Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST

Siyasətdə sən kimsən? Siyasi kimliyini müəyyən etmək üçün TEST
  05 Dekabr 2017    Oxunub:19034
İnsanlar müxtəlifdirlər. Buna görə, problemlərin həllinə baxış bucaqları da fərqlənir. Bu zaman isə “siyasi spektrə mənsubiyyət” anlayışı ortaya çıxır. Çünki insanların ictimai problemlərin həllinə münasibətini şərtləndirən amil məhz onların siyasi spektrin harasında dayanmalarıdır.
Bəs sən siyasi spektrin harasındasan? Solda, sağda, mərkəzdə?!.. Aşağıdakı suallara cavab verməklə bunu müəyyən edə bilərsən. Kağız-qələm götürün və daha çox hansı varianta aid cavabları seçdiyinizi qeyd edin.

1. Sən məcburi hərbi xidmət ideyasına necə yanaşırsan?

A) Düşünürəm ki, ordular – keçimişin qalığı, müharibələr isə cinayətdirlər.
B) Məncə, əgər sənin ölkən hərbi gücdən ədalətli məqsədlər üçün istifadə edirsə, orduda xidmət etmək vacibdir.
C) Əsasən mənfi yanaşıram, amma orduda xidmət əhalinin kasıb təbəqələri üçün sosial imkanlar yaradırsa, onda münasibətim yaxşıdır.
D) Düşünürəm ki, belə sualların cavabı müntəzəm – məsələn, hər 10 ildən bir keçirilən referendumlarda verilməlidir.
E) Mənfi yanaşıram. İnkişaf etmiş ölkələrdə ordu muzdlu və peşəkar xidmət əsasında qurulmalıdır.
F) Dəstəkləyirəm. Vətəndaşın təkcə hüququ yox, məsuliyyəti də var. Əsgəri xidmət etmək bizim cəmiyyətin və ölkənin təhlükəsizliyi üçün daşıdığımız məsuliyyətdən irəli gəlir.
G) Pis baxıram. Əgər quldarlıq dövründə yaşamırıqsa, istənilən əmək və xidmət könüllü olmalıdır.
H) Yaxşı yanaşıram. Gənclərin orduda xidmət etməsi böyük ənənədir, kişilik məktəbidir, əsl kişilərin yetişməyinə səbəb olur.
İ) Çox müsbət yanaşıram. Güclü dövlətin güclü də ordusu olmalıdır. “Beynəlxalq hüquq”, “Təhlükəsiz dünya” kimi söhbətlər demoqogiyadan başqa bir şey deyillər. Hər bir dövlət həmişə ancaq öz maraqlarına qulluq edəcək və güclülər də həmişə qalib gələcək.

2. Bəzi ölkələrdə müəyyən xəstəliklərdən qorunmaq üçün pasterizə olunmamış südün satılması qanunla qadağan edilib. Sən belə qanunlara necə baxırsan?

A) Pis. İnsanlara imkan verilməlidir ki, özləri lazım bildikləri kimi qidalansınlar.
B) Əla. Dövlət əhalinin sağlamlığının qayğısına qalmalıdır.
C) Müsbət. İstehsalçı öz məhsulunun tam təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır.
D) Düşünürəm ki, südü pasterizə etməyə imkanı olmayan kiçik fermer təsərrüfatları üçün istisnalar nəzərdə tutulmalı idi. Məsələn, 3-4 inək saxlayan kasıb adam onu necə pasterizə edə bilər? Sadəcə, diqqətli olmaq lazımdır ki, onların satdığı süd uşaq bağçaları kimi yerlərə satılmasın.
E) Bu, artıq şeydirır. Sadəcə, südü satarkən alıcıya məlumat verilməlidir ki, o, pasterizə olunmayıb və istifadə edilməzdən öncə mütləq qaynadılmalıdır. Qalanını alıcı özü bilər.
F) Ziyanlı qanundur. Sadəcə, istehlakçının təhlükəli məhsul satan istehsalçını məhkəməyə vermək hüququ olmalıdır. Ondan sonra qoy, istehsalçı özü məhsulunu təhlükəsiz etməyin qayğısına qalsın.
G) Mənfi yanaşıram. Dövlət cürbəcür qadağalarla sahibkarların işinə müdaxilə etməməlidir. Təhlükəsizliyi azadlıqdan üstün tutmaq olmaz. Fermer öz inəyindən sağdığı südü istədiyi kimi satmaqda azad olmalıdır.
H) Bu qanunlar gülməlidirlər. Əsrlərlə nənə-babalarımız inəkdən sağdıqları südü içiblər, heç kim də ölməyib. İndi isə tibbin bu qədər inkişaf etdiyi bir vaxtda bizi pasterizə edilməmiş süd ilə qorxutmaq istəyirlər.
İ) Bu sual mənə aid deyil. Səhiyyə Nazirliyi var, ən yaxşısını onlar bilərlər.

3. Ölüm cəzasına necə yanaşırsan?

A) “Linç məhkəməsi”ni başa düşə bilərəm - Tutaq ki, bütün kənd yığışıb, bir uşaq qatilini layiqli cəzasına çatdıraraq, öldürə bilər. Amma hazırda olduğu formada ölüm cəzası qəbuledilməzdir.
B) Əgər biz ədalətli gələcək qurmaq istəyiriksə, hər kəs layiq olduğu cəzanı almalıdır. Bəli, ola bilər ki, arada səhvən günahsız insanlar da yanlışlıqla edam edilir. Amma heç bir işdə qurbanlarsız keçinmək mümkün deyil.
C) Çox pis! Cinayət törədən insan pis mühitdə böyüdüyü üçün bu yolu tutub. Onu edam etmək yox, tərbiyələndirmək lazımdır!
D) Yəqin ki, kimlərsə həqiqətən ölüm cəzasını haqq edir. Amma bu, o demək deyil ki, biz dönüb cəllad olmalıyıq. Qoy, həbsxnada qalsınlar. Əsas odur ki, daha cəmiyyətə ziyan vura bilməsinlər.
E) İnsan məxluqatın əşrəfi və dünyada ən ali dəyərdir, onu öz iradəsinin əleyhinə öldürməyə heç bir qanun icazə verməməlidir.
F) Düşünürəm ki, ölüm cəzası ilə bağlı hökmlər ümumxalq səsverməsi ilə çıxarılmalıdır. Və hər bir hal üçün ayrıca referendum keçirilməlidir.
G) Dövlət müdafiəsiz insanı edam etməməlidir. Bu, ikrah doğurur. Amma cinayətə qurban olmuş şəxslərin qohumlarına qisas almaq hüququ verilə bilər.
H) “Gözə göz, dişə diş”. Bəşəriyyət qatillər üçün bundan ədalətli hökm fikirləşməyib.
İ) Yaxşı baxıram. Dövlətə qarşı cinayət işlədənlərə, ölkəni satanlara, vətənin düşmənlərinə qarşı amansız olmaq lazımdır.

4. Səncə, həm varlının, həm də kasıbın öz gəlirindən eyni faizlə vergi ödəməsi ədalətlidirmi?

A) Yaxşı olar ki, ümumiyyətlə, 3-4 faizdən yuxarı vergi olmasın.
B) Məncə, cəmiyyətdə varlıların və kasıbların olmasının özü ədalətli deyil.
C) Ədalətsizlikdir. Kasıblar gərək ümumiyyətlə, vergi verməsinlər. Varlıların isə, sərvətləri müəyyən həddi keçəndən sonra gəlirlərinin böyük qismi vergi şəkildə alınıb, kasıblara paylanmalıdır. Çünki onlar həmin o kasıbların sayəsində varlı olublar.
D) Yaxşı olar ki, varlılar gəlirlərindən 30-40 faiz, kasıblar isə daha az vergi ödəsinlər. Eyni zamanda, varlıları aktiv şəkildə xeyriyyə işlərinə qatılmağa təşviq etmək lazımdır.
E) Məncə, ədalətlidir. Çünki kasıbın 100 manatdan ödədiyi 25 faiz ilə varlının bir milyondan ödədəyi 25 faiz eyni şey deyillər. Ona görə də, hər ikisinə eyni faizin tətbiq olunmasını düzgün sayıram.
F) Varlı adımlardan nisbətən çox vergi alına bilər, amma bir şərtlə ki, həmin pul tənbəllərə, ələbaxanlara, havayıyeyənlərə xərclənməsin.
G) Mənə qalsa, ümumiyyətlə, məcburi vergilər olmamalıdır. İnsanlara təklif eləmək olar ki, cəmiyyətin müxtəlif problemlərin həlli üçün ianələr versinlər. Kim versə, təltif olunsun, şərəfləndirilsin.
H) Mənə qalsa, yaxşı olar ki, vergilər dəyişdirilməsin. Necə varsa, elə də qalsın. Yoxsa, bu cür oyunlarla infliyasiyanı gücləndirirlər, biznesin də işi lap çətinə düşür.
İ) Bu sualın həlli üçün Maliyyə Nazirliyi var. Sadə vətəndaşın belə məsələlərdən nə başı çıxacaq? Amma yaxşı olar ki, varlı insanlara daha güclü nəzarət olunsun, çünki insanın pulu nə qədər çoxdursa, ölkə üçün bir o qədər ziyanlı ola bilər.

5. Silah satışının qanuniləşməyinə necə baxırsan?

A) Əla. İnsanların özlərini müdafiə etmək imkanları olmalıdır.
B) Ölkədəki vəziyyətdən asılıdır. İnkişaf etmiş ölkələrdə insanların özlərini müdafiə etmələri üçün silaha sadəcə, ehtiyacları qalmır.
C) Qəti şəkildə qarşı çıxıram. İnkişaf eləmiş cəmiyyətdə ancaq bir subyektin zora əl atmaq hüququ ola bilər, bu da dövlətdir. İnsan gərək özünü təhlükəsiz hiss etsin, yoxsa, qonşusunun cibində tapançanın olub-olmadığına görə narahatçılıq keçirməsin.
D) Ümumən əleyhinəyəm. Ancaq əlahiddə hallarda əgər ehtiyac olarsa, psixi sağlamlığı şübhə doğurmayan şəxslərə xüsusi lisenziya əsasında siah verilə bilər.
E) İnsan özü qərar verməlidir ki, ona silah lazımdır, yoxsa yox. Bəli, burada risklər var, amma azadlıq olan yerdə həmişə rsiklər də olacaq.
F) Silah gəzdirmək böyük məsuliyyətdir və yetkin insanın belə bir hüququ olmalıdır. Çünki təhlükəli vəziyyətdə durub, kiminsə sənə kömək edəcəyini gözləməli deyilsən.
G) Əhalidə silah olmalıdır ki, lazım gələndə zorakı hakimiyyətə qarşı müqavimət göstərə bilsin.
H) Bu haqda qərar verməzdən əvvəl tarixin dərslərini və digər dövlətlərin təcrübəsini yaxşı-yaxşı öyrənmək lazımdır.
İ) Silahı o şəxslərə vermək olar ki, dövlət orqanlarının - məsələn, polisin işində ona yardım etməyə çalışır.

6. Təsəvvür elə ki, Fəlakətistan adlı dövlətdən 5 milyon qaçqın sənin ölkənə pənah gətirib. Onlarla bağlı nə etməliyik?

A)
Onlar konkret hansı şəhərə, rayona, kəndə gedəcəklərsə, həmin yerin sakinlərinin fikri əsas götürülməlidir.
B) Bütün insanlar qardaşdırlar. İrqin, dinin, milliyyətin nə fərqi var? Qoy, gəlsinlər, yaşasınlar, işləsinlər.
C) Şəraitimiz nə qədər imkan verirsə, o qədərini götürək, artıq yox! Dünyada gərək mədəni rəngarənglik olsun. Yaxşı olar ki, onlara yardım məsələsində böyük qlobal şirkətlər də aktiv olsunlar.
D) Belə problemlərin həlli ilə ayrı-ayrı dövlətlər yox, BMT, ATƏT kimi qlobal təşkilatlar məşğul olmalıdırlar. Qoy, ölkələrə kvota ayırsınlar, kim nə qədər bacarırsa, o qədər götürsün.
E) O Fəlakətistan sakinlərindən burada dostu, tanışı, qohumu olanlar gələ bilərlər. Bir şərtlə ki, xərclərini də həmin dostları və qohumları çəkəcək.
F) Beş milyon nəfərin gəlməyi xaos və sosial gərginlik yaradar. Qoy, ən savadlı və imkanlı olanlar gəlsinlər.
G) Ümumiyyətlə, mən bu fikirdəyəm ki, istənilən insan əgər özünü təmin edə bilirsə, gedib dünyada istədiyi yerdə yaşaya bilər.
H) Bu, bizə tamam yad olan, fərqli adətlərə malik xalqdır. Onları heç bir halda kütləvi şəkildə ölkəyə buraxmaq olmaz.
İ) Mənim ölkəmdə ancaq buranın köklü əhalisi yaşamalıdır, gəlmələrə yer yoxdur!

7. Sən evtanaziya haqqında nə düşünürsən?

A)
Ümumiyyətlə, mənə çatmır ki, əgər insan ölmək istəyirsə, bunu ona necə qadağan eləmək olar axı?!
B) Əgər ölümcül xəstə olan insan daha cəmiyyətə xeyir vermək iqtidarında deyilsə və özü həyatdan getmək istəyirsə, icazə vermək olar.
C) Əleyhinəyəm. Bu, qeyri-insanidir. Hətta ən ümidsiz xəstələrə də sona qədər dəstək olmaq lazımdır. Cəmiyyətin buna imkanları çatar.
D) Əgər şəxsin iradəsi belədirsə, son qərarı qohumları və ya həkimlər yox, məhz onun özü verməlidir.
E) Məncə, hətta sağlam adama da icazə vermək olar. Öz həyatıdır – özü bilər. Bizə nə?!
F) Düşünürəm ki, icazə vermək olar, amma qohumlarının da fikrini nəzərə almaq şərtilə.
G) Məncə, ümidsiz xəstələrin həyatının tibbi aparatların köməyilə davam etdrilməsinin yükünü onun öz qohumları, doğmaları çəkməlidirlər. İmkanları yoxdursa, aparatı söndürmək lazımdır. Hətta xəstənin özü bunu istəməsə də. Qəddarlıqdır?! Razıyam, qəddarlıqdır; amma ölümcül xəstənin həyatını süni yolla uzatmaq üçün sağlam insanların pullarını ona xərcləmək bəyəm normaldır ki? Kim ayrı cür düşünürsə, buyursun, ümidsiz xəstələrə yardım edən fondların həmişə vəsaitə ehtiyacı var, istədiyiniz qədər maliyyə köçürə bilərsiniz.
H) Bütün dinlər qətli və intiharı lənətləyir. Evtanaziyada isə bunların hər ikisindən var.
İ) Düşünürəm ki, bütün mutantlar, fiziki qüsurlular, eybəcərlər, psixi xəstələr evtanaziya yolunu seçməlidirlər. Onlar cəmiyyət üçün lazımsız yükdürlər. Yaşadıqca həm özlərinə zülm edirlər, həm də başqalarına.

8. Səncə, ödənişli təhsil olmalıdırmı?

A)
Ümumiyyətlə, təhsil müasir dünyanın böyük yalanlarından biridir. Uşaqları gic-gic proqramlar olmadan, evdə valideynləri özləri müəllim tutmalı, öyrətməli və yetişdirməlidirlər.
B) Yox. Təhsil hamı üçün pulsuz və əlçatan olmalıdır. Hamı savadlı olmasa, gözəl cəmiyyət qurmaq mümkün deyil.
C) Heç bir halda! Ödənişli təhsil – varlı təbəqənin əlində kasıbları savadsız və cahil saxlamağın bir vasitəsidir. Hər kəsin pulsuz orta və ali təhsil almaq imkanı olmalıdır.
D) Əgər hamının pulsuz təhsil almaq imkanı varsa, onda müəyyən təbəqə üçün xüsusi ödənişli məktəblərin açılmasına normal baxmaq olar.
E) Əlbəttə, olmalıdır. Əgər bir insan təhsil sahəsində biznes qurmaq istəyirsə, yaxşı məktəb yaradaraq, pul qazanmağı bacarırsa, bunu etmək onun hüququdur. Mane olmamalıyıq.
F) Bu, təbiidir ki, uğurlu insanlar öz uşaqlarını daha yaxşı təhsillə təmin edəcəklər. Həyatın qanunu belədir: Güclüllər qalib gəlir.
G) Pulsuz təhsil ziyanlı şeydir. Nəyə görə mən qazanıb, dövlətə vergi ödəməliyəm ki, mənim oğlumun rəqibi olan uşaqlar oxuyub, ondan irəliyə çıxsınlar? Niyə mənim ödədiyim vergi ilə əyyaşların, avaraların, tüfeylilərin uşaqları məktəbə getməlidir?! Sonra hələ mənim uşaqlarımı da özlərinə qoşub, avara eləməlidirlər?! Bundan əlavə, insanları zorla oxumağa məcbur eləmək də olmaz.
H) Mənim atam, anam, babam, nənəm pulsuz təhsil alıblar. Hamısı da savadlı insanlardır. Məncə, ən düzgünü elə budur.
İ) Bütün uşaqlar dövlətin məktəblərində oxumalıdırlar. Çünki ancaq orada düzgün ideologiyalı vətəndaş kimi yetişə bilərlər.

9. KİV-də senzura olmalıdırmı?

A)
KİV – böyük bir yalan maşınıdır. Onun özü elə senzuradır, çünki heç vaxt xalqın eşitmək istədiyini demir.
B) Əlbəttə. Bütün mətnlər əvvəlcədən yoxlanılmalıdır ki, cəmiyyət üçün ziyanlı fikirlər mediaya sızmasın.
C) KİV-də irqçi, seksist, ksenofob, şovinist, homofob fikirlər yer almamalıdır. Senzura lazım deyil, amma belə hallara görə cərimələmək lazımdır.
D) Jurnalistlər özləri çalışmalıdırlar ki, politkorrekt olsunlar, yalan yazmasınlar və işlədikləri qüvvənin maraqlarına yarınmağa çox da çalışmasınlar.
E) KİV-də heç bir senzura olmamalıdır.
F) Peşənin öz standartları olmalıdır. Qalmaqallı hadisələri məhkəmədə yoluna qoymaq lazımdır.
G) İstənilən media orqanı nə yazdığına özü cavabdehdir. Yalan yazacaq – etibarını itirəcək, nüfuzdan düşəcək və inanan qalmayacaq. Nəticədə biznesi iflas edəcək. Biz bunu zorla qadağan etməli deyilik.
H) Mediada böhtan, yalan, seks, zorakılıq olmamalıdır. Gərək belə şeyləri təbliğ etməyək.
İ) Hər mətni diqqətlə yoxlamaq lazım deyil, amma KİV-də dövlət əleyhinə fikirlər gedibsə, bunu edənləri cəzalandırmaq lazımdır ki, başqaları məsuliyyətlərini dərk etsinlər.

TESTİN NƏTİCƏSİ

İndi isə bax gör, sənin cavablarının arasında hansı variant daha çoxdur.

Əgər A variantı çoxdursa, onda sən ANARXİSTsən

Sənə elə gəlir ki, dövlət – vətəndaşın üzərində zorakılıq alətidir. Buna görə də, dövlət ideyasını qəbul etmək istəmirsən. Sənin üçün ideal həyat meşədə bir komada azad yaşamaq ola bilərdi. Yaxud, öz həyat tərzini özü tənzimləyən kiçik icmanın üzvü olmaq da sənin siyasi zövqünə cavab verir. Bir şərtlə ki, razı qalmayanda istədiyin vaxt oranı tərk edə biləsən.

Əgər B variantı çoxdursa, onda sən KOMMUNİSTsən

Sən düşünürsən ki, bəşəriyyəti “dəmir əl” vasitəsilə xoşbəxt gələcəyə yönəltmək olar və lazımdır. Sənə elə gəlir ki, özəl mülkiyyət pis bir şeydir, bütün təşəbbüslər isə “yuxarıdan” gəlməlidir. İstehlak cəmiyyəti və onun idealları, bütün bu bahalı telefonlar, lüks maşınlar səni qıcıqlandırır və hürküdür.

Əgər C variantı çoxdursa, onda sən SOSİAL-DEMOKRATsan

Sənə elə gəlir ki, ədalət – xidmətlərindən və çəkdiyi zəhmətdən asılı olmayaraq, hər şeyin insanlar arasında bərabər bölünməsidir. Qadın hüquqları, azlıqlar, kasıb ailələrin övladlarının taleyi səni narahat edir və heç cür anlaya bilmirsən ki, nyə axı varlılar sərvətlərini kasıblarla bölüşmək istəmirlər? Niyə bölüşməli deyillər? Və bir də, konkret səni deyə bilmərik, amma sənin kimi düşünən insanların çoxu seksual azadlıqları iqtisadi azadlıqlardan daha üstün tuturlar.

Əgər D variantı çoxdursa, onda sən LİBERAL-SOSİALİSTsən

Sən bəzi istisnalarla bir çox şeylərə liberal yanaşırsan; başqalarının musiqi, kulinar, arxitektura və seksual zövqləri, həyat tərzləri sənin heç vecinə də deyil. Düşünürsən ki, hər bir insanın istənilən məsələdə öz fərqli fikri ola bilər. Amma eyni zamanda, güclü dövlət ideyası səni qorxutmur; sənə görə, dövlət lazım bildiyi məsələlərdə insanların həyatına müdaxilələr edə bilər. Çünki dövlətin işi elə hər bir məsələdə daha rahat və uyğun həllər tapmaqdan ibarətdir. Sən təhlükəsizliyin əvəzində bəzi azadlıqlarından imtina etməyə razısan və bunu xeyirli sövdələşmə hesab edirsən.

Əgər E variantı çoxdursa, onda sən LİBERALsan

Hələ lap uşaqlıqdan kimsə sənə nəyisə əmr edəndə xoşuna gəlmirdi, böyüyəndən sonra isə başa düşdün ki, özün də başqalarına əmrlər verməkdən heç bir ləzzət almırsan. “Azadlıq”, “sərbəstlik” və “müstəqillik” sözləri sənin üçün praktik olaraq sinonimdirlər. Sənə görə, azadlıq və özünü ifadə etmək imkanları təhlükəsizlikdən də, sabitlikdən də daha vacibdir. Və ümumiyyətlə, insanların çoxu məmurlar-filan olmadan da əksər problemləri rahatlıqla çözə bilərlər.

Əgər F variantı çoxdursa, onda sən LİBERAL-MÜHAFİZƏKARsan

Sən düşünürsən ki, azadlıq eyni zamanda məsuliyyət deməkdir və öz azadlığını tələb etdiyin qədər, məsuliyyətini yerinə yetirməyə də hazırsan. Sənin fikrincə, cəmiyyət toplumun rifahı naminə insanın həyatına müəyyən müdaxilələr edə bilər, amma dövlət imkan daxilində iqtisadiyyata, şəxsi həyata, mənəvi sferalara qarışmamalıdır. Eyni zamanda, sən düşünürsən ki, azadlığa layiq olmaq lazımdır, buna görə də, məsələn, valideynlərin yeniyetmələrə nəzarətini, cinayət törədənlərə qarşı sərt tədbirləri düzgün sayırsan, işsizlərə yardım göstərilməsini isə o qədər də yox.

Əgər G variantı çoxdursa, onda sən LİBERTARİANsan

Sənə elə gəlir ki, dövlət nə qədər zəif olsa, orada yaşayan insanlar bir o qədər güclü olacaqlar. Məmurlar cəmiyyətin həyatına mümkün qədər az qarışmalıdırlar. Daha doğrusu, təkcə məmurlar yox; sənə elə gəlir ki, heç kim başqalarına necə danışmaq, nə etmək və ümumiyyətlə, necə yaşamaq haqqında göstərişlər verməməlidir. Üstəlik, səndə, yəqin ki, sosial-darvinizm meyilləri də var. Yəni düşünürsən ki, bacarıqlı, zəhmətkeş adamlar işləyərək, tənbəl və yarıtmaz şəxsləri saxlamalı deyillər.

Əgər H variantı çoxdursa, onda sən MÜHAFİZƏKARsan

Ənənələr, tarixi keçmiş və əldə edilmiş təcrübə sənin üçün hər şeydən vacibdir. Yeniliklər isə sənə ən azı şübhəli görünür. Sənə elə gəlir ki, indi insanlar əvvəlkilərə baxanda daha ağılsız və cahildirlər, buna görə də biz gərək ata-babaların qoyduqları yoldan kənara dönməyək. Sən prinsipləri olan insansan və prinsipsiz adamları sevmirsən. Dövlətə isə böyük sevgin və sayğın var, amma bir şərtlə ki, yürüdülən siyasətdə mühafizəkarlıq elementləri çox olsun.

Əgər İ variantı çoxdursa, onda sən FAŞİSTsən

Səndə müşahidə olunan ksenofobiya, avtoritarizm, antihumanizm, militarizm – bunlar faşizmin klassik əlamətləridir. Sən ancaq güclülərə hörmət edildiyi, kazarma intizamının olduğu bir cəmiyyətdə yaşamaq istəyirsən.

Tərcümə etdi:
Tariyel Həsənov
AzVision.az



Teqlər: #Siyasət   #Psixologiya   #Test   #Siyasi-spektr  





Xəbər lenti