“Qaçqın və köçkünlər geri qayıdacaqlar” - FOTOLAR

“Qaçqın və köçkünlər geri qayıdacaqlar” - FOTOLAR
  01 Mart 2013    Oxunub:2552
“Hələ çox işlər görəcəyik”
Fevralın 28-də Moskvanın “Yunost” mehmanxanasında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. AzərTAc-məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.

“Yunost” mehmanxanasının foyesində Bakının Nizami rayonundakı 1 nömrəli, Suraxanı rayonundakı 2 nömrəli və Xətai rayonundakı 3 nömrəli uşaq evlərində tərbiyə alan, Heydər Əliyev Fondunun keçirdiyi “Uşaqlar və müharibə” rəsm sərgisində iştirak etmiş uşaqların rəsmləri sərgilənib. Leyla Əliyevanın təşəbbüsü ilə Moskvaya dəvət olunmuş balaca rəssamların əl işlərində müharibəyə, zülmə və ədalətsizliyə etiraz əksini tapıb. Uşaqlar onları Moskvaya dəvət etdiyinə görə Leyla Əliyevaya təşəkkürlərini bildirib, ona Azərbaycanın gerbi və bayrağı əks olunmuş rəsmlərini hədiyyə ediblər.

Sonra “Xocalıya ədalət” kampaniyası çərçivəsində Rusiyada həyata keçirilən aksiyalar barədə film nümayiş etdirilibdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva çıxış edərək bildirib ki, artıq 21 ildir ki, biz Qarabağ münaqişəsinin ən qanlı və dəhşətli səhifələrindən birinin qurbanlarının xatirəsini yad etmək üçün toplaşırıq. İyirmi bir il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları Azərbaycanın Xocalı şəhərinə soxularaq 613 dinc insanı, 63 uşağı, 106 qadını və 70 qocanı qətlə yetiriblər. Bu 613 günahsız, vəhşicəsinə qətlə yetirilmiş insan heç zaman unudulmayacaq və qəlblərimizdə daim yaşayacaqdır. 1992-ci ilin həmin fevral gecəsi baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən hüquqi və mənəvi qiymət verilməlidir.

Leyla Əliyeva bildirib: “Dünya Xocalı barədə bilməlidir ki, bu cür qətllər və cinayətlər heç yerdə təkrar olunmasın. Məhz buna görə də biz 2008-ci il mayın 8-də “Xocalıya ədalət” beynəlxalq kampaniyasının keçirilməsi təşəbbüsünü irəli sürdük. Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Kampaniya çərçivəsində artıq 700 mindən çox imza toplanıb”.

Leyla Əliyeva daha sonra vurğulayıb ki, Heydər Əliyev Fondu bir neçə ildir Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilir, kitablar nəşr olunur, filmlər çəkilir. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

“Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, ABŞ-ın 7 ştatı bu soyqırımını tanıyıb. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik, hələ çox işlər görəcəyik və mən inanıram ki, tezliklə dünyanın bir çox ölkəsi bu soyqırımını tanıyacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bütün qaçqınlar və məcburi köçkünlər doğma torpaqlarına, evlərinə qayıdacaqlar”.

Bu tədbirin Ermənistan ilə Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli məsələsinə mühüm təsir göstərən Rusiyanın paytaxtında keçirildiyini vurğulayan Leyla Əliyeva qeyd edib: “İstərdim ki, dünyanın bütün ölkələrinin vətəndaşları kimi, Rusiya vətəndaşları da bu dəhşətli faciə haqqında həqiqəti bilsinlər. Əlbəttə, bizim bu gün gördüyümüz işlər həlak olmuş insanların həyatını qaytara, sağ qalmış xocalıların yarasını sağalda bilməz. Biz o qadınları, uşaqları və qocaları heç zaman unutmayacağıq”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, Xocalı faciəsindən sonra Azərbaycan bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırdı. Ancaq yalnız son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, Heydər Əliyev Fondunun və böyük dünya aksiyasına çevrilmiş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın səyləri sayəsində dünya üzünü Azərbaycan tərəfə çevirməyə başlayıbdır.

“Bu, göstərir ki, artıq dünyada insanlar həqiqəti yalandan ayırmağa başlayıblar. Biz və gələcək nəsillər bu cür faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalını unutmamalıyıq”.
Sonra Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, 1991-1992-сi illərdə Füzuli rayonunun hərbi komendantı olmuş, qəhrəmanlığına və vətəndaş mövqeyinə görə Azərbaycan Milli Məclisinin fəxri medalına layiq görülmüş istefada olan general-leytenant Aleksandr Volox, “Xocalıya ədalət” kampaniyasının əlaqələndiricisi Nicat Məmmədli çıxış edərək Xocalı faciəsinin dünya tarixində ən qanlı soyqırımı olduğunu vurğulayıb, bu faciənin səbəbkarları barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb.
Sonda Moskvaya dəvət olunmuş balaca rəssamlar Xocalıya həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirdə Rusiya ictimaiyyətinin nümayəndələri, siyasətçilər, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti