Dəniz gəmiçiliyi üzrə yeni qurum yaradıldı

Dəniz gəmiçiliyi üzrə yeni qurum yaradıldı
  23 Oktyabr 2013    Oxunub:1318
Azərbaycanda dəniz gəmiçiliyi üzrə yeni qurum yaradılıb.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iqtisadiyyatda institusional islahatların davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədi ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması ləğv edilsin və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılsın.

Bu sərəncamla ləğv edilmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının əmlakı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinə verilsin.

Nazirlər Kabinetinə bu sərəncamla yaradılmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin layihəsini və strukturu barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.


Teqlər:  





Xəbər lenti