Beynəlxalq Avrasiya Mətbuat Fondundan məcburi köçkünlərə dəstək

Beynəlxalq Avrasiya Mətbuat Fondundan məcburi köçkünlərə dəstək
  05 Noyabr 2013    Oxunub:1396
Beynəlxalq Avrasiya Mətbuat Fondu məcburi köçkünlərlə bağlı layihənin icrasına başladı.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin Məcburi Köçkünlər və Miqrasiya Bürosunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində məcburi köçkünlərin daha sıx məskunlaşdığı Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında yeni layihənin icrasına başlayıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. U.Rəhimoğlu deyib ki, “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi bir il davam edəcək.

Layihənin məqsədi məcburi köçkünlərə müvafiq xidmətlər göstərən QHT-lərin və icma əsaslı təşkilatların təlimlər və digər tədbirlər vasitəsilə potensialının gücləndirilməsi, maliyyə və qeyri-maliyyə xidmətlərinin təmin olunması vasitəsilə məcburi köçkünlərin peşə bacarıqlarının artırılması, biznesin inkişafına dəstək olmaqla sosial şəraitlərinin yaxşılaşdırılması, müxtəlif mədəni tədbirlərin və ya görüşlərin keçirilməsi ilə məcburi köçkün və məcburi köçkün olmayan şəxslər arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsidir.

U.Rəhimoğlu bildirib ki, Azərbaycan Hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması istiqamətində xeyli işlər görüb. Əldə olunan uğurlarda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının fəaliyyətini xüsusi vurğulayan U.Rəhimoğlu məcburi köçkünlərin sosial reinteqrasiyası, onların peşə vərdişlərinin gücləndirilməsi, yeni salınmış qəsəbələrdə iş yerlərinin artırılması, xüsusən ailə başçısını itirmiş kimsəsiz qadınların hələ də köməyə ehtiyacları olduğunu bildirib.

U.Rəhimoğlu dedi ki, bu məqsədlə layihə çərçivəsində qeyd edilən rayonların hər birindən bir QHT ilə işləyəcəyik. Məcburi köçkünlərə hüquqi yardımın göstərilməsi məqsədi ilə konsultasiya mərkəzlərinin yaradılması, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, icmanın səfərbər olması üçün sessiyaların keçirilməsi, məcburi köçkünlərə kömək üçün əlaqələndirmə-kommunikasiya mexanizmlərinin inkişaf etdirilməsi, onların peşə vərdişlərinin artırılması, kiçik biznesin yaradılması və inkişaf etdirilməsi istiqamətində təlimlərin keçirilməsi, məcburi köçkünlərlə yerli icma sakinləri arasında reinteqrativ işlərin aparılması, problemlərin aradan qaldırılması üçün yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə ümumşəhər görüşləri təşkil olunacaq. Daha sonra peşə təlimlərini başa vurmuş məcburi köçkünlərə kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə güzəştli mikrokreditlər təklif ediləcək. Bu məqsədlə “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı tərəfindən qiymətləndirmə aparılacaq. Bir il davam edəcək layihə çərçivəsində ailə başçısını itirmiş, aztəminatlı məcburi köçkün ailələrin kiçik və orta biznes sahələri yaradılacaq.

Layihənin hazırlanmasına dəstək vermiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onun son qiymətləndirilməsi və monitorinqini həyata keçirəcək.


Teqlər:  





Xəbər lenti