Göyçaylı körpənin üz-gözündən qan gəlməsinin səbəbləri

Göyçaylı körpənin üz-gözündən qan gəlməsinin səbəbləri
  10 Avqust 2013    Oxunub:3146
“İlahi vergi ilə əlaqələndirmək gülüncdür”.
Göyçayda azyaşlı uşağın üzləşdiyi qeyri-adi vəziyyət hamını heyrətə gətirib. Belə ki, Göyçay rayonun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Rövşən oğlu yatandan beş dəqiqə sonra onun gözlərindən, qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür. Bu hal, uşaq yalnız yuxuda olan zaman baş verir. Uşaq çoxlu qan itirsə də onun səhhətində heç bir problem yaranmır. O, yuxudan ayılan kimi qan kəsilir. Digər maraqlı tərəf odur ki valideynləri uşağı Göyçaydan başqa rayonlara aparıblar, amma yatarkən qanaxma müşahidə olunmayıb.

Nadir hallarda rast gəlinən hadisə ilə bağlı AzVision.az mütəxəssis fikirlərini öyrənib.

Həkim Adil Qeybulla deyir ki,konkret fikir söyləmək yalnız körpə yoxlamadan keçdikdən sonra mümkündür.

“Güman edirəm ki, bu, hemofiliya və ya qan təzyiqinin yüksəlməsi səbəbindən baş verə bilər. Ola bilər ki, uşaq yatdığı dövrdə qan təzyiqi yüksəlsin və xırda qan damarlarından qan gəlsin. Hər halda, bu uşaq ciddi müayinə olunmalıdır. Yalnız müəyyən analizlərin nəticələrinə əsasən birmənalı fikir bildirmək olar. Həm qan təzyiqinin, həm də ürəyin fəaliyyətinin monitorinqi aparılmalıdır. O uşağın orqanizimində normal olmayan proseslər gedir. Rayonun dəyişməsinin heç bir aiddiyatı yoxdur. Əvvəl deyə bilərdik ki, həmin ərazilərdə Qəbələ RLS fəaliyyət göstərir, bəlkə RLS-in təsiri olsun, amma hazırda Qəbələ RLS də fəaliyyət göstərmir. Əsas odur ki, uşaq yoxlanılsın”.

İlahiyyatçı Elşad Miri isə hesab edir ki, bu hadisəni ilahi vergi ilə əlaqələndirmək gülüncdür :

“Bunu ilahi bir vergi adlandırmaq absurddur. Bu sadəcə gülməlidir. Ümumiyyətlə, İslamda kiməsə vergi vermək anlayışı yoxdur. Bu uşağı normal bir həkimə aparmaq lazımdır.”

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti