ARDNŞ ATƏT-lə əməkdaşlığa başladı

ARDNŞ ATƏT-lə əməkdaşlığa başladı
  03 Oktyabr 2013    Oxunub:1234
ARDNŞ neft dağılmalarının xəbərdarlığı və ləğvi planının hazırlanması üçün ATƏT-lə əməkdaşlığa başlayıb.
ARDNŞ-nin ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin rəhbərliyi ilə Şirkətin Fövqəladə Hallar Komissiyasının tərkibində fəaliyyət göstərən neft dağılmaları üzrə işçi qrupunun və ATƏT-in Bakı ofisinin səfir müavini və nümayəndə heyətinin iştirakı ilə görüş keçirilib.

AzVsison.az Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ATƏT-in Bakı ofisi ilə ARDNŞ arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən "ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi Planı"na (NDXL) texniki ekspert və məsləhət xidmətləri üzrə layihəyə başlanılması qeyd olunub. Bildirilib ki, neft dağılmalarına qarşı mübarizə beynəlxalq aləmdə xüsusi nüfuza malik olan və dünyanın aparıcı şirkətləri ilə işgüzar münasibətlər qurmuş ARDNŞ-nin də prioritet vəzifələrindəndir. Planın layihəsinin hazırlanmasında Fövqəladə Hallar Nazirliyinin "Azərbaycan Respublikasının Xəzər dənizi ərazisində neft dağılmalarının xəbərdarlığı və ləğvi üzrə Milli Plan"ın son layihəsi əsas götürülüb.

ARDNŞ üzrə hazırlanmış planın tam başa çatdırılması, müvafiq dövlət qurumları ilə razılaşdırılması, həmçinin Xəzəryanı ölkələrin planları ilə uyğunlaşdırılması zəruri məsələlərdəndir. Görüş zamanı ATƏT-in nümayəndələri və məsləhətçi-ekspert C.Osterqaard Planın layihəsi ilə tanış olduğunu söyləyib, layihə haqqında müsbət rəyini bildirib. Tədbirdə iştirak edən işçi qrupunun üzvləri Şirkət üzrə hazırlanmış planın layihəsinin yekunlaşdırılması, beynəlxalq konvensiyaların və Milli Planın tələblərinin nəzərə alınması üçün bütün hazırlıqların görüləcəyini vurğulayıblar.
ATƏT-in ekspertinin səfəri ərzində (1-5 oktyabr 2013-cü il tarixləri) sözügedən Plan layihəsinin təkmilləşdirilməsi məqsədilə ARDNŞ-nin aidiyyəti struktur bölmələrinin və Ekologiya İdarəsinin rəhbərliyi və mütəxəssisləri ilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub. Cari ilin dekabr ayında isə ATƏT-in Bakı ofisinin və texniki ekspertin iştirakı ilə aidiyyəti mütəxəssislər üçün geniştərkibli bir günlük seminarın keçirilməsi planlaşdırılır.


Teqlər:  





Xəbər lenti