Paytaxtda daha bir metro stansiyası

Paytaxtda daha bir metro stansiyası
  22 Avqust 2013    Oxunub:9552
Metronun “Xətai-Həzi Aslanov-2" sahəsinin tikintisinə başlanılıb
Bakı Metropoliteninin perspektiv inkişaf planı çərçivəsində yaxın beş ili əhatə edən Dövlət Proqramının tərkib hissəsinə çevrilmiş “Yaşıl xətt”in “Xətai-Həzi Aslanov-2” sahəsi artıq inşaat meydançasına çevrilib.
AzərTAc xəbər verir ki, sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdıraraq, inşaata başlayıblar. “Azərtunelmetrotikinti”nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas inşaat işlərini Azərbaycandakı tərəfdaşı “Akkord”un vasitəçiliyi ilə Fransanın “Buiq” və Ukraynanın “İnterbudmontaj” şirkətləri yerinə yetirəcəklər.
“Xeyli müddət bu sahədə tikintinin başlanması ilə bağlı səylərimiz, nəhayət ki, bəhrəsini verdi. Əvvəllər də bu sahənin vacibliyini xüsusi vurğulayırdıq. Bu istiqamətdə qatarların hərəkəti təmin edilməyincə, mövcud xətlərdəki hərəkət natamam olaraq qalacaqdı” - deyən idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəisi Arif Rəsulov qeyd edir ki, ilkin araşdırmalardan və tədqiqatlardan sonra əsas planı müəyyənləşdirən şirkətlər konkret fəaliyyət planı üzrə işə başlamışlar.
Şirkətlər inşaatın sürətlə aparılmasını, eyni zamanda, ərazinin geoloji şəraitini nəzərə alaraq iş bölgüsünü optimal şəkildə müəyyənləşdirmişlər. Qeyd edək ki, bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcəkdir. Optimal variant həm də şərti olaraq “Y-15” adlandırılan stansiyanın yerləşəcəyi məkanda start kamerasının qazılması idi.
Arif Rəsulov qeyd edir ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcəkdir. “Buiq” “Y-15”-dən “Xətai” stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcəkdir. “İnterbudmontaj” isə “Həzi Aslanov-2” istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcəkdir. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür. Bütün bunlar dövlətimizin başçısının metropolitenin inkişafı ilə bağlı verdiyi qərarın zamanında atılmış addım olduğunu bir daha sübut edir.
Rəis müavini deyir ki, biri postsovet məkanında, digəri isə dünyada ən aparıcı inşaat nəhənginin Azərbaycanda metro tikintisində iştirakı, həm də ölkəmizin iqtisadi-sosial nüfuzunun və dövlətimizin etibarının daha bir göstəricisidir.
Artıq “Y-15” stansiyasının yerləşəcəyi Nobel prospektində “Azərneftyağ” neft emalı zavodunun ərazisində start kamerasının özül çalasında dəmir və boru beton svayların vurulmasına başlanılmışdır. Arif Rəsulov əlavə edir ki, artıq bu sahədə yerləşəcək hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilmiş və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınmışdır. Qeyd edək ki, hər üç stansiya Nobel prospektində yerləşəcəkdir. “Yaşıl xətt”in “Xətai”dən sonrakı ilk yeraltı dayanacağı “Ağ şəhər” layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaqdır.
Beləliklə, şəhər sakinləri, xüsusən də stansiyaların inşa olunduğu yaxın ərazilər və bu yoldan istifadə edən metro istifadəçiləri üçün xoş müjdə olan “Xətai-Həzi Aslanov-2” sahəsinin inşaatı artıq həqiqətə çevrilib.


Teqlər:  





Xəbər lenti