Dövlətdən sahibkarlara dəstək gələcək

Dövlətdən sahibkarlara dəstək gələcək
  02 Noyabr 2013    Oxunub:1393
Azərbaycan İşəgötürənlər Konfederasiyası sahibkarlara kömək məqsədilə bir sıra tədbirlər həyata keçirəcək.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir. AzVision.az xəbər verir ki, bu barədə cümə günü Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəsmi mətbuatda dərc edilən məqaləsində deyilir.

Məqalədə qeyd olunur ki, 2013-cü ilin 9 ayının yekunları Azərbaycanın demokratik, dünyəvi, sürətlə inkişaf edən, iqtisadi, sosial və siyasi islahatları uğurla həyata keçirən, özünü tam təmin edən, üstəlik, qonşularına da yardım əli uzada bilən nüfuzlu dövlət olduğunu bir daha sübut edir: "Başa vurmaqda olduğumuz il sosialyönümlü büdcə siyasəti, əhalinin maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olub. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir".

M.Musayev qeyd edib ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu işdə fəallıq göstərərək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işləyib hazırlayıb və hazırda onun reallaşdırılması sahəsində mühüm tədbirlər həyata keçirilir.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini nəzərdə tutur. Qarşıda duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini planlaşdırır.


Teqlər:





Xəbər lenti