Gənc alimlər üçün mükafat müsabiqəsi elan edilib

Gənc alimlər üçün mükafat müsabiqəsi elan edilib
  09 Mart 2017    Oxunub:2457
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində "2016-cı ilin alimi" mükafat müsabiqəsini elan edib.
Fondun mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdiyi elmi və elmi-təşkilati nailiyyətləri əsasında müsabiqə yolu ilə qiymətləndirilməsi və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin Elmin İnkişafı Fondu tərəfindən müəyyənləşdirilmiş və beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.

Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər:

Əsas nominasiyalar:

Fizika-riyaziyyat və texnika elmləri üzrə - 1 mükafat (3 000 manat);
Kimya elmləri üzrə - 1 mükafat (3 000 manat);
Yer elmləri üzrə - 1 mükafat (3 000 manat);
Biologiya, tibb və aqrar elmləri üzrə - 1 mükafat (3 000 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (3 000 manat).

Gənc alimlər üçün (35 yaşadək) nominasiyalar:

Təbiət və texnika elmləri üzrə - 1 mükafat (2 000 manat);
Həyat haqqında elmlər üzrə - 1 mükafat (2 000 manat);
Humanitar və ictimai elmlər üzrə - 1 mükafat (2 000 manat).

Müsabiqədə iştirak etmək üçün sənədlər 2017-ci il martın 10-dan aprelin 17-si saat 17:00-dək qəbul olunacaq. Nəticələrin 2017-ci ilin may ayının ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur.

Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi-tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi şəkildə iştirak edə bilərlər. Müsabiqə ilə bağlı sualların elektron-poçt ünvanına göndərilməsi və ya onların zəng vasitəsi ilə cavablandırılması mümkündür. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində iddiaçılara kömək və sualların cavablandırılması məqsədilə Elmin İnkişafı Fondunda məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu haqda Fondun internet portalında əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: ElminİnkişafıFondu   müsabiqə  





Xəbər lenti