Gömrük daşımaları sadələşdirildi

Gömrük daşımaları sadələşdirildi
  06 Noyabr 2013    Oxunub:5893
Gömrük daşımalarının sadələşdirilmiş qaydaları təsdiq edilib.
AzVision.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki Baş nazir Artur Rasizadə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalara əsasən, fiziki şəxslər tərəfindən daşınan, istehsal və ya kommersiya istifadəsi üçün nəzərdə tutulmayan malların (əgər onlardan aksiz vergisi tutulmursa) ümumi məbləği 1,5 min ABŞ dolları ekvivalentindən artıq deyilsə, həmin mallar sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər (gömrük rüsumu tutulmur). Yetkinlik yaşına çatmayan hər bir müşayiət edən şəxs üçün 500 ABŞ dolları ekvivalenti həcmində əlavə məbləğ müəyyənləşdirilib.

18 yaşına çatmış hər bir fiziki şəxsin maksimum 3 litr alkoqollu içki və 600 ədəd siqareti maneəsiz olaraq gömrük sərhədindən keçirmək hüququ var.

Bundan başqa, təsdiq edilmiş qaydalara əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar da rüsumlardan azad edilir.

10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla) və 125 qrama qədər nərə cinsli balıq kürüsü sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə bilər.

Avtonəqliyyat vasitələr, 1500 ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar, 10 000 ABŞ dolları ekvivalentindən artıq valyuta və qiymətli kağızlar və gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir.

Nazirlər Kabinetinin qərarı dərc edildiyi 13 noyabr 2013-cü il tarixindən 30 gün sonra qüvvəyə minir.


Teqlər:  





Xəbər lenti