106 il əvvəl baş verən faciə - "Titanik"in tarixçəsi

106 il əvvəl baş verən faciə - "Titanik"in tarixçəsi
  14 Aprel 2018    Oxunub:8584
Bu gün "Titanik" gəmisinin batmasından 106 il ötür.

AzVision.az-ın məlumatına görə, istehsalına 1909-cu ildə başlanan gəmi 3 il yarım müddətində ərsəyə gəlib və dövrünün ən son texnologiyası ilə inşa edilən ilk gəmi olub.
O, öz dövrünün ən böyük transatlantik sərnişin gəmisi olub. İstehsalçısı “White Star Line” şirkətidir. Gəminin uzunluğu 269,1 metr, eni 28,19 metr, yüksəkliyi dirəyin ucuna qədər hesablandıqda 63 metr olub. Subasımı 66 ton olan bu gəmi bir-birilə liftlərlə əlaqələndirilmiş 11 mərtəbədən ibarətdir. Gəminin daxili quruluşu da çox yüksək səviyyədə idi və maksimum rahatlıq təmin olunmuşdu.



1912-ci il aprelin 10-da səhər erkən Britaniyanın Sautqempton limanından özünün ilk səfərinə çıxan, həmin dövrün ən müasir elm və texnikasının nailiyyətləri ilə təchiz edilmiş nəhəng sərnişin layneri "Titanik" Amerika sahillərinə doğru istiqamət alıb. Göyərtəsində 2224 adam olan gəminin okeanın o tayına çatmaq üçün iki yolu var idi: aysberqlərlə dolu olan zonadan yan keçərək yolu 320 km. uzatmaq, ya da təhlükəyə məhəl qoymadan birbaşa üzmək.



Gəmi aprelin 14-dən 15-ə keçən gecə tam sürətlə gedərkən gözlənilmədən aysberqlə toqquşub. Gəminin sağ tərəfində 10 metrlik dəlik açılıb və gəmiyə su dolmağa başlayıb. Ortadan 2 hissəyə ayrılan "Titanik" 2 saat 40 dəqiqədən sonra şaquli vəziyyətdə okeanının dibinə qərq olub. Dəhşətli faciə zamanı 1513 nəfər həlak olub. Yalnız 711 nəfər xilas ola bilib. Maraqlı faktdır ki, faciədən salamat qurtarmış şəxslərin çoxu sonradan başqa dəniz qəzalarında həlak olublar.



Rejissor Ceyms Kameronun çəkdiyi "Titanik" filmi bu gün də həvəslə izlənilir. Baş rollarda Leonardo di Kaprio və Keyt Uinslettin rol aldığı film 200 milyon dollara başa gəlib. Təkcə gəmi maketinə 46 milyon dollar xərclənib. Bu film 2 milyard 185 milyon dollar qazanc gətirib. Filmi təkcə ABŞ kinoteatrlarında 135 milyon insan izləyib.







AzVision.az


Teqlər: Titanik   Gəmi  





Xəbər lenti