Bakıda qızlar niyə gec ərə gedir? - Səbəblər

Bakıda qızlar niyə gec ərə gedir? - Səbəblər
  20 Oktyabr 2016    Oxunub:27053
Azərbaycan Tibb Universitetinin Mamaginekologiya kefedrasının müdiri Elmira Əliyeva ötən gün keçirilən mətbuat konfransında Bakıda yaşayan qızların gec ailə qurduğunu deyib. Onun sözlərinə görə, Bakıda qızlar əsasən 30 yaşdan sonra ailə qururlar və bu da onların ana olmasında ciddi problemlərə yol açır.

Bakıda qızların niyə gec ailə qurması diqqət çəkir. Bunun səbəbi nədir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininİnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov mövzu ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nikah yaşı son 10-15 il ərzində dəyişib. Belə ki, 90-ci illərdə qadınlar üçün ortalama nikah yaşı 22-24, kişilər üçün isə 24-26 idi. Hazırda qızlar üçün ortalama nikah yaşı 25-26, kişilər üçün isə nikah yaşı 29-a çatır.



Komitə rəsmisi qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına daxil olub, həm də beynəlxalq inteqrasiya proseslərində inkişaf edib. “Eyni zamanda gender bərabərliyi ilə bağlı qanunun qəbul edilməsi, bu prinsiplərin həyata keçirilməsi, qadınların məşğulluqda sayının çoxlamasına, xüsusilə təhsil, səhiyyə sahələrində, müxtəlif vəzifələrdə işləyən qadınların sayının artmasına təsir edib. Bu gün qadınlarımız bütün sahələrdə işləyir. Ali təhsil alan qızların sayı son 20 il ərzində xeyli çoxalıb. Qızlarımız nəinki hümanitar fənlər, eyni zamanda texniki fənlər, iqtisadiyyat, neft sahələrində də aktivdirlər”.

E.Səfərov vurğulayıb ki, ölkəmizdə müxtəlif vəzifələrdə çalışan qadınların sayı günü-gündən artır: “Məsələn, icra başçılarının müavinləri səviyyəsində qadınların sayı 75 nəfərə çatıb. Bələdiyyələrdə isə qadınlar 35 faiz təşkil edir. Bu, Avropa Şurası dövlətləri çərçivəsində ən yüksək səviyyədə göstəricidir. Bütün proseslər, təminat məsələləri, daha yaxşı şəraitdə ailə qurmaq qayğıları nikah yaşını artırır. Buna görə qızlarımız gec yaşlarda ailə qururlar”.

Komitə nümayəndəsi bildirib ki, əvvəllər Azərbaycanda erkən nikahların sayı 5000-6000 idisə, hazırda bu göstərici 400-500 civarındadır. “Burada söhbət 17 yaşında qeydiyyata alınan nikahlardan gedir. Bunların sayının azalması birbaşa qadınların - həm ali təhsil alanlarının, həm vəzifədə çalışanlarının sayının artmasıdır. Qızların gec yaşlarda ailə qurması problem deyil. Bu qloballaşma və inteqrasiya proseslərində özünü biruzə verir”.



Qızların gec ailə qurmasının müsbət və mənfi tərəflərinin olduğunu deyən şöbə müdiri ilk olaraq müsbət məqamlardan söz açıb: “Müsbət tərəfləri odur ki, onlar daha çox öz hüquqlarını bilir, bərabər şəkildə çıxış edir, müstəqil şəkildə qərar verirlər. Əvvəllər qızların yerinə valideynlər qərar qəbul edir. Mənfi təsirləri ondan ibarətdir ki, nikah yaşı çoxalır və birinci uşağın doğulma sayının əmalında azalma müşahidə edirik. Əvvəllər qızlar 20-24 yaş aralığına birinci uşağı dünyaya gətirirdisə, indi nikah 25 yaşdan sonra olur və bu, ilk uşağın doğulmasına təsir göstərir. Bu da əhalinin sayının artım templərinin azalmasına gətirib çıxardan amillərdən biridir. Erkən nikahlarda hamiləlik qadının sağlamlığına təsir göstərdiyi kimi, gec nikahlarda da uşağın doğulması problemli olur, hamiləlik ağır keçir və tənzimlənməsi çətin olur. Lakin unutmamalıyıq ki, bütün bu proseslər, qızların gec yaşlarda evlənməsi cəmiyyətə təsir göstərən amillərdən asılıdır. Bu gün təkcə Azərbaycanda deyil, regiondakı bütün dövlətlərdə nikah yaşı artıb. Azərbaycanda regionda olan bu məslələrlə qarşılaşır. Gec yaşlarda qurulan ailələrdə, qadınlarda problemlərin olmaması üçün tibbi xidmətlərin gücləndirilməsinə ehtiyac var. Nəticədə, gec qurulan ailələrdə uşaq olması problemləri süni mayalanma məsələsini gündəmə gətirir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti