən ayrı düşən tanınmış azərbaycanlılardandır.

Almaniyada torpağa tapşırılan Düdənginskinin məzarı hazırda Almaniyanın Münhen şəhərində yerləşir.

Görkəmli orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin məzarı doğulduğu Kərbəla şəhərindədir.

Azərbaycan dramaturgiyasının banisi və 6 komediyanın müəllifi Mirzə Fətəli Axundov

Dramaturq 1878-ci ildə Tiflisdə vəfat edib. O Tiflis botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.

"Gəncəli müdrik" kimi tanınan və M. Fətəli Axundovun dəfn edildiyi qəbirstanlıqda məzarı yerləşən Mirzə Şəfi Vazeh 1852-ci ildə noyabr ayının 16-da Tiflisdə vəfat edib.

Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur. Tiflisdəki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbristanlığı müharibədən sonra köçürülərkən onun həmvətənlərindən heç kim bu böyük şairin ruhunun incidilməsinə etirazını bildirmir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (AX C ) daxili işlər naziri olan Fətəli xan Xoyski19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Erkayan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib. 93 ildir ki, məzarı Tiflisdə yerləşir.

Üçrəngli bayrağımızı təcəssüm etdirən məfkurənin yaradıcısı, türkçülük, islamçılıq və avropalaşma (müasirlik) ideyasının müəlifi, “Füyuzat” jurnalının baş redaktoru Əli bəy Hüseynzadənin və həmkarı, dostu Əhməd Bəy Ağaoğlunun qəbirləri də Türkiyədədir.

"Bir kərə yüksələn bayraq, bir daha enməz” sözü ilə tarixdə qalan görkəmli dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC ) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin məzarı 58 ildir ki, qardaş Türkiyədədir.

1955-ci ilin martında vəfat edən siyasi xadimin qəbri Ankara şəhərindəki Əski məzarlığında yerləşir.

İctimai-siyasi xadim, publisist, Nəriman Nərimanov 1925-ci ildə müəmmalı şəkildə ölüb və Moskvada Kremlin divarları yaxınlığında dəfn edilib.

Sovet dönəminin bir çox kommunist liderlərinin və dövlət xadimlərinin dəfn olunduğu bu məzarlığın Moskva həndəvərlərindəki yeni Federal Hərbi Memorial Qəbiristanlığa köçürülməsi nəzərdə tutulur. Bu səbəbdən də hazırda N. Nərimanovun məzarının Bakıya gətirilməsi haqda fikirlər, təkliflər səslənməkdədir..

Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov 2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat edib. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub.

Mərhumun qızı Nərimanbəyovun cənazəsinin Azərbaycana gətirilməsinə çalışsa da, rəssamın Parisdəki həyat yoldaşı buna imkan verməyib.

41 ildən sonra nəşi Azərbaycana gətirilən repressiya qurbanı Şair-dramaturq Hüseyn Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci il tarixində ildə İrkutsk vilayətində həlak olub.

Şairin nəşi sabiq prezident Heydər Əliyevin səyi nəticəsində sənnətkarın 100 illik yubileyi ərəfəsində 1982-ci ildə İrkutskdan Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti