BVF nümayəndə heyəti ilə görüş

BVF nümayəndə heyəti ilə görüş
  14 Noyabr 2013    Oxunub:1513
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib.
Bu gün vergilər nazirinin müavini Sahir Məmmədxanov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

AzVision.az xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlər müzakirə olunub, 2013-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, cari ilin dövlət büdcəsinin gəlirlər hissəsinin icrası və 2014-2015-ci illər üzrə dövlət büdcəsinin müvafiq proqnoz göstəriciləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər cari ildə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin büdcə gəlirlərinə təsiri, "Ödəniş xidmətləri haqqında" qanun layihəsinin nağdsız hesablaşmaların həcminin artırılmasında gözlənilən rolu, eləcə də qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artırılması istiqamətində aparılan işləri müzakirə ediblər.

S.Məmmədxanov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev hökumət qarşısında qeyri-neft sektorunun daha böyük sürətlə inkişaf etdirilməsi, cari büdcə xərclərinin əsasən vergi daxilolmaları hesabına təmin edilməsi kimi mühüm vəzifə müəyyən edib. Ölkənin qarşıdakı il üçün sosial-iqtisadi proqnoz göstəriciləri Azərbaycan iqtisadiyyatındakı mövcud inkişaf templərinin davam edəcəyini, xüsusilə də qeyri-neft-qaz sektorunda əsaslı artımın müşahidə ediləcəyini göstərir. Nazir müavini bildirib ki, qarşıdakı ildə vergi sistemində və vergi inzibatçılığında islahatların aparılması prosesi davam etdiriləcək, vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrinin genişləndirilməsi həyata keçiriləcək.

Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi inkişafı qeyd edən missiya rəhbəri R.Almarzoqi hökumətin qeyri-neft gəlirlərinin artırılması və qeyri-neft sektorunun davamlı inkişafı sahəsində əldə olunan nailiyyətlərini müsbət qiymətləndirib, vergi sistemində aparılan islahatların əhəmiyyətini, elektron xidmətlər sahəsinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.


Teqlər:





Xəbər lenti