Azərbaycanlı milyarder Bakıda

Azərbaycanlı milyarder Bakıda
  15 Sentyabr 2013    Oxunub:1532
Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov ad gününü keçirmək üçün Azərbaycana gəlib.
Milyarder soydaşımızın ad günü bu gün - sentyabrın 15-dir. Bu gün onun 58 yaşı tamam olur.

AzVision.az xəbər verir ki, bu məlumatı virtualaz.org-a iş adamının yaxın çevrəsindən veriblər. Onların sözlərinə görə, F.Əhmədov doğum gününü həmişə vətəndə qeyd edir. Artıq neçə illərdir ki, bu ənənəni davam etdirən biznesmen doğum gününü yaxınlarının əhatəsində təmtəraqdan uzaq şəkildə qeyd etməyə üstünlük verir. Fərhad Əhmədov 15 sentyabr, 1955-ci ildə Bakıda anadan olub.

15 yaşında Moskvaya gedib, orada təhsil alıb, iş qurub. 1987-ci ildə "Transley Tradinq" şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. "Transley Tradinq"in tərəfdaşları arasında "Qazprom" kimi nəhəng şirkətlər var idi. 1993-cü ildə "Transley Tradinq"in adı dəyişdirilərək "Farko Qrup" olur. "Farko Qrup" Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən F.Əhmədov bu yataqda hasilat işləri aparan "Nortqaz" şirkəti Direktorlar Şurasının üzvü olur.

1999-2004-cü illərdə isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik edir. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra "Nortqaz"ın prezidenti vəzifəsindən könüllü istefa verib. "Forbes" dərgisinin məlumatına görə, Krasnodar vilayətini təmsil edən senator F.Əhmədovla "Qazprom" arasında "Nortqaz" kompaniyasını nəzarətdə saxlamaq uğrunda davam edən uzunmüddətli münaqişə nəhayət ki, uğurla başa çatıb.

Və senatorun iddia etdiyinə görə, o, "Qazprom"un kiçik tərəfdaşı qismində özünü çox rahat hiss edir: "Nortqaz"da hasilat uğurla aparılır, bütün işlər nizama salınıb, münasibətlər isə əla səviyyədədir. Artıq ürəyim üçün xoş olan işlərlə məşğul ola, misal üçün, atamın xatirəsi üçün nəsə bir iş görə bilərəm".

Sahibkar bu məqsədlə Azərbaycanda yerləşən, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə kiçik zavodu satın alıb. F.Əhmədovun bir xobbisi də qiymətli rəsm əsərləridir. Onun rəsm kolleksiyasında Ayvazovskinin 24 əsəri var. F.Əhmədov bu gün Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə gedir. Ailəlidir, üç uşağı var.



Teqlər:





Xəbər lenti