Balakənin aqrar uğurları

Balakənin aqrar uğurları
  03 Noyabr 2013    Oxunub:1540
Bu gün Balakən şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Məhsul bolluğu bayramı” keçirildi.
Artıq ikinci dəfədir ki, qeyd olunan bu bayram aqrar sahədə qazanılan uğurları təbliğ və nümayiş etdirmək, məhsul istehsalçılarını daha böyük qələbələrə, nailiyyətlərə ruhlandırmaq məqsədi daşıyır.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar, tədbir iştirakçıları bayramsayağı bəzədilmiş parkda təşkil olunan kənd təsərrüfatı məhsullarının sərgiləri ilə tanış olub, yun darayan, ip əyirən, xalça toxuyan xanımların əl işlərinə baxıb, ayrı-ayrı kəndlərin hazırladıqları bayram süfrələrinə qonaq olub, Balakən mətbəxinə aid təamları dadıblar.

Sərgilərdə nümayiş olunan arıçılıq, ət, süd, tərəvəz məhsulları, rayon üçün xarakterik olan meyvələr, o cümlədən xurma, qoz, fındıq, habelə “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsulları sərgilənib.

Folklor və rəqs kollektivlərinin çıxışları, kəndirbazların məharəti, kəndir dartma, qarğıdalı dəni açma və digər əyləncəli yarışlar bayramın ab-havasına xüsusi rəng qatıb.



Bayram iştirakçıları Balakən mətbəxi üçün xarakterik olan süd çörəyinin – maxaranın, buğda və qarğıdalı unundan təndir çörəyinin bişirilməsi prosesini izləyib, bu gün də rayonun kəndlərində keçirilən ənənəvi qarğıdalı təmizlənməsi və yun daranması iməcilikləri ilə əyani şəkildə tanış oldu.

Tərəvəzi, xurması, meyvəsi, qoz-fındığı ilə məşhur olan Balakən rayonu bu gün özünün ən gözəl günlərini yaşayır. Cari ilin doqquz ayında rayonda 47,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 milyon manat artıb. Fermerlər qarğıdalı əkilmiş 7 min 61 hektar sahədən bu günədək 40 min tondan artıq məhsul əldə edib və məhsul yığımı davam edir. Ət, süd, yumurta, yun və digər növ kənd təsərrüfatı məhsulları istehsalı da əvvəlki illə müqayisədə xeyli artıb.

Tədbirin gedişində xüsusi olaraq bayram üçün hazırlanmış böyük tort kəsilərək iştirakçılara paylandı.

Bayram tədbiri maraqlı konsert proqramı ilə başa çatdı.


Teqlər:





Xəbər lenti