Dövrünün anoloqu olmayan layihəsi: 100 yaşlı `Şollar` kəməri necə çəkilmişdi - Tarixi araşdırma (III yazı: Tikinti)

Dövrünün anoloqu olmayan layihəsi: 100 yaşlı `Şollar` kəməri necə çəkilmişdi - Tarixi araşdırma (III yazı: Tikinti)
  17 Mart 2017    Oxunub:17206
Yeganə Kamal Cabbarlı

(Yazının əvvəlini BURADAN oxuya bilərsiniz)

...18 dekabr 1909–cu ildə həmin 5% li istiqrazların alınması üçün Şəhər “K.Berç–Krisp və K və İngilis – Rus Tresti” ilə müqavilə bağlayır; 1910 cu ilin 7 may tarixində isə Maliyyə Nazirliyi istiqrazın buraxılmasına icazə verilməsini təsdiqləyir. Beləliklə, iyun ayında qəti olaraq Bakı–Şollar su kəməri xəttinin kəsfiyyatının həyata keçirilməsinə başlanılır. Nəzarəti Bakı–Şollar su xətti tikintisi şöbəsi aparırdı, şöbənin rəisi isə P.Freze idi.

Şəkilçəkmə, haşiyələmə işlərinin nəticələri üzrə planın hazırlanması və surətinin kalkaya köçürülməsi işləri 6 aya yaxın bir müddətdə texniki kontorda davam etdirilir və 1 mart 1911–ci ildə başa çatır. Planlarda istiqamət xəttini isə mühəndis Lindley şəxsən həyata keçirirdi. Suxurların sındırılması işi isə may ayında qurtarır.

Şəhər Duması su xətti çəkilişinin podrat üsulu ilə aparılmasını qərarlaşdırmışdı və smetaya görə bu işə 12.000.000.rubl, yəni ümumi məbləğin üçdə ikisi ayırılmışdı. Məsələ bazar sövdələşməsinə, indiki məfhumla desək tenderə çıxarılmışdı və təkcə rus qəzetlərində deyil, eyni zamanda xarici qəzetlərdə də 14 oktyabr 1910–cu ill tarixdə sövdələşmə barədə elan verilmişdi. Lakin Yoxlama Komissiyası uğurlu nəticələrə ümid etmədiyindən, həmin tender keçirilmir və bu işi üzərinə götürməyə hazır olan firmalarla danışıqlar aparılması qərarlaşdırılır. Belə firmalardan işə daha ciddi yanaşanlar ısə Petroqraddakı “Bunge, Braykeviç və Palaşkovskiy” və Venadakı “Lunci Fakanoni” olur. Daha sonra “Qriffits i K-o“ London firmasının Petroqrad şöbəsi də onlara qoşulur.

“Qriffits i K-o” Dumaya ərizə ilə müraciət edir və Duma 1911 – ci ilin yanvar ayında ərizəyə cavab olaraq Şəhər Upravasına tapşırır ki, həmin firma ilə saziş bağlasın. 14 fevralda saziş təcili imzalanır və qərara alınır ki, bütün işlər 14 fevral 1914–cü ildə yekunlaşmalıdır. 154 km. uzunluğundakı su ötürücünun 138 kilometri 120x170sm, 16 kilometri isə 100 x 150 sm ölçülü armudşəkilli beton profillərlə yerinə yetirilməli idi. Suyun təzyiqlə artdığı yerlərdə isə beton ötürücüləri çuğun borular əvəz etməli idi. Bu ərazilər isə Sumqayıt–Şollar (6.000.000 vedrə və diametri 1200mm), o cümlədən Sumqayıt–Bakı (3.000.000 vedrə və diametr 800mm) xəttini əhatə edən ərazilər idi.



14 iyun 1911 – ci ildə şirkət Şəhərlə su ötürücülərinin yeni üsulla aparılması ilə əlaqədar əlavə bir müqavilə imzalayaraq beton boruların hazırlanması üçün iki böyük zavodun tikintisinə başlayır. Zavodlardan biri Xaçmazda, digəri isə Dəvəçidə tikilir. Həmin zavodlarda o zaman İngiltərədə yeni kəşf edilmiş və ixtiraçısı ingilis Caggerin adı ilə adlandırılan beton məhsullarının – beton boruların yeni qayda ilə hazırlanması üsulu tətbiq edilməklə “Cagger boruları” istehsal edilərək Bakı–Şollar su ötürücülərinin tikintisində istifadə edilməli idi.

Boruların keyfiyyəti ilə şəxsən maraqlanan baş mühəndis Londonda “İmproved Konstrukşen” zavoduna baş çəkmiş və “Qriffits i K – o” Səhmdar Cəmiyyətinin tökmə beton boruları Cagger boruları ilə əvəz etmək fikrini dəstəkləmişdi. Baxmayaraq ki, Xaçmaz və Dəvəçi zavodlarında hazırlanan Cagger boruları yüksək keyfiyyətə malik idi, lakin texniki nöqteyi–nəzərdən işlərin ləng getməsi su xəttinin çəkilişini 9 ay ləngitdiyindən, şirkət yenidən tökmə beton borular ilə işi davam etdirməyi qərara alır və çuğun boruların qoyulmasını “Qriffits i K – o” öz üzərinə götürmür və bu işləri tökmə betonla aparmağa başlayır.

Beləliklə, Cagger boruları məsələsi podratçıya olduqca baha başa gəldiyindən və həm də Şəhərə işlərin 1,5 il ləngiməsi ucbatından xeyli ziyan vurduğundan onun istehsalı dayandırılır. İşlərin isə həddindən artıq ləng getməsi Şəhər Texniki Nəzarət idarəsini podratçıya işin sürətləndirilməsi ilə bağlı dəfələrlə müraciət etməyə vadar edir. Podratçı isə 1913–cü ilin iyul ayına cəmi 25473 metr su xətti çəkmiş, yayda isə kontragent işi tamamilə dayandırmış və şəhərin əleyhinə məhkəmə qarşısına iki iddia çıxarmışdı. Birincisində o məhkəmədən onu su sızdırmayan su ötürücüyə görə məsuliyyətdən azad etməsini, ikincisində isə müqavilə müddətinin 18 ay müddətinə uzadılmasını istəmişdi. Öz növbəsində Şəhər kontragentin iddiasını əsassız sayaraq qarşı isklə məhkəməyə çıxmış və ziyanın ödənilməsini tələb etmişdi. Bu çox mürəkkəb məhkəmə prosesinin həll edilməsi üçün Moskvadan o zamanın məşhur advokati, professor–vəkil İ.A.Kistyakovski dəvət olunmuşdu. Eyni zamanda su xətti çəkilişinin təsərrüfat hesablı üsulla aparılması təklifi də verilmişdi.



Bununla belə, yuxarıda adı çəkilən “Qiffits i K – o” cəmiyyəti 1565,11 metr uzunluğunda iki tunel tikmiş və 18575 metr uzunluğunda çuğun borular qoymuş, o cümlədən,Şollar qəsəbəsində quyuların qazılması işinə başlamışdı.

28 iyun 1913 – cü ildə Duma işlərin təsərrüfat üsulu ilə davam etdirilməsinə qərar verir. Pozulmuş hüquqların bərpası ilə bağlı aparılan məhkəmə işi isə Şəhərin xeyirinə həll olunur və Şəhər və “Qriffits i K – o” şirkəti arasında imzalanan barışıq müqaviləsinə görə Şəhər Cəmiyyətə 1.500.000 rubl verməklə, 329.711 rubl 81 qəpik öz xeyirinə girov, eyni zamanda tamamlanmayan işlərə görə 200.000 rubl və 715.000 rubl dəyərində isə inventar və material alır.

Belə mürəkkəb hüquqi münasibətlər fonunda işlərin davam etdirilməsi uzun müddətli hazırlıq dövrü tələb edir və nəhayət, 1913–cü ilin noyabr ayında betontökmə işlərinə başlanılır. Beləliklə,131.347,98 metrlik beton su ötürücüsü üç il iki ay müddətində, ayda 3456,53 metr olmaqla həyata keçiirilir.

İşlərin uğurla getməsini ləngidən səbəblər vardı. Qeyd etmək lazımdır ki, yay müddəti işçi qüvvəsi malyariya xəstəliyi ucbatından xəstələnənlər hesabına çatışmırdı və digər tərəfdən ısə müharibənin törətdiyi əlverişsiz vəziyyət geriləmələrə səbəb olurdu.Belə ki, cəmi 260 işçidən 44 nəfəri – o çümlədən 7 mühəndis və 6 texnik müharibəyə çağırılmışdı. Digər tərəfdən, dəmiryol xətlərindəki hərəkət qaydalarının pozulması materialların daşınması və çatdırılmasında problemlər yaradırdı. Xüsusilə, Rusiya ilə Zaqafqaziyanı birləşdirən magistral yollarda müharibə ucbatından tamamilə intizamsızlıq yaranmışdı, qatarlar külli miqdarda qoşun hissələri və döyüş ləvazimatı daşıdığından, tikinti materiallarının,xüsusən sementin daşınması mümkün deyildi. Ola bilsin ki, əgər müharibə olmasaydı təsərrüfat hesabına aparılan işlər cəmi iki il müddətində yekunlaşa bilərdi.

156821,97 poqon metr uzunluğu olan su ötürücü 10 tikinti sahəsinə bölünmüşdü.Tikinti sahələri üzrə görülən işlərin cədvəli belə idi:




Cədvəldən də göründüyü kimi, yerli və texniki müxtəlifliyinə görə ərazilərdəki işlər də fərqli müddətdə aparılırdı. Uzunluq sıralamasında Yaşma,Dəvəçi, Xaçmaz və Zarat öndə gedirdi və ən az su ötürücü tələb edən ərazi isə Şollar idi. 1912–ci ilin fevralında müqavilə imzalayan podratçı şirkət faktik olaraq avqust ayında fəaliyyətə başlayır və artıq 1913–cü ilin avqustunda 25 473 poqon metr – orta hesabla hər ay 1960 metr ərazidə iş görür.

Təsərrüfat hesablı işlərə isə 1914 – cü ilin noyabrında start verilir və 1916 – cı ilin dekabr ayında işlər yekunlaşır. 1913 – cü il 1 sentyabrdan etibarən hər ay orta hesabla 3028 metr tikinti işləri aparılır. Beləliklə, təsərrüfat hesablı fəaliyyətə keçilməsi, təkcə işin sürətlənməsinə deyil, eyni zamanda qurğuların keyfiyyətinə də müsbət təsir göstərir.

Doğrudur, texniki nəzarət kifayət qədər olsa da bütün tikinti müddətində podratçının fəaliyyətində müəyyən qüsurlara rastlanmışdı. Lakin bununla belə demək olar ki, çeşmə suyunun çirklənmə ehtimalının qarşısının alınması üçün bütün texniki şərtlərə riayət olunmuşdu. Şollar - Bakı su daşıyıcısına suyun buraxılması karxanalarda tökmə beton borular vasitəsilə aparılmış, betonlama işləri quru ərazidə yerinə yetirilmiş və qrunt suları isə su soranlarla boşaldılmışdı.
Baxmayaraq ki, podratçı şirkət Şollar ərazisində həm də 1911-ci il müqaviləsinə əsasən buruq quyuları qazmağı da öz öhdəsinə götürmüşdü, lakin işlərin olduqca ləng getməsi bu işin də təsərrüfat hesablı üsulla aparılmasına səbəb oldu.



1914 – cü ilin payızında başlanılan iş 1917–ci ildə 9 buruq quyusunun qazılaraq təhvil verilməsi ilə nəticələndi. Əlbəttə, Lindleyin layihəsinə görə belə buruqların sayı 13 olmalı idi. Baxmayaraq ki, buruqların hər biri gündə 250.000 vedrə su verməli idi. Lakin buruqlar qazılarkən aydın oldu ki, bu rəqəm daha artıq olacaq. Yəni quyuların su vermək qabiliyyəti daha yüksəkdir. Beləliklə, mühəndis Lindleyin Şollar suyunun keyfiyyəti ilə bağlı mülahizələri özünü doğrultdu və Şəhər Tibbi Sanitar Bürosunun bakterioloji və kimyəvi analizlərinin nəticələri göstərdi ki, Şollar quyularının suları 15 C dərəcədə və 12 alman codluq dərəcəsində tam steril vəziyyətdə alınır.Şollardan Bakıya qədər su ötürücüsündən keçən suyun codluğu azalır ki, bu da suda həll olunmuş şəkildə olan kömür turşusunun uçması ilə bikarbonatın əvəzinə kalsium və maqnezium duzlarının yaranmasına səbəb olur, onlar isə suda həll olunmur və su ötürücüdə çökür.

Bakı–Şollar su kəmərinin çəkilişində aparılan vacib işlərdən biri də Sumqayıt nasos stansiyasının tikintisi idi. Bu mexaniki avadanlıq binasını, xeyli sayda yaşayış evlərini,həmçinin, digər təsərrüfat tikililərini əhatə edən bir iş idi. Bundan başqa stansiyada bir yığın çuğun boru döşənmiş və beton su ötürücüsü də tikilmişdi. Almaniyanın “Aşersleben” şirkətinə 1913–cü il 18 iyun müqaviləsinə əsasən 3 ədəd 600 at gücündə olan mühərrik sifariş edilmiş, lakin mühərriklərin hazırlanıb başa çatması müddəti müharibə elan edilməsi vaxtına düşdüyündən bu mexanizmlərin gətirilməsi mümkün olmur. Bunu əvəzində isə başlanğıcda müvəqqəti istifadə üçün İsveçdən 200 at gücündə işləyən Dizel mühərrikləri alınır ki, onlar da 3.000.000. vedrə yerinə şəhəri cəmi 1.000.000 vedrə su ilə təchiz edir.

Lakin tarif qiymətləri o qədər yüksək olur ki, bu suyun verilməsinin birinci ili Şəhərin gəlirlərinin artmasına, faizlərin, istiqrazların və istismar xərclərinin ödənilməsinə, hətta əlavə olaraq fövqəladə xərclərin örtülməsinə də kifayət edir. Layihədə ehtiyat suyun saxlanılması üçün iki beton çənin də tikintisi nəzərdə tutulmuşdu. Çənlərdən birinin tutumu 4.500.000 vedrə hesablanmışdı və dəniz səviyyəsindən 110 metr hündür, digəri – 800.000 vedrə tutuma malik olanı isə 69 metr hündürlüyündə idi. Həmin çənlərin tikintisini isə alman şirkəti olan “Vays i Freytaq” Səhmdar Cəmiyyəti 28 fevral 1914–cü il müqaviləsinə əsasən öz üzərinə götürmüşdü və müqavilə üzrə ümumi məbləğ 825.000 rubl müəyyən edilmişdi. Lakin müharibə bu işlərin də ləngiməsinə səbəb olur və nəhayət ki, 1916–cı ilin oktyabrında çənlər istismara hazır olur, kontragentə isə 756095 rubl 66 qəpik vəsait ödənilir.



Bakı şəhəri və sənaye rayonlarının Şollar suyu ilə təchizatı üçün ümumilikdə uzunluğu 170.000 poqon metr çuğun boru uzadılmışdı. İşlərin aparılması podratçılar Bernsteyn, Kolobov və Şmidtə həvalə edilmişdi. Daha sonra isə bu işi V.İ.Kolobov tək aparacaqdı. Podratçılar 22 fevral 1914 – cü il müqaviləsinə görə Şəhəri 153707 poqon metr materialla təmin etməli idi və müqavilə qiyməti isə 470.639 rubl 47 qəpik hesablanmışdı. İşlər 1 il 11 ay müddətinə yekunlaşmalı idi. Lakin yenə də müharibə səbəbindən işlər daha 4 ay uzandı və işin yekunlaşması 1 aprel 1916–cı ilə təyin edildi. Bununla belə podratçı mürəkkəb şəraitdə işləri vaxtında təhvil verə bilmir və işlər 1917–ci ilin sentyabrında başa çatır.

Beləliklə, Bakı və onun sənaye rayonlarına su boruları şəbəkəsinin çəkilməsi dövründə tikintinin sonuna qədər Şəhərdə 100 062 metr, sənaye rayonlarında 31000 metr və Şəhərlə Balaxanı arasında isə 11000 metr birləşdirici boru çəkilmişdi.

Bu nəhəng su kəmərinin çəkilişi zamanı Bakı şəhəri bir neçə iri Metallurgiya zavoduna (Bryansk, Sulinsk, Makyevsk, Rus Sement Ticarəti Şirkəti, Çernomorsk Sement İstehsalı zavodu, Novorossiysk “Tsep” zavodu Səhmdar Cəmiyyəti, Rastov Don ”Soyuz” birləşmiş Sement Zavodları Cəmiyyəti) çox böyük miqdarda borular, modellər, sürgülər, yanğın kranları və s. sifarişlər verilmişdi. Bundan başqa qum və çınqıl daşınması üçün Vladiqafqaz dəmiryol idarəsi ilə müqavilə (2 sentyabr 1913–cü il) imzalanmışdı kı, bu da Sumqayıt və Giləzi karxanalarından dəmiryolu ilə imtiyazlı şəraitdə 17000 kub sajın çınqıl və qum daşınmasına imkan verirdi. Vladiqafqaz dəmir yolu ilə bağlanan müqavilə əsasında eyni zamanda tamamilə susuz ərazidə olan cənub tikinti sahələrinin su ilə təmin edilməsi də nəzərdə tutulurdu. Su sisternlərdə, ölçüsündən asılı olaraq 5 – 25 rubl məbləğində odənişlə daşınırdı.

Torpaqların zəbt edilməsi

Su kəməri çəkilişində olduqca əhəmiyyətli məsələlərdən biri də su ötürücülərinin çəkilməsi və Şollar ərazisində qurğuların tikilməsi üçün torpaq sahələrinin əldə edilməsi idi. Bu məqsədlə dövlət, dövlət–icma və sahibkar torpaqlarından cəmi 800 desyatin ərazi tələb olunurdu.Tikinti başlamazdan əvvəl bu iş üçün yararlı torpaqlar dəqiqləşdirilmiş və hökumət qarşısında məcburu özgəninkiləşdirməklə bağlı məsələ qaldırılmışdı. 29 yanvar 1912 ci ildə çar Nikolayın şəxsi imzası ilə Senata ünvanlanmış Fərman işıq üzü görür. Fərmanda deyilirdi:

“Bakı şəhərinə su kəməri çəkilməsi üçün bizim Qafqazdakı Canişinimizin təqdim etdiyi planla Bakı və Quba qəzaları, Bakı quberniyası, o cümlədən, həmin quberniyanın Abşeron yarımadasının hüdudlarında vacibdir: a) mənsub olduğu bütün ləvazimatı ilə birlikdə yeddi yüz altmış dörd desyatin min dörd yüz kvadrat sajen torpaq tutulsun və b) həmin şəhərin göstərilən quberniya və qəzalarda otuz beş desyatin üç yüz altı sajın ərazidə iştirak hüququ qanuniləşdirilsin.
Bunun ardınca Xüsusi Dövlət Şurası İdarəsinin məsələ ilə bağlı nizamnaməsinə baxaraq, əmr edirəm: 1) Göstərilən məqsədlə istifadə edilmək üçün adıçəkilən torpaqların alınaraq Bakı şəhərinin mülkiyyətinə verilməsi barədə sərəncam verilsin, lazım olan təqdirdə, sahibkarların müəyyən edilmiş qaydalar əsasında yeraltı sərvətlərin qzıntısını aparmaq işləri ilə bağlı hüquqları saxlanılmaq şərtilə qeyd olunan şəhərin icazə verilən ölçülər həddində iştirak hüququ təmin edilsin...”


27 fevral 1912-ci ildə hökumət bu məsələyə razılıq vermiş, lakin həmin zamana qədər Şəhər bir neçə sahibkarla və dövlət kəndliləri ilə danışıqlar apararaq onlarla könüllü razılığa gələ bilmişdi. Doğrudur, sahibkarların əksəriyyəti olduqca yüksək qiymət qoyduğundan belələrindən torpaq hökumətin qərarı ilə məcburi şəkildə alınmışdı. Dövlət torpaqları ilə bağlı isə Torpaq Nazirliyi ilə razılığa gəlinmiş və nazirliyin qaydalarına əsasən torpaqların əldə edilməsinə nail olunmuşdu. Lakin dövlət – icma torpaqlarıyla bağlı Nazirliklə Şəhər hakimiyyəti arasında anlaşılmazlıqlar vardı. Nazirlik belə hesab edirdi ki, yerin təki Şəhərin mülkiyyətinə daxil olmadığından dövlətə aiddir.Şəhər isə bununla razılaşmırdı. Anlaşılmazlıqlara baxmayaraq, Şəhər su çəkilişi ilə bağlı tikinti işlərini aparmaq üçün bütün imkanlardan istifadə edə bildi.



Nəzərə alınsa ki, Şollar su kəməri demək olarki, bütün Vladiqafqaz dəmiryolu xətti boyunca uzanır və yeddi yerdə bu xətti həm də kəsirdi, buna görə Şəhər məcburən xüsusi razılaşma da imzalamalı oldu.30 mart 1913 – cü ildə imzalanmış həmin təhkimçilik aktı şəklində müqavıləyə görə Vladiqafqaz dəmiryolu öz su ehtiyaclarının həmin Şollar su kəmərindən güzəştli ödənilməsi şərtilə Şəhərə icazə verir. Vladiqafqaz dəmir yolu isə Xudatdan Nasosluya qədər olan ərazidə ozbaşına axınla gedən suyu 100 vedrəsi 12,5 qəpikdən və Nasosludan Biləcəriyə qədər olan ərazidə isə 100 vedrəsini 25 qəpikdən alır.

Beləliklə, Bakı-Şollar su kəmərinin tikintisi üçün tələb olunan 780 desyatin 330,70 kvadrat sajın əraziyə daxil olan sahibkar və icma torpaqlarının siyahısı belə idi:

Bakı qəzası üzrə - Biləcəri, Xocahəsən, Xırdalan, Hökməli, Saray, Corat, Novxanı, Pereküşkül, Gevxanı, Təkyəqum, Balaxanı, Yaşma, Qara Maqsud, Toxçay, Geodı, Xınalıq.

Quba qəzası üzrə - Qalaqan, Keşt, Zarat, Xınalıq,Kəleyxudat, Keş, Qalacıq, Məlik –Həsən, Ağ Siyəzən, Qara Siyəzən,Nardaran, Zərgərli, Siyəzən,Axınyataq, Əmir –Əhməd (qışlaq), Cəmli, Qonaxkənd,Ərəbəliməmməd,Taqay, Cimi, Siyal,Ataçay, Ərəbqəmyə , Saadan,Uqax, Ağasıbəyli,Taqay ( kənd icması), Zizik, Eynə bulaq,Əlixanlı, Kəlanı, Dəvəçi, Taxta Körpü (çay), Güləmli, Pirəxəlil,Dəvəçiçay. Sincan – Bayat,Uzun – Bayat,Qazaxlı,Molla Kamalı, Qalaqaya, Bilic, Gəndob,Suvazlı, Suvazlı Sələb, Məliklər, Şabran Padar, Təzəkənd. Sor – Sor, Bor – Bor Molla Kamallı, Şahnəzərli, Aygünlü, Aşağı Kunşi, İrəhimli,Kaqar, Bor – Bor,Rəhimli, Sor –Sor –Bilic, Xırda oymaq, Andrey Abat, Seybatlı,Çarxı, Cek –Qışlaq, Əlırza oba,Sayat, Çaqacıq çay,Kalaqan, Usta – Calı, Xan Qaraqaşlı,Buduqlu, Qaraqutu, Aşağı Əlik,Ərəb Hacı, Çaxmalı, Qaraçı, Qaraqurtu, Yeni Xaçmaz,Qudyalçay, Qubaçay, Çiləgir, Naracan, Ağtala,Dadalı, Köhnə Xaçmaz,Bostançı,İspatoba, Bədir qala,Şimal – Qriz, Hacı Karxan oba,Şollar, Susay, Xudat, Babaxan ( kanal), Hacı Nəcəf oba,Maqsudkənd.

Bakı Qradonaçalnikliyi üzrə - Balaxanı,Balaxanı - Sabunçu, Ramanı, Zabrat, Zığ burnu,Əhmədli, Bibi -Heybət, Şıx.

Kür, Samur və Şollar qaynaqlarının müqayisəli təhlili

V.Q.Lindley Bakı şəhərinin Şollar suyu ilə təchizatının daha əlverişli olduğunu sübuta yetirmək üçün hər üç – Kür çayı, Samur çayı və Şollar ərazisindəki qrunt suları (bulaqlar) su mənbələrinin texniki, gigiyena və iqtisadi nöqteyi nəzərdən müqayisəli elmi təhlilini aparmaqla şəhər üçün belə vacib bir məsələdə məqsədyönlü nəticələrə gəlir.Hər üç su mənbəyindən axan suyun kimyəvi tərkibi, ölçülmüş cisimlər, bakteriyaların miqdarı, suyun hərarəti öyrənilir.
Nəhayət, hər üç su mənbəyinə məxsus suyun keyfiyyəti ilə bağlı gəlinən nəticə belə olur:

- Gigiyena nöqteyi nəzərindən qrunt (Şollar) suları heç şübhəsiz hamısından üstündür: bu, bakterioloji tədqiqatlar, azot birləşmələrinin olmaması və əhmiyyətsiz dərəcədə az miqdarda kalium permanqanatın hopması ilə təsdiqlənir. Düzgün quraşdırılmış qurğular nəticəsində qrunt sularının tərkibi dəyişməyəcək. Halbuki, Kür və Samur çaylarının suları isə şəhər ərazisində paylanarkən düzgün və vicdanlı filtirləmədən keçməzsə suyun tərkibi dəyişəcəkdir. Filtrasiya zamanı ilin bəlli dövrlərində isə şəffaf suyun alınması üçün pıxtalaşdırıcı maddələrin əlavə edilməsi mütləqdir.



- İçməli su kimi qrunt suları təkcə gigiyenik nöqteyi nəzərdən sərfəli deyil, eyni zamanda hərarəti və xoşagələn dadı ilə də üstünlük təşkil edir. Suötürücü elə dərinlikdə layihələndirilir ki, ona havanın hərarəti təsir etməyəcək və yay aylarında da sərin və təravətləndirici bir içəcək kimi sudan yararlanacaq. Çox uzun yol keçən Kür və Samur su xəttləri isə böyük dərinlikdən aparıldığı üçün durulma və filtirasiya zamanı yayda qismən soyuyacaq, qışda isə əksinə, isinəcəkdir.Yəni şəbəkədən gələn suyun hərarəti çaydan qəbul edilərkən olduğundan yayda bir qədər isti və qışda isə bir qədər soyuq olsa da hətta soyudulduqda belə lazımi aşağı hərarəti almaq mümkün olmayacaqdır. Qrunt sularının bütün xüsusiyyətləri Bakının iqlim şəraitində bütün təbəqələrdən olan əhali üçün əhəmiyyətli dərəcədə əlverişli olacaq, əhali həm də Iqtisadi baxımdan ucuz və sağlam su ilə təmin ediləcək.
- Kürün və Samurun yaxşı filtrlənmiş suyu da adi istifadə üçün qrunt sularına bərabər qəbul edilə bilər.

- Sənayedə istifadə ediləcək Kur və Samur silarının codluğu eynidir: 9,5 alman dərəcəsindən 11,5 dərəcəyədək. Şollar sularının codluğu isə 12 – 13 dərəcədədir və bu sular da sənayedə istifadəyə yararlıdır. Lakin qrunt sularının ən əsas cəhəti onun əhalinin sağlamlığına təsiri ilə bağlı üstünlüyüdür. Su təchizatının etibarlılığı baxımından da hər üç su mənbəyi eyni keyfiyyətə malik idi.

Kəmiyyət baxımından şəhərin gündəlik su tələbatı 3, 6 və 12 milyon vedrə təşkil edirdi.Samur çayının isə istehsal gücü gundəlik 150 milyon, Şollar bulaqlarında isə bu rəqəm 6 milyon idi. Şollar bulaqları qalın qum, çınqıl və çay daşı laylarından süzüldüyü üçün daimi 10% məsrəflə axır.



Suyun qəbulu və çirklənməsinə gəldikdə isə Kür və Samur suları sahil və yataqları daimi olmadığı üçün boruların müntəzəm təmirə ehtiyacı vardır. Şollar bulaqlarının isə düzgün qurulmuş kaptajı bulaqların zərər görməsini əngəlləyir. Qrunt sularının isə quyu və sifonlar vasitəsilə çıxarılması işləri asanlaşdırır və belə qurğular ciddi bir təmir tələb etmir.

Suyun çatdırılması məsələsində: Samur Bakıdakı çənlərə qədər öz axını ılə gəlir.Kür isə üç stansiyadan keçir:Kür, Duvanlı və Qurd Qapısı.Hər üç stansiyanın ümumi maşın qüvvəsi 1475 at gücündədir, gündəlik isə 3 milyon vedrə su ötürür. Şollar ərazisindəki bulaq və qrunt suları isə şəhərə yaxın bir məsafədən oz axarı ilı kedir və Sumqayıt Nasos stansiyasından qalxdıqdan sonra çənlərə tökülür.Maşın 1170 at gücü ilə işləyir, gündəlik su ötürücülük qabiliyyəti isə 3 milyon vedrədir. Kür stansiyasında təzyiq 16,5 sajen, Duvanlıda 12 sajen, Qurd qapısında isə 52,5 sajen – ümumilikdə 81 sajındır. Sumqayıt stansiyasında təzyiq isə 65 sajına bərabərdir.

Su kəmərləri - tərkibinə görə daş, dəmir sifon və təzyiq naqilləridir.

Sifonlar – Kür su kəmərlərində sifonlarda təzyiq 0,8 – 1 atmosfer gücündə; Samur kəmərində 8 – 13,5; Zarat – Sumqayıt xəttində 17; Şollar su kəmərində isə Ataçay yaxınlığında 2 – 2, 25; Hacı Həsən vadisində 5, 75, digərlərində isə əhəmiyyətsiz dərəcədə az idi.

Təzyiqli boruötürücüləri – Kür su kəmərinin Kur – Duvanlı sahəsində 3,5 , Duvanlı – Qurd qapısı sahəsində 2,5, Qurd qapısı – tunel sahəsində isə 11,0 atmosfer idi; Şollar su kəmərində isə Sumqayıt nasos stansiyasında təzyiq 14,0 atmosferə çatırdı.

Suxurlara gəldikdə isə Kür su xətti əlverişsiz suxur üzərində idi. Xüsusilə, Duvanlı – Qurd qapısı ərazisi. Burada dağların yamacları çılpaq idi, güclü aşınmaya məruz qalmışdı və xətt isə tez – tez yarğan və lilli vadilərlə kəsilirdi; Samur xətti isə əla suxur üzərindən keçsə də sərt yamaclarda, xüsusilə, çox dərin vadilərdə sifonların enən və qalxan hissələrində, çayların və çeşmələrin kəsişdiyi yerlərdə su kəmərinə məxsus qurğuların qorunmasına daimi nəzarət tələb edilirdi; Şollar xəttindəki kəmər isə əla suxur üzərində, sərt olmayan yamacda yerləşirdi. Ərazinin əsas hissəsi düzənlik, çöllük və meşələrlə örtülü təpəliklər idi. Vadi əsasən maili yamaclarla kəsişirdi və çox az meylliliyi vardı. Bu vəziyyət onu təhlükəsiz edirdi. Sumqayıt çayı isə xüsusi körpü ilə kəsişirdi ki, bu da həmin su kəmərinin etibarlılığına tam təminat verirdi.



Etibarlılıq məsələsinə gəldikdə isə hər iki çaydan qəbul ediləcək suya nəzərən suxurdan və bulaqlardan əldə edilən su daha etibarlıdır. Kürdən təchız ediləcək su ilə müqayisədə Şollar suları nasos stansiyalarının sayının azlığına görə üstündür. Belə ki, Kürdən gələn su üç stansiyadan keçməli idisə, Şollar kəməri şəhərə çox yaxın məsafədə olan cəmi bir stansiyadan keçir ki, bu da nəzarət işini asanlaşdırır. Baxmayaraq ki, su iki sifonda qismən güclü təzyiqdən keçir. Bununla belə əlverişli suxur şəraiti Şollar su kəmərinin yaxşı işləyəcəyinə inam yaradırdı.

Samur su kəmərində isə ümumiyyətlə nasos stansiyası yox idi. Lakin çox uzun və yüksək təzyiq altında işləyən metal borular Şollardan çəkilən məsafədən üç qat artıq idi. Xüsusilə, uzun Sumqayıt – Zarat sifonu çox yüksək təzyiqlə işləyirdi.Bu su kəməri Taştın – Zarat sahəsində sərt yamaclardan keçdiyindən və çox dərin vadilərdə sürətli dağ çayları ilə kəsişdiyindən Şollar kəmərinə nəzərən az etibarlı idi.

Dəyər baxımından hər üç su kəməri iqtisadi mənfəət nöqteyi – nəzərindən müqayisələndirilirdi. İlk növbədə fərqli gücə malik su kəmərlərinin müəyyən qurğularının qiymətinə xüsisilə diqqət yetirilirdi ki,bu da maliyyə baxımından daha məqsədyönlü olan layihəni seçmək imkanı yaradırdı. Belə su kəmərləri isə 6 milyon vedrə istehsal gücünə hesablanmışdı. Müqayisə üçün hər üç layihənin istismar xərcləri mühəndis Lindley tərəfindən dəqiqləşdirilmişdi. Əsasən, Kür və Şollar su kəmərlərinə münasibətdə müqayisə aşağıdakı kimi idi: ilk növbədə 3 milyon vedrə su istehlak edəcək Kur su xəttinin tikilməsinə 14,5 milyon rubl xərclənəcəkdi ki, bu da eyni miqdarda su istehlakı nəzərdə tutulan Şollar su xətti qurğularına çəkiləcək xərcdən 700.000 rubl ucuz başa gələcəkdi. Lakin istismara verilərkən Şollar suyunun qiyməti 100 vedrə üçün 13,4 və ya 17,7 qəpikdən, Kür suyu isə 14,2 və ya 18,5 qəpikdən hesablanmalı idi.



6 milyon vedrə su istehlakı üçün isə əksinə, Şollar xəttinin tikintisinə 18,3 milyon rubl xərclənəcəkdi ki, bu da Kur xəttinə çəkiləcək xərcdən 2.2 milyon rubl az idi. Bu halda isə yenə də Şollar suyunun qiyməti Kür suyundan 15% ucuz, yəni 11,1 qəpik hesablanacaqdı. Əgər 9 milyon vedrə su istehsal edən kəmər nəzərdə tutulardısa bu zaman Şollar xəttinə ikinci su ötürücü əlavə edilməklə tikintinin xərci 33,4 milyon rubl, Kur xəttinin xərci isə 33,5 milyon rubla çatacaqdı. Burada da suyun istismar qiyməti 100 vedrə üçün Şollarda 9% ucuz, yəni 12,4 qəpik, Kurdə isə 13,6 qəpik hesablanırdı.

12 milyon vedrəlik su xəttində isə Şollar kəmərinin tikinti xərcləri 35,4 milyon və yaxud dəyəri 39,6 milyon rubl olan Kur xətti çəkilişindən 4,2 miyon rubl ucuz başa gəlirdi. Bu halda da Şollar suyunun istismar qiyməti 100 vedrə üçün 12,3 qəpik hesablanan Kür suyundan 15% ucuz, yəni 10,4 qəpik olurdu. Samur su kəmərinə münasibətdə isə burada tikinti xərcləri hər iki su xəttinə nəzərən daha baha başa gəlirdi. Suyun istismar qiymətinə gəldikdə isə Samur su kəmərindən veriləcək suyun qiyməti Kür suyundan bir qədər ucuz başa gəlsə də, Şollar suyundan 17 – 21% baha hasab edilirdi. Beləliklə, tikintinin dəyərinə görə Şollar ərazisindən çəkiləcək su xətti əlverişli qiymətə başa gəlirdi.

Bütün aparılan müqayisəli təhlildən sonra ümümi nəticəyə görə qərara alınır ki:Şollar ərazisindən çəkiləcək qrunt suları Bakı şəhərinin su təchizatı həm suyun keyfiyyəti, həm texniki cəhətdən etibarlılığı və həm də ucuz başa gəlməsi ilə məsələnin ən yaxşı həll yoludur. Digər tərəfdən Şollar su kəməri uzunluğuna görə Kür kəmərindən 70 verst daha çox olmasına baxmayaraq tikinti zaman etibarı ilə eyni müddətə başa gəlirdi. Çünki Kürdən suyun təchiz edilməsi çətinliklər yaradırdı: çoxlu tunellər çəkilməli, çoxlu sayda maşınlar, nəhəng yığıntı hovuzları və filtrlər quraşdırılmalı idi. Həmçinin, ərazi su qıtlığı çəkdiyindən və əlaqə yaratmaq üçün əlverişsiz şərait tikinti aparılan yerlərə istifadə ediləcək suyun daşınması işini əngəlləyirdi.



Şollar ərazisində aşkarlanan suların su təchizatı mənbəyi kimi tövsiyyə edilməsinin əsas təsdiqləyici səbəbləri Lidleyin Bakı şəhərinin su təchızatı layihəsinə dair 1909 – cu il mart ayının 14 də Frankfurt şəhərində hazırladığı izahedici məktubunda belə şərh edilir:

İşlərin dəyəri.

1. Şollar su kəməri qurğularının – suötürücünün, Sumqayıt nasos stansiyasının,təzyiq boru kəməri, Bakıdakı çənlər və onların paylayıcı quyuları, torpaqların alınması və zərərlərin ödənilməsindən tutmuş bütün əlavə tikililərlə birlikdə xərc 15.200.000 rubl.

2. Aşağı çən ötürücülərindən ibarət paylayıcı qurğular, həmin çənlərin mədənləri, baş ötürücüləri, şəhər və mədən şəbəkələrini təchiz edən nasos stansiyaları, Boğ - Boğa dağındakı təzyiq çəni və bütün əlavə qurğularla birlikdə xərc 3.390.000 rubl.
Beləliklə yekun xərc cəmi: 18.590.000 rubl.

İllik xərclər

Gündə3 milyon vedrə üçün faiz, təmir və ya ödəmə xərcləri

a) Su ötürücülərdə ............... 1.114.143 rubl
b) Paylayıcı qurğularda ............... 282.012 rubl
Cəmi .... 1.396.155 rubl

İstismar xərcləri:

a) Su ötürücüdə .............. 106.400 rubl
b) Su təchizatının idarə olunması ilə birgə paylayıcı qurğularda.............108.200 rubl
Cəmi .... 214.600 rubl,
Yekun nəticə cəmi .... 1.610.755 rubl.



Suyun qiyməti

Şəhər üzrə paylanan suyun qiyməti 100 vedrə üçün 17,7 qəpik idi.Bu qiymət yalnız smetada göstərilən xərclər əsasında müəyyən edildiyindən istiqraz məsarifləri, emissiya itkiləri və tikintiyə qoyulan kapital faizləri nəzərə alınmamışdı.

Tikintinin həyata keçirilməsinə tələb olunan kapıtala və tikintiyə ayırılan istiqraza illik cəmi 6 faiz nəzərdə tutulmuşdu.Yerdə qalan bütün digər ödənişlər isə smetaya daxil idi. Beləliklə,bütün illik ödəmələrin orta həcmi su xətti qurğuları tikintisinin ümumi dəyərinin 1,5 % - ni təşkil edirdi.Bakı Şəhər Başçısı L.L.Bıç Moskva Bankından 9 aylıq veksellə 6.000.000 rubl, Moskva Qarşılıqlı Kredit Tacir Cəmiyyətindən illik 6% olmaqla 4.000.000 rubl, Moskva Uçot Bankından 1.000.000 rubl və Moskva Ticarət Bankından 1.000.000. rubl həcmində qısa müddətli istiqrazlar götürmüşdü. Veksellərin müddəti 1916 – cı ılın 15 sentyabrınadək idi.Petroqrad Beynəlxalq Bankının Bakı filialı da eyni şərtlərlə 6 yanvar 1917 – ci il tarıxə qədər olan müddət üçün 2.000.000 rubl istiqraz vermişdi.

Bütün tikintiyə 1 aprel 1917 – ci il tarıxədək yönəldilən ümumi xərc 1.372.500 rubl, istiqraz faizlərinin ödənilməsinə isə 435.457r.74 qəpik hesablanmaqla ümumi məbləğ 33.089.931 r.68 qəpik idi.

Lakin işlərin ləng getməsi və digər səbəblərdən su kəmərinin tikinti işlərinə xərclənən vəsaitin həcmi artdı və nəzərdə tutulduğundan 6.469.495 r.87 qəpik əlavə vəsait xərcləmək lazım gəldi.

1917–ci ilin sonunadək bütün işlər yekunlaşdı və layihənin rəhbəri və baş mühəndis Vilyam Lindleyə layihə və işlərə nəzarətə görə bütün ümumi xərclərin 1.14 faizini təşkil edən bir məbləğ - 270.000 rubl ödənildi.



Bundan başqa Şəhər Dumasının 23 may 1917 – ci il tarixli iclasının qərarı ilə zəhməti müqabilində 50.000 rubl mükafat təyin edildi, lakin Şəhər kassasında vəsait olmadığından ödəniş baş tutmadı.

Bakı – Şollar su kəməri bütün şəhəri və Bakının 12 rayonunu əhatə edirdi. Əsas statistik rəqəmlər isə belə idi: mənzil sayı – 44826;əhali - 192698 nəfər;bir mənzilə düşən əhali orta hesabla -4,2; ümumi rüblük mənzil ödənişi – 1909809 rubl; orta rüblük ödəniş – 42,6 rubl.

12 rayon üzrə paylayıcı şəbəkədə olan mənzillərin sayı - 23.811; əhali – 100,924 nəfər idi. Rayonlar üzrə ümumi rüblük ödəniş – 1.343.415 rubl; mənzil başına ödəniş isə 48.128 nəfər üçün 14.141 rubl hesablanmışdı. Bakının qalan 9 rayonu isə şəbəkəyə qoşulmamışdı.
Beləliklə, əslində 1872 – ci ildən yol alan, lakin nəhayət ki, 1909 – cu ildən qərarlaşdırılaraq, 1910 – cu ildə çəkilişə vəsiqə alan Bakı – Şollar su kəməri zamanına görə təkcə Avropada deyil, bütün dünyada analoqu olmayan çox nəhəng bir tikili idi.

Şollar ceşməsindən su xətti cəkilişi ilə əlaqədar aparılan tikinti işləri ətrafında zamanında xeyli səs – küy yaranmışdı və çoxları mühəndis Vilyam Lindleyin Bakı şəhərini bu yolla su ilə təchiz etmək üsulunun doğruluğuna şübhə ilə yanaşmışdı.

Dəfələrlə, hətta Şəhər Dumasında və elmi ictimaiyyət arasında da Şollar qaynaqlarından lazımi qədər keyfiyyətli su alınması imkanlarının mümkünsüzlüyü və çoxlu qrunt sularının toplaşdığı ərazilərdə əhəmiyyətli dərəcədə uzun müddətli beton su ötürücülərinin dayanıqlılığının məqsədyönlü görünməsi fikri də böyük şübhə doğurmuşdu. Lakin günümüzə qədər istehsal gücünü qoruyub saxlaya bilən bu su kəməri göstərilən təhlükələrin özünü doğrultmadığını və Vilyam Lindleyin bu nəhəng layihəsinin tamamilə real olması və özünütəsdiqini tapmasını sübuta yetirdi.

Bu il 100 yaşını tamamlayacaq olan bu əzəmətli su kəməri XIX əsr Azərbaycanının qala şəhəri olan Bakıya səfalı dağlarımızdan bulaq suyu daşımaqla o zamankı dünyada bir ilkə imza ata bildi. Ocağın isti, suyun həmişə sərin olsun Azərbaycan!


Teqlər: #Şollar   #Tarix   #Bakı   #Su   #Araşdırma  





Xəbər lenti