Sığorta bazarının həcmi 341,65 milyon manata çatıb

Sığorta bazarının həcmi 341,65 milyon manata çatıb
  03 Oktyabr 2013    Oxunub:1354
Azvsison.az xəbər verir ki, Azərbaycan sığorta bazarının inkişaf dinamikasına həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə bu gün “Azərbaycan sığorta bazarının inkişaf dinamikası–2003-2013” adlı konfrans keçirilib.

ASA-nın sədri Orxan Bayramov “Sığorta bazarına ümumi baxış” mövzusunda məruzə ilə çıxış edərək bildiridi ki, son illər Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və ölkə iqtisadiyyatının sürətli inkişafı sığorta sektorunun da ciddi inkişafına şərait yaradıb. Ölkədə yeni və müasir sığorta xidmətləri tətbiq olunmuş, əhaliyə və şirkətlərə göstərilən xidmətlərin çeşidi artmış, səviyyəsi yüksəlib.

Məlumat verildi ki, 2002-2012-ci illərdə Azərbaycanın sığorta bazarının həcmi 8,2 dəfə artaraq 41,87 milyon manatdan 341,65 milyon manata, sığorta müqavilələrinin sayı isə 4 dəfə artaraq 468 mindən 1 milyon 863 minə çatıb. Son on ildə sığorta haqlarının illik artımı orta hesabla 23 faiz təşkil etmiş, adambaşına düşən sığorta haqqı isə 7 dəfə artıb. Həmçinin sığorta ödənişləri 14 dəfə, o cümlədən könüllü sığorta üzrə 15 dəfə, icbari sığorta üzrə 11 dəfə çoxalıb. Nəticədə sığorta ödənişlərinin həcmi 6,73 milyon manatdan 2012-ci ildə 94,97 milyon manata yüksəlib. İllik artım orta hesabla 30 faiz olub. Sığortaçıların kapitalının həcmi isə təxminən 20 dəfə artaraq 343,44 milyon manata çatmışdır ki, bu da ildə orta hesabla 35 faiz artım deməkdir.

Konfransda ayrı-ayrı sığorta şirkətləri və mütəxəssislər təqdimatlarla çıxış etdi. Habelə sığorta bazarındakı keyfiyyət dəyişikliklərindən, bazarın ümumi mənzərəsindən bəhs edən məruzələr dinləndi.


Teqlər:





Xəbər lenti