Dindar beyninin sirri açılır – Elmi təcrübə

Dindar beyninin sirri açılır – Elmi təcrübə
  10 Dekabr 2016    Oxunub:27943
Dini hisslər keçirən insanlar tez-tez sevinc, rahatlıq, güvənlik kimi hisslər yaşadırlarını deyirlər. Yeni araşdırma aşkar edib ki, həqiqətən də, dini yaşantılar zamanı beynin məmnuniyyət mərkəzləri fəallaşır.

Araşdırma aşkar edib ki, dini hisslər və digər həzzverici, məmnunedici hallar - məsələn, məhəbbət, cinsi münasibət və narkotik vasitələr,- beynin eyni sahələrini aktivləşdirirlər.

- Biz inanclıların mənəvi, ilahi, yaxud fövqəladə kimi izah etdikləri hallarda beynin necə iştirak etdiyini yeni anlamağa başlayırıq,- deyə, araşdırmanın müəlliflərindən biri, Yuta Tibb Məktəbinin neyroradioloqu Dr. Jeff Anderson bildirib.- Son bir neçə ildə beyni təsvir edən texnologiyalar o qədər inkişaf edib ki, min illərdir, bizi narahat eden suallara yaxınlaşmağa imkan verir.

Araşdırma zamanı tədqiqatçılar 20-30 yaşlarında olan, Mormon kilsəsində 1.5 ildən 2 ilədək missioner xidməti göstərmiş 19 dindar mormonun (dini təriqət) beyinlərini analiz ediblər. İştirakçılar beyin skanerində bir saat vaxt keçiriblər, bu zaman onlara dini hissləri oyandırmaq üçün nəzərdə tutulan videolar göstərilib, sitatlar gətirilib. Həmçinin onlardan skanerdə 6 dəqiqlik dua etmələri xahiş olunub.

Sessiya ərzində bir neçə dəfə iştirakçılara "Ruhu hiss edirsinizmi?" sualı verilib (Bu sualdan Mormon Kilsəsində ilahi sevinc hisslərini coşdurmaq üçün istifadə olunur). Cavablar "hiss etmirəm" və " çox güclü hiss edirəm" arasında dəyişib.

Nəticələr göstərib ki, "ruhu hiss etmək" beynin bitişik özək (nucleus accumbens) adlanan və həzz hisslərini aktivləşdirən hissəsinin fəallaşması ilə əlaqəlidir. Bu fəallaşma iştirakçıların dini hissləri pik həddə çatmazdan (bunu düyməni basmaqla göstərirdilər) 1-3 saniyə əvvəl qeydə alınıb.

Dini hisslər mühakimə və əxlaqi düşüncənin də aid olduğu orta ön korteks (medial prefrontal cortex) adlanan sahənin, həmçinin artan diqqət və sayıqlıq ilə əlaqədar sahələrin fəallaşması ilə bağlıdır.

Tədqiqatçılar qeyd ediblər ki, beynin dini hisslərlə əlaqədar olan digər sahələrinin də müəyyən edilməsi üçün müxtəlif dinlər və mədəniyyətlərdən olan insanların da daxil olduğu tədqiqatlara ehtiyac var.

Taryel Abdullayev
AzVision.az üçün


Teqlər:





Xəbər lenti