azırda Türkiyədən Pakistana (geniş baxsaq, Avropa Birliyindən Çinə) qədər uzanan coğrafiyada maraqlı geoiqtisadi proseslər gedir. Son vaxtlarda bunu şərtləndirən bir sıra hadisələr baş verib: • Azərbaycanın 44 günlük Müharibədə qazandığı qələbədən sonra Zəngəzur dəhlizi başda olmaqla, regional kommunikasiyaların açılacağı prinsipcə artıq həll olunmuş məsələdir; • Türk Dövlətləri Təşkilatının yaradılması bu ölkələrin iqtisadi əlaqələrində yeni səhifə açır; • Özbəkistanda hakimiyyət dəyişəndən sonra ölkə əvvəlki təcrid siyasətindən imtina edib və bölgənin liderinə çevrilmək iddialarını gizlətmir; • Pakistanın Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığı onun bu bölgədə aktiv oyunçuya çevrilməsi üçün qapılar açır; • İran da öz növbəsində, yaranan fürsətləri qaçırmamaq üçün artıq gedişlərini etməyə başlayıb. Obrazlı desək, Xəzərin ətrafında sanki bir imkanlar dənizi yaranıb və indi əsas sual odur ki, region dövlətləri bundan necə istifadə edəcəklər.
Start nöqtəsi
Güney Qafqaz və Mərkəzi Asiya ilk baxışda bir-birindən uzaq görünə bilərlər. Amma əslində belə deyil; Xəzərin qarşı sahillərində yerləşən iki subregionun tarixi də, taleyi də, geoiqtisadi əhəmiyyəti də bir-birilə sıx bağlıdır.19-cu əsrin əvvəllərində Orta Asiya uğrunda Rusiya ilə Britaniya arasında gedən və tarixə “Great Game” adı ilə düşən qarşıdurmanın ən vacib cinahı Güney Qafqaz idi. Ümumiyyətlə, “Böyük Oyun”un özü Azərbaycanın hazırkı sərhədlərindən bir qədər cənubda baş verən Aslandüz döyüşü ilə başlamışdı.
Bu regionların tarixini və taleyini bir-birinə bağlayan çox sadə səbəb var: Güney Qafqaz vacib nəqliyyat dəhlizidir, amma bu dəhlizdən nə daşınacaq? Digər tərəfdən, Orta Asiya dünya iqtisadiyyatı üçün vacib resurslarla zəngindir, amma uyğun dəhliz olmasa, oradakı ölkələr sadəcə regionu əhatə edən böyük dövlətlərin xammal bazasına çevrilməyə məhkumdurlar. İki subregionun bir uğurlu əməkdaşlıq formulunda birləşəcəyi halda isə hər ikisinin inkişafı güclü impuls ala bilər. Bunun üçün tarixi imkanlar heç vaxt indiki qədər əlvarişli olmayıb. Bəs niyə məhz indi?
- Sovet İttifaqı dağıldıqdan sonra dünyada ABŞ-ın dominantlıq etdiyi birqütblü sistem formalaşmışdı, lakin bu gün regionlarda Amerikanın təsirinin zəiflədiyini müşahidə edirik, odur ki, bütün regional oyunçular öz təhlükəsizliklərini təmin etmək üçün bir-birilə münasibətlər qururlar,- deyə mövzunu şərh edərkən siyasi icmalçı Murad Sadəddinov AzVision.az-ın "Videocast" layihəsində bildirib.
comment 2
Hazırda regionda bir neçə istiqamətdə “restart” vəziyyəti yaranıb. Zəngəzur dəhlizinin açılması ilə Orta Asiya subregionu və onu cənubdan əhatələyən Çin ilə Pakistan Avropaya sərfəli çıxış imkanı qazanıblar. Amma təkcə bu deyil: Türkiyənin Orta Asiyadakı türk ölkələri üçün cazibəsi xeyli artıb. Çünki onlar gördülər ki, Türkiyənin dəstəyi ilə qısa müddətdə effektiv nəticələrə nail olmaq mümkündür.
Bunu amerikalı ekspert İrina Tsukerman da təsdiqləyir. O, “AzVision”a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi hazırda mövcud olan dolayı İran marşrutundan yan keçməklə, ölkələr arasında birbaşa əlaqələrin qurulmasına imkan verəcək. Müvafiq məsələləri İranla müzakirə etmək zərurəti aradan qalxacaq. Belə layihələr təkcə regional çiçəklənməyə yol açmaqla qalmayaraq, həm də geniş mənada iqtisadi və siyasi kommunikasiyaların önündəki maneələri aradan qaldırır. “Zəngəzur dəhlizi regional problemlərin həllində ölkələri bir-birinə yaxınlaşdıracaq”,- Tsukerman əlavə edib.
Türkiyənin Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay əmindir ki, əlimizdə olan imkanların təcili şəkildə dəyərləndirilməsinin vaxtı gəlib: "Türk ölkələrinin iqtisadi inteqrasiyası baş verərsə, böyük ehtimalla, dünyanın üçüncü və ya dördüncü iqtisadi gücünə çevrilə bilərik. Amerikanın Çin ilə iqtisadi qarşıdurmasını nəzərə alsaq, dünyada ciddi bir boşluq yaranacaq. Bu boşluğu doldura biləcək siyasi-iqtisadi birlik sürətli şəkildə inkişaf edəcək",- ekspert bildirib.
Orta Asiyaya "Türk marşı"
Bu gün Türkiyə Orta Asiyada Rusiya, Çin və ABŞ kimi güc mərkəzlərinin apardıqları geosiyasi və geoiqtisadi mübarizə fonunda öz mövqelərini getdikcə gücləndirməkdədir. Bölgədə 4 türk dövlətinin olması Ankaranın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir.
Əvvəlki hakimiyyətinin Ankara ilə soyuq münasibətlərinə görə Türk Dövlətləri Təşkilatına (o vaxtlar Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurası idi) qoşulmayan Özbəkistan indi quruma üzv olub və hətta prezident Şövkət Mirziyeyevin təklifilə TDT-nin ilk sammiti gələn il məhz Özbəkistanda keçiriləcək. Ankara-Daşkənd münasibətləri yeni keyfiyyət müstəvisinə yüksəlib.
- Türkiyə birgə iqtisadi, nəqliyyat komissiyaları, yüksək səviyyəli səfərlər və işgüzar şuraları ilə bu ölkələrlə əməkdaşlığı genişləndirməyi hədəfləyir,- deyə türkiyəli ekspet, Beynəlxalq Ekspedisiya və Logistika Xidmətləri Təchizatçıları Assosiasiyasının idarə Heyətinin üzvü, Dəmiryolu və İntermodal İşçi Qrupunun rəhbəri Sibel Gültekin KaragözAzVision.az-a müsahibəsində deyib.- 2019-cu ildə Türkiyənin region ölkələri ilə ticarət həcmi 8,5 milyard dollar təşkil edib. Həmin ölkələrdə 4 mindən çox türk şirkəti fəaliyyət göstərir. Orta Asiya ölkələri ilə Beynəlxalq Kombinə Yük Daşımaları Sazişləri sahəsində müqavilələrimiz var. Əsas məqsəd Avropa, Baltik regionu, Qara dəniz hövzəsi, Yaxın Şərq, Qafqaz və digər bölgələrin nəqliyyat şəbəkələrinin inteqrasiyasıdır.
Ankara Mərkəzi Asiyanın tranzit imkanlarından istifadə olunması yönündə artıq bir sıra uğurlar qazanıb. Transxəzər marşrutlarını inkişaf etdirməklə və Xəzəryanı ölkələrlə əməkdaşlığı dərinləşdirməklə Uzaq Şərqə tranzit çıxışa nail olub. Bir il əvvəl İstanbuldan çıxan qatar 8,7 min km qət edərək, Çinin Sian şəhərinə çatıb.
comment 1
Ötən il Özbəkistanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 151 milyon dollardan 1 milyard 150 milyon dollara çatıb ki, bu da 7,6 dəfə artım deməkdir. Bu göstərici Mərkəzi Asiya üzrə ən yüksək rəqəmdir. Özbəkistanın Türkiyəyə ixrac etdiyi əmtələrin həcmi isə 970 milyon dollara çatıb. Bu, ilk növbədə ölkədəki yeni hakimiyyətin apardığı açıq iqtisadi siyasətlə bağlıdır. Mərkəzi Asiya ilə sərhədlərə malik olmayan Türkiyə ötən ilin iqtisadi nəticələrinə görə 5,5% göstərici ilə Özbəkistanın 5-ci ən böyük ticari partnyoruna çevrilib. Ekspertlərin fikrincə, Türkiyə və Özbəkistan çox asanlıqla bu məsələdə 3-cü pilləni fəth edə bilərlər.
Özbəkistanlı ekspert, Rusiyanın Plexanov adına İqtisadiyyat Universitetinin Daşkənd flialının dosenti Ravşan NazarovAzVision.az ilə söhbətində deyib ki, koronavirus pandemiyasına baxmayaraq, Türkiyə ilə Özbəkistan arasında ticarət 2021-ci ilin birinci yarısında 93% artaraq 1,5 milyard dollara çatıb: “İnşaat, enerji, mədən sənayesi kimi strateji sahələrdə Türkiyənin təcrübəsini Özbəkistana gətirən türk şirkətləri qısa müddətdə mühüm uğurlara imza atıblar. Bu, bir daha sübut edir ki, əməkdaşlıq əzmini saxlamaqla gələcəkdə çox uğurlara nail olmaq olar”.
Bu ilin iyulunda Türkiyənin ticarət naziri və Özbəkistanın baş nazirinin müavini Sərdor Umurzakovun birgə mətbuat kofransında tərəflərin qarşılıqlı ticarət dövriyyəsini ən yaxın gələcəkdə 5 milyard dollara çatırmaq əzmində olduqlarını bəyan etmələri niyyətin ciddiliyinə şübhə yeri qoymur. Özbəkistanda xarici kapitalın iştirakı ilə yeni müəssisələrin açılmasında Türkiyə liderdir. Ötən ilin 10 ayı ərzində ölkədə 321 belə müəssisə açılıb. İkinci yeri tutan Rusiya 196, 3-cü yerdə qərarlaşan Çin isə 219 yeni müəssisə ilə öyünə bilərlər. Hazırda Özbəkistanda ümumilikdə 500 türk şirkət fəaliyyət göstərir. Bu ölkənin iqtisadiyyatına qoyulan türk sərmayəsinin həcmi bir miyard dollardan çoxdur. Daha bir milyard sərmayənin yatırılmasıl barədə isə hökumətlər arasında prinsipial razılaşma əldə edilib.
Özbəkistan: Təcriddən yeni üfüqlərə
Son 3 ildə rəsmi Daşkənd təcridolunma siyasətindən imtina edərək, nəinki qlobal iqtisadiyyata sıx inteqrasiya olunmaq, hətta Mərkəzi Asiyanın liderinə çevrilmək siyasətinə üstünlük verir. UNEC-in professoru, iqtisad elmləri doktoru Elşad MəmmədovAzVision.az-a müsahibəsində bildirib ki, Özbəkistanın bunun bacarmaq üçün yetərincə potensialı da var.
comment 3
Əhali baxımından bölgənin ən böyük resursuna (35 milyondan çox) malik olan Özbəkistanın regional liderlik üçün digər göstəriciləri də pis deyil. Cari ildə Ümumi Daxili Məhsulunun (ÜDM) həcmi 88,45 milyard dollar təşkil edən ölkə qızıl ehtiyatlarına görə dünyada 4-cü, onun hasilatına görə isə 7-ci (ildə 92 ton) yerdədir. Mis ehtiyatlarına görə Özbəkistan dünyada 10-11-ci, uran ehtiyatları baxımından 11-12, onun hasilatına görə isə 7-8-ci pillədə dayanır. Hazırda Özbəkistanın mineral ehtiyatlarını ekspertlər $11 trilyon həcmində qiymətləndirirlər.
Ölkənin kifayət qədər hələ toxunulmamış neft-qaz ehtiyatları mövcuddur. Geoloji neft ehtiyatları 5 milyard ton, təsdiq olunmuş ehtiyatları 530 milyon ton, geoloji qaz ehtiyatları 5 trilyon м³, sübut olunmuş qaz ehtiyatları isə 3,4 trilyon м³-dən çoxdur. “Özbəkneftqaz” milli şirkəti ildə 60-70 milyard м³ həcmində qaz hasilatı ilə dünyada 11-ci yeri tutur. Bundan başqa Özbəkistan ənənəvi qaydada nəhəng həcmdə pambıq istehsalı ilə də seçilir.
- Türk dövlətləri təbii sərvətlərlə zəngin ölkələrdir. Qardaş ölkələr kimi qarşılıqlı mənafelər istiqamətində gedilməli, iki tərəf də qazanc əldə etməlidir,- deyə Türkiyənin Yaxın Şərq, Avrasiya və Asiya-Sakit Okean Araşdırmaları Platformasının (ODAP) direktoru Dr.Ali Seminbaxışlarını "AzVision"un oxucuları ilə bölüşüb.- Təşkilata daxil ölkələr birlikdə hərəkət etməlidirlər. Məsələn, sərfəli ticarəti başqa ölkə ilə etmək əvəzinə bir-birlərilə etsinlər. Amma bu zaman logistika məsələsi ortaya çıxır. Əlbəttə ki, bunun üçün kəmərlər, yollar lazımdır.
Özbəkistanın rəhbərliyi də əsas məqsədin nəqliyyat-tranzit potensialından maksimum istifadə olduğunu gizlətmir. Bunun üçün qəbul olunmuş müvafiq proqramda nəqliyyat infrastrukturunun və nəqliyyat dəhlizlərinin inkişafı, yeni avtomobil, hava və dəmir yollarının açılması məsələsinə xüsusi diqqət yetirirlir.
Yeni perspektivlər
Tarixən Şərqlə Qərb arasında körpü rolunu oynayan və strateji əhəmiyyət daşıyan Böyük İpək yolunun mərkəzində yerləşən Mərkəzi Asiya regionunda nəqliyyat-tranzit potensialının reallaşdırılması bütün tərəflərə ciddi dividendlər gətirə bilər. Özbəkistan Asiya-Sakit okean-Hind Okean regionundan (Çin, Pakistan, Hindistan) Avropa İttifaqı istiqamətində həyata keçiriləcək beynəlxalq tranzit yükdaşımalarında iştirak imkanı qazanacaq. Bununla yanaşı, Özbəkistan-Türkmənistan-İran-Oman yeni tranzit dəhlizi yarana bilər. Bu kontekstdə Cənubi Qafqazla Mərkəzi Asiyanın iqtisadi inteqrasiyası bu gün nəinki regionda, hətta dünya miqyasında ən perspektivli inqteqrasiya istiqamətlərindən biridir.
comment 4
Hazırda Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun inşası barədə ciddi müzakirələr aparılır. Bu yolla Cənubi Qafqazdan keçməklə İran körfəzinə və Türkiyəyə çoxdan arzulanan çıxışı əldə etmək mümkündür. İlkin hesablamalara görə, nəticədə Şərqi Asiyadan Yaxın Şərqə və Cənubi Asiyaya yolun uzunluğu təxminən 900 km, yüklərin çatdırılması müddəti isə 7-8 sutka azalacaq.
Rəsmi Daşkəndin bu müstəvidə səyləri əsasən Mərkəzi Asiya məkanının coğrafi baxımdan qapalı xarakterli olması ilə bağlıdır. Con Hopkins universitetinin Mərkəzi Asiya və Qafqaz institutunun qiymətləndirməsinə görə, bu məqam Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafını xeyli əngəlləyir ki, bunun da əsas ağırlığı Özbəkistanın üzərinə düşür. Təsadüfi deyil ki, son illər Əfqanıstan və Mərkəzi Asiyanın digər ölkələri ilə avtomobil və dəmir yolları, habelə aviasiya əlaqələrinin inkişafı müstəvisində Daşkənd ciddi fəallıq nümayiş etdirir. Bu mənada onun öz bölgəsindəki rolu Bakının Güney Qafqazdakı roluna bənzəyir.
Artıq Mərkəzi Asiyada bu cəhdlərin nəticələri hiss olunur. Region ölkələri arasında əlaqələr və ticarət inkişaf etməkdədir: 2017-2019-cu illərdə ticarət dövriyyəsi 2,7 milyard dollardan 5,2 milyard dollara çatdı. Tranzit əlaqələrinin genişləndirilməsi və inkişafı baxımından Özbəkistan Xəzəryanı dövlətlərlə münasibətlərə, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə perspektivinə böyük önəm verir ki, bu da Daşkəndin Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməsini şərtləndirir.
Vacib qovşaq
Azərbaycanın nəqliyyat-tranzit imkanlarının Özbəkistan üçün nə dərəcədə əhəmiyyətli olduğunu keçmiş səfir Bəhrom Əşrəfxanovun ötən il Bakıda keçirilən biznes-forumda dediyi “Aralıq dənizi bazarlarına çıxmaqda Azərbaycan Özbəkistan üçün nəqliyyat-logistik qovşaqdır” ifadəsi sübuta yetirir. Bu baxımdan, Daşkənd Transxəzər və Transqafqaz dəhlizlərini perspektivli strateji layihələr kimi qiymətləndirir. Belə ki, Mərkəzi Asiyanın özəyində yerləşən Özbəksitan yalnız öz yüklərinin yox, həm də regionun digər ölkələrinin və Çinin məhsullarının Özbəkistan-Xəzər-Qafqaz marşrutu ilə Aralıq dənizi sahillərinə daşınmasında ciddi nəqliyyat qovşağına çevrilmək iddiasındadır.
comment 5
Ötən ilin noyabrında Azərbaycan ərazisi vasitəsilə yüklərin daşınması üçün əlverişli şəritin yaradılması yönündə Özbəkistanla Türkmənistanın nəqliyyat və logistika məsələləri ilə bağlı işçi qrupun ikitərəfli görüşü keçirildi. Tədbirdə Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə “Türkmənbaşı” beynəlxalq dəniz limanından yük daşımalarının həyata keçirilməsi müzakirə olunub. İranın iştirakı ilə Azərbaycanla Türkmənistan arasında qaz tədarükü barədə imzalanan üçtərəfli razılaşmanın da bu məsələyə müsbət təsir göstərəcəyi istisna deyil. Azərbaycan və Türkmənistanın iştirakı ilə həyata keçiriləcək enerji layihələrinə Özbəkistanın qoşulması perspektivi də gündəmdə olan məsələlərdəndir.
Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin ilbəil artması bu perspektivin reallaşacağına inam yaradır. Pandemiyaya rəğmən, 2020-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 13% artaraq, 80 milyon dollara çatıb. Ölkələr arasındakı ticarət dövriyyəsinin son 3 ildə 3 dəfə artıb, Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 195 şirkət fəaliyyət göstərir ki, onlardan 69-u birgə müəssisədir.
Amma istənilən halda bu sahədə qarşılıqlı addımları sıxlaşdırmaq zəruridir. Çünki hazırda 80 milyonluq ticarət dövriyyəsini qənaətbəxş saymaq olmaz. Xüsusilə də, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda hərtərəfli əməkdaşlıq üçün şərait yaradan “3+3” formatının açdığı geniş nəqliyyat-logistika imkanlardan Özbəkistanın yararlana bilməsi perspektivi nəzərə alınmaqla. Özbəkistan şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa işlərində iştirakı da əhəmiyyətli rol oynaya bilər. Zənəgzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış almaq isə onsuz da müsbət məcrada inkişaf edən Ankara-Daşkənd münasibətlərinin inkişafına öz böyük töhfəsini verəcək.
Pakistan: Dostluq qazandırır
Pakistan Orta Asiya regionunun çox vacib qonşusudur. Xristian Rusiya, sintoist Çin vəiİnduist Hindistandan fərqli olaraq, islam dininin Orta Asiya ölkələrinə yaxın olan məzhəbinə etiqad edir. Buna baxmayaraq, tarixən Pakistanın maraq vektorları heç vaxt şimala – Orta Asiya ölkələrinə tərəf yönəlməyib. Orta Asiyada da Pakistana münasibətdə ənənəvi soyuqluq olub. Həmin ətalət son vaxtlara qədər saxlanılırdı. Amma artıq buzlar əriməyə başlayıb. Bu istiqamətdə Pakistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin də vacib rolu ola bilər.
- Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr, eləcə də regionda nəqliyyat marşrutlarının açılması Pakistan və Mərkəzi Asiya ölkələrinə Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanı verəcək,- deyə strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qeysər Nəvvab (Qaiser Nawab) “AzVision”a bildirib.- Azərbaycan və Türkiyə qlobal ticarətdəki strateji mövqelərinə görə Pakistan və Mərkəzi Asiya ölkələri üçün iqtisadi əlaqələr baxımından daha uyğundur.
comment 6
Başqa sözlə, yaranan yeni imkanlar Pakistanın Orta Asiya ölkələrilə “yol yoldaşı” olmasına şərait yaradır. Bu isə sonrakı yaxınlaşma üçün yaxşı başlanğıcdır. Mərkəzi Asiyanı Cənub-Şərqi Asiyaya və Şərqi Avropaya birləşdirəcək iki əsas layihə var: “Bir Kəmər, Bir Yol” (BRI) və Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC). Bu dəhliz Kaşqardan başlayıb, Qvadar limanına qədər uzanır. 2021-ci ilin oktyabrın 8-də İslamabad-Tehran-İstanbul (ITI) nəqliyyat dəhlizində TIR-ların ilk səfəri təntənəli şəkildə qeyd edildi. Dəniz yolu ilə Pakistanla Türkiyə arasında 25-40 gün çəkən müddət yeni magistral marşrutla 6 günə endirildi. Həm Azərbaycanın, həm də Türkiyənin Pakistan və Orta Asiya ölkələri ilə güclü ticarət əlaqələrinin olması bu dəhlizi Avropaya qədər çatdırmaq üçün imkan yaradır.
Hazırda Pakistan və Türkiyə arasında Quru Nəqliyyatı Müştərək Komissiyasının iclasları keçirilir və keçid sənədləri müəyyən edilir. Bundan əlavə, iki ölkə arasında Beynəlxalq Avtomobil Daşımaları Sazişi də qüvvədədir. Pakistanla Türkiyənin ticarət həcminin 5 milyard dollara çatdırılması hədəflənir.
Kəsişən körpülər
Dünyanın ən böyük ixracatçısı olan Çin həm də Türkiyənin Şərqi Asiyada ən böyük ticarət tərəfdaşıdır. Ona görə də, Çinlə yüksək səviyyəli kommersiya əlaqələri logistikanın uyğun səviyyədə olmasını tələb edir. Türkiyənin Ticarət Nazirliyinin açıqladığı məlumatda “Uzaq Ölkələr Strategiyası” çərçivəsindəki ölkələr arasında Çini də görürük. Türkiyədə hesab edirlər ki, belə böyük bazardan mütləq faydalanmaq lazımdır. Türkiyə ilə Çinin arasındakı məkanda yaranan Türk Dövlətləri Təşkiları faktik olaraq Türkiyə ilə Çinin, geniş mənada isə Avropa ilə Çinin arasında bir körpüdür. Amma təkcə körpü yox, həm də prosesin iştirakçısı.
2021-ci ilin dekabrında İranın Azərbaycandakı səfiri S.A.Musəvi "Tvitter"də bir xəritə paylaşmaqla ölkəsinin də prosesdən kənarda qalmadığını göstərdi. Səfirin paylaşdığı xəritədə Hindistandan (Mumbay) başlayan marşrutun Bəndər-Abbas limanından keçərək Azərbaycan sərhədinə, buradan Gürcüstana, daha sonra Qara dəniz limanlarına çıxdığını görürük. Tehran müəyyən mərhələdə yeni geosiyasi situasiyanın əleyhinə getməyə, “3+3” platformasına qarşı çıxmağa cəhdlər göstəsə də, tezliklə gerçəkliyi qəbul etdi və “Fars körfəzi - Qara dəniz” layihəsini irəli sürməklə işin içində olduğunu ortaya qoydu.
Maraqlar rezonansı
Bütün bunları ümumiləşdirəndə belə bir mənzərənin şahidi oluruq: Taleyi bir-birinə sıx bağlı olan iki qonşu regionun qarşılıqlı əlaqədə inkişafı üçün tarixi mərhələ yetşib. Təkamül adətən spiralvari trayektoriya üzrə hərəkət edir, bu, coğrafi və iqtisadi proseslərdə də belədir - potensial yığılır, yığılır, sonra sürətlə spiralın növbəti dövrəsi başlayır. Artıq prosesi irəliyə aparacaq səviyyədə kritik potensial toplanıb. Geosiyasi vəziyyət də, infrastruktur imkanları da, iqtisadi maraqların yeni reallıqlarda qiymətləndirilməsi də - hər şey növbəti birgə addımların atılmasını diqtə edir. Həmin addımlar son illərdə tək-tək atılırdı. Amma zamanı qabaqlayan addımlar gələcəyi yaxınlaşdırmaq baxımından nə qədər faydalı olsalar da, onların bir pis cəhəti var: Rezonans yaratmırlar. İndi isə toplanmış potensialı reallaşdırmaq üçün bütün tərəflər eyni vaxtda addım atmağa hazırdırlar. Bu, güclü rezonansı və regionların təkamül spiralında yeni mərhələnin başlamasını təmin edəcək.
…Birjalarda trendlər belə yaranır: potensialı hamıdan qabaq görən və düzgün qiymətləndirən oyunçular hansısa aktivləri almaqla bazarı hərəkətə gətirirlər. Yeni oyunçular da onlara qoşulur və trend getdikcə güclənməyə başlayır. İlk şansı buraxanlar gec də olsa, “qatara minməyə” çalışırlar ki, onlar da başlayan trenddən öz qazanclarını alsınlar. Ən gec qoşulanlar daha az qazanc götürür. İlk addım atanların həmişə qazanc imkanı daha çoxdur, amma riskləri də buna uyğundur. Hazırda Güney Qafqaz-Orta Asiya qatarı artıq yola çıxıb. Geosiyasi trend oturuşub. Heç bir riskdən söhbət gedə bilməz. Qazanc imkanları isə hələ kifayət qədərdir.
AzVision.az-ın Analitik Qrupu
17 Yanvar 2022
Oxunub: 21801
Oxunma vaxtı: 30 dəq.