Ötən il miqrasiya sahəsində görülən işlər - HESABAT (VİDEO+FOTOLAR)

  Ötən il miqrasiya sahəsində görülən işlər -    HESABAT (VİDEO+FOTOLAR)
  11 Yanvar 2019    Oxunub:13259
Dövlət Miqrasiya Xidmətində (DMX) kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir.
Azvision.az xəbər verir ki, konfransı giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açaraq Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini, ölkəmiz bütün sahələrdə, həm iqtisadi, həm beynəlxalq siyasət sahəsində möhtəşəm nailiyyətlərə imza atdığını bildirib.



Qeyd edib ki, ötən il Prezident cənab İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, STAR Neft Emalı Zavodunun açılışı, Azərbaycanın sayca üçüncü peyki "Azerspace - 2”-nin orbitə buraxılması ilə böyük layihələrin gerçəkləşməsi dövr kimi xüsusilə əlamətdar olub.

Xidmət rəisi vurğulayıb ki, dövlət rəhbərliyinin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda əlverişli biznes və investitsiya mühiti yaradılıb, sahibkarlar təbəqəsi formalaşıb, qeyri-neft sektorunun, xüsusilə turizmin ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artıb. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son illərdə ölkəmizə səfər edən şəxslərin sayının artması dinamikası davam edir. Vüsal Hüseynov söyləyib ki, bugün Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir.



DMX rəisi bildirib ki, Dövlət Miqrasiya Xidməti hesabat dövründə miqrasiya sahəsində vahid dövlət siyasətinin formalaşdırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyi və milli maraqlarını qorumaqla miqrasiya proseslərinin günün tələbləri səviyyəsində innovativ metodlarla tənzimlənməsi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi və tətbiqinin təşkili, miqrasiya orqanlarına kadrların müsabiqə və şəffaflıq əsasında seçilməsi, əmək ehtiyatlarından düzgün və faydalı istifadə olunması, tənzimlənməyən miqrasiya proseslərinin qarşısının alınması və neqativ təsirinin aradan qaldırılması, miqrantların öz hüquqlarını həyata keçirmələri üçün şəraitin yaradılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi vəzifələrini müvəffəqiyyətlə yerinə yetirib.

Bununla yanaşı, ötən dövr ərzində Xidmətin beynəlxalq əlaqələri, o cümlədən müqavilə hüquq bazası genişləndirilib, eləcə də ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bu sahədə əldə edilən uğurlardan biri miqrasiya sahəsində əməkdaşlığa dair hökumətlərarası müqavilə olan “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş"in 19 noyabr 2018-ci il tarixdə imzalanması olub.



Hazırda isə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquqi çərçivədə tənzimlənməsi ilə bağlı readmissiya sazişləri və bu Sazişlərin həyata keçirilməsi üzrə protokollar, o cümlədən xarici dövlətlərin miqrasiya orqanları ilə əlaqələrin gücləndirilməsi məqsədilə miqrasiya sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişlər daxil olmaqla, 30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq, gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır.

Eyni zamanda, əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması və Xidmətə edilən müraciətlərə, həm də olduğu yer üzrə qeydiyyata sərf ediləcək vaxtın minimuma endirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi – MİGAZ geniş ictimaiyyətə təqdim olunub. MİGAZ- Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi MilliNet-2018 müsabiqəsində "Elektron hökumət və maliyyə-bank mobil tətbiqi" nominasiyasında 3-cü yerə layiq görülüb.Həmçinin əcnəbilərə göstərilən elektron xidmətlərin sayı artırılaraq 11-dən 14-ə çatdırılıb.



Ötən dövr ərzində “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmənin nəticələrinə dair hesabata əsasən mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də bəzi dəyişiklik edilib. Bu dəyişikliklər ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.
Bundan başqa 2018-ci ildə Xidmətin fəaliyyət imkanları genişləndirilərək, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb.



Xidmət rəisi DMX-nın fəaliyyəti barədə maarifləndirmə və məlumatlandırma işinin təşkilinə xüsusi əhəmiyyət verildiyini qeyd edib. Miqrasiya ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması məqsədilə oktyabrın 10-dan “ASAN Radio”da ilə yeni layihəyə - hər həftənin çərşənbə günü “Miqrasiya saatı” verilişinin yayımına start verilib. Miqrasiya qanunvericiliyi ilə bağlı ölkənin 10 ali təhsil ocağında, eləcə də Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 47 maarifləndirmə-məlumatlandırma tədbiri, 20 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edilib. Bundan başqa Yeni il ərəfəsində ölkəmizə gələn əcnəbilərin sayında əhəmiyyətli artımın olması nəzərə alınaraq, dekabrın 15-dən yanvarın 15-dək davam edəcək məlumatlandırma aylığına başlanılıb. Kampaniya iki istiqamətdə - videoçarxlar vasitəsilə ümumi maarifləndirmə və ünvanlı qaydada əcnəbilərin özlərinə məlumatların verilməsi üzrə aparılır. Kampaniya çərçivəsində Azərbaycan, rus və ingilis dillərində 40000 flayer çap edilib. Bu flayer əcnəbilərə “Heydər Əliyev Beynəlxalq Aeroportunda”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, 189 Taksi, Park Bulvar, Dəfnə-Dalida restoranlar şəbəkəsində təqdim edilir.

Xidmət rəisi söyləyib ki, bu gün respublikada özəl sektora və sahibkarlığa dövlət dəstəyinin gücləndirildiyi bir vaxtda Dövlət Miqrasiya Xidməti də səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə ilə işə götürənlərlə mütəmadi görüşlər keçirilir. Ötən il ümumilikdə 800-ə yaxın sahibkarın iştirakı ilə 7 görüş keçirilib. Biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə “ASAN viza” sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib.



Vüsal Hüseynov 2018-ci il üzrə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə dair əsas statistik rəqəmləri media nümayəndələrinin diqqətinə çatdırıb.
Bildirib ki, 2018-ci il ərzində 2.845.697(2017-cı ilin müvafiq dövründə 2.692.219) əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir.

Xidmət rəisi diqqətə çatdırıb ki, hesabat dövründə 740.841(2017-cı ilin müvafiq dövründə 749.732 ) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82953 müraciət daxil olub. Hesabat dövründə 41.030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib. (2017-cı ilin müvafiq dövründə 42.232 nəfərə müvəqqəti yaşama, 3073 nəfərə daimi yaşama, 8725 nəfərə iş icazəsi).
V.Hüseynov vurğulayıb ki, əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Hesabat dövründə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19.210(2017-cı ilin müvafiq dövründə 21.678) qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələbələrini pozmuş şəxslərin sayında 11 % azalma deməkdir.



Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 27509 (2017-cı ilin müvafiq dövründə 31507) müraciət daxil olub.
Xarici ölkələrdən Azərbaycan Respublikasına 464vətəndaşın readmissiyası həyata keçirilib.

Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16% artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı 78 nəfərdir (47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə). (2017-cı ilin müvafiq dövründə (44 nəfər ərizəçi 23 nəfər ailə üzvü ilə birlikdə) 67 nəfər olub).

"Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı 103.741 (2017-cı ilin müvafiq dövründə 107.172) olub. Dövlət Miqrasiya Xidməti rəisinin vətəndaş qəbuluna gələnlərin sayı 650nəfər olub. Xidmət rəisi qarşıda görüləcək işlər barədə də ətraflı məlumat verib. Sonda Xidmət rəisi media nümayəndələrinin suallarını cavablandırıb.

Elvin Abdulqədirov
FOTO: Şahin Sərdarov

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   Hüsal-Hüseynov   DMX   Konfrans  





Xəbər lenti