İqtisadi inkişaf rəqəmlərlə

İqtisadi inkişaf rəqəmlərlə
  08 Oktyabr 2013    Oxunub:1405
Şahin Mustafayev: "ASAN xidmət"in fəaliyyətinin genişlənməsi sahibkarlığın inkişafına töhfə verir.
Azərbaycanda əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. AzVsison.az xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Ş.Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirib. Qeyd edib ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib.

"Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq", - deyən iqtisadi inkişaf naziri hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, regionlarda sahibkarlıq subyektlərinin sayının və vergi daxilolmalarının artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub.

Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcək.

Ötən aylarda Bakı şəhəri və qəsəbələrində müvafiq proqram çərçivəsində nəqliyyat, qaz, enerji, su-kanalizasiya və digər sahələrdə layihələr həyata keçirilib, sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər görülüb. Ş.Mustafayev onu da bildirib ki, bu ilin 9 ayında qeyri-neft sənayesinin inkişafı davam edib, gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə, müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcək: "Bu dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Dövlət dəstəyi ilə intensiv metodlar və müasir texnologiyalar əsasında istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq və bu tədbirlər nəticəsində özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək. İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı da son 9 ayda mühüm işlər görülüb. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə təbdirlər görülür".

İqtisadi inkişaf naziri "ASAN xidmət"inin fəaliyyətindən də danışdı. O, vurğuladı ki, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. "ASAN xidmət"in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir: "Təsadüfi deyil ki, maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib və bu layihələr hesabına 10200-dək yeni iş yeri yaradılacaq. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Bu dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat təşkil edib, orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 417 manata çatıb. Bununla da ölkə iqtisadiyyatının inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb".

***


Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə çıxışı zamanı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirib.

O, qeyd edib ki, Mərkəzi Bankın fəaliyyət sferası üzrə 2013-cü ilin 9 ayında mühüm uğurlar əldə edilib. Mərkəzi Bank 2013-cü ildə öz siyasətini birrəqəmli inflyasiya, məzənnənin sabitliyi, maliyyə sabitliyi və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi kimi hədəflərə yönəldib və hesabat dövründə qarşıda qoyulan məqsədlərə nail olunub. 2013-cü ilin 9 ayında pul siyasəti iqtisadiyyatın artım dinamikası və inflyasiya gözləntiləri nəzərə alınmaqla həyata keçirilib, nəticədə makroiqtisadi sabitlik qorunub, qiymət sabitliyi təmin edilib, manatın məzənnəsi sabit qalıb: "Hesabat dövründə aparılan təhlillər göstərib ki, manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. Sərhədyanı ticarətdə fəal istifadə edilən milli valyutamız olan manata artıq bir sıra aparıcı mərkəzi banklar ehtiyat valyutası kimi öz maraqlarını göstərirlər".

E.Rüstəmov onu da deyib ki, hesabat dövründə ölkədə qiymət sabitliyi təmin edilib, 9 ayda orta illik inflyasiya cəmi 2,3 faiz təşkil edib. Əhali gəlirlərinin artım tempi inflyasiya tempini üstələyib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub. Qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir. Bununla yanaşı, manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib:
"Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb. Bu dövrdə ölkədə bank sisteminin inkişafı və maliyyə dayanıqlığı istiqamətində də tədbirlər həyata keçirilib. 2013-cü ilin 9 ayında Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirib, risk əsaslı yeni nəzarət çərçivəsinin formalaşdırılması üzrə səylər gücləndirilib".

Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunub, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri onu da vurğulayıb ki, hesabat dövründə maliyyə vasitəçiliyi daha da genişlənib. İlkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artıb. Kreditlər ev təsərrüfatlarına 30 faiz, kənd təsərrüfatı və emala 30 faiz, nəqliyyat və rabitəyə 12 faiz artıb. Əhalinin əmanətləri ilin əvvəlinə nəzərən təxminən 20 faiz artaraq 6,1 milyard manata çatıb və sektorun kapital mövqeyi qənaətbəxşdir. 2013-cü ilin 9 ayında məcmu kapital 19 faizdən çox artıb, kapital adekvatlığı göstəricisi 12 faizlik normaya qarşı 17 faiz təşkil edir. Bank sistemi üzrə maliyyə nəticələri yaxşılaşıb.

Qeyd olunub ki, bank sistemi üzrə xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. İlin əvvəlindən kreditlər və depozitlər üzrə orta faiz dərəcələrində azalma prosesi davam edib.

Çıxışında ipoteka kreditlərinin verilməsindən danışan E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, "Elektron ipoteka" sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb.
E.Rüstəmov ödəniş infrastrukturunun inkişafından danışarkən dedi ki, hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. 2013-cü ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb: "Mərkəzi Bankın beynəlxalq əlaqələri genişlənib, beynəlxalq təcrübə mübadiləsinin aparılması ilə bağlı əməkdaşlıq artırılıb. Bununla da bank və maliyyə sektorunda uzunmüddətli inkişafın təmin olunması istiqamətində təsirli tədbirlər görülüb və bu sahədə işlər qarşıdakı dövrdə də davam etdiriləcək".


Teqlər:  





Xəbər lenti