Qəzetlərimiz nədən yazır?
Yeni Müsavat
Füzuli Ələkbərov fəhlələrin pulunu vermir
“Saf Təchizatçı” MMC-nin fəhlələri ölkə başçısı Ilham Əliyevə müraciət edib. Bu barədə haqqın.az saytı məlumat yayıb. Fəhlələr bildiriblər ki, çalışdıqları MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün bina inşa edib. İş çoxdan təhvil verilsə də, onlar əmək haqlarını ala bilmirlər. “Saf Təchizatçı”nın fəhlələrə toplam olaraq 25 min manat borcu var. Fəhlələr deyir ki, MMC bu məsələdə məsuliyyəti əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun üzərinə atır. “Şirkətdən bildirirlər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə borcunu ödəmədiyinə görə sizin əmək haqqınızı verə bilmirik”, - deyə fəhlələr bildirir.
Deputatsız seçki dairələrinin sayı iki oldu
Mərkəzi Seçki Komissiyası Gülər Əhmədovanın deputat mandatını alandan sonra 34 saylı Xətai ikinci seçki dairəsi deputatsız qalıb. Ötən həftə isə deputat Hikmət Atayevin avtomobil qəzası nəticəsində dünyasını dəyişməsi 110 saylı Zaqatala seçki dairəsinin də deputatsız qalması ilə nəticələnib. Hakimiyyətə yaxın deputatların biri əməkdaşımızla söhbətində deyib ki, iqtidarın deputatsız qalan dairələrdə seçki keçirəcəyi gözlənilmir. O, bunu bu il prezident seçkilərinin keçirilməsinin gündəmdə olması, həm də köhnə təcrübəyə əsaslanaraq bildirib. Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, seçki mütəxəssisi Hafiz Həsənov isə bildirdi ki, boş qalan dairələrdə seçkinin keçirilməməsi Seçki Məcəlləsinin tələblərinə ziddir. AXCP mətbuat xidmətindən isə bildirildi ki, birincisi, hakimiyyətin həmin dairələrdə seçki keçirməsi gözlənilmir, ikincisi, əgər seçki keçirilsə, Xalq Cəbhəsinin iştirakı gözlənilmir.
“İlk videoda Mahir Abdullayev görünür”
ABU-nun sabiq rektorunun yaydığı videomaterialların Moskvada ekspertizası ilə məşğul olan Səyyarə Heydərova “Yeni Müsavat”a açıqlamasında görüntülərin saxta olduğunu iddia edir. “Ramin Nağıyevin mənim qanunsuz nikahdan doğulmağım haqqında dedikləri doğru deyil. Mənim anamla atamın nikah sənədləri, doğum haqqında şəhadətnaməm məndədir və mən bu sənədləri veteninfo.az saytında yerləşdirmişəm. Ramin Nağıyevin mənim Moskvadakı kriminalist-ekspertlərlə yazışmamı necə əldə etməsinə gəlincə, bunu ona uzun müddət əməkdaşlıq etdiyi Rusiyanın Federal Təhlükəsizlik Xidməti təqdim edib”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında adı Elşad Abdullayevin Gülər Əhmədova haqqında yaydığı videomateriallarla bağlı hallanan Səyyarə Heydərova deyib. Elşad Abdullayevin Gülər Əhmədova ilə bağlı videomaterialına münaibət bildirən ekspert qeyd edib ki, Gülər Əhmədova ümumiyyətlə o otaqda olmayıb. Görüntüdəki Gülər deyil. Bunlar hamısı professionallıqla qurulmuş oyundur. Həmin videoda mən sizə Gülər Əhmədovanın əvəzində Elşad Abdullayevin guya itmiş qardaşı Mahir Abdullayevi göstərə bilərəm. O, çəkiliş aparılan zaman orada olub. Bu, açıq-aşkar montajdır. Gülər Əhmədovanın ilk videoda üzünü böyütməyə çalışın, böyüməyəcək. Ancaq görüntüdəki digər obyektlər böyüyür. Bunlar hamısı Gülər Əhmədovanın görüntülərinin ora montajla əlavə olunduğunu sübut edir.
Sevinc Babayevanın oğlundan Gülər Əhmədovaya yeni zərbə
Adı hazırda həbsdə olan sabiq YAP-çı deputat Gülər Əhmədovanın işində hallandırılan, məlum videoqalmaqalın qəhrəmanlarından olan mərhum Sevinc Babayeva mövzusu yenidən gündəmdədir. G.Əhmədovanın vəkili Eldar Qədimi müsahibəsində deyib ki, S.Babayevanın zəhərlənmə iddiaları həqiqətə uyğun deyil. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov isə bildirib ki: “Gülər Əhmədova əmindir ki, S.Babayevanın torpaq alqı-satqısı ilə bağlı cinayət işini də gündəmə məhz G.Əhmədova gətirib. Məqsəd anasının guya bu işə görə ölkəni tərk etməsi görüntüsünü yaratmaqdır: “Gülər ömür-billah havayı yerə adama yaxşılıq etməz. O, anamı öz işinə görə göndərdi Türkiyəyə. İndi bu torpaq söhbətinin ortaya çıxması təsadüf deyil. Narahatam ki, bunlar təzə bir oyun qurub. İstəsələr, sabah analizin cavablarını da elə təqdim edərlər ki, guya anamda zəhərlənmə olmayıb. O halda da deyəcəklər ki, Sevinc ölkəni başqa işə görə tərk edib. Bunlar indidən məsələni başqa tərəfə yönəltməyə çalışır”.
Azadlıq
Pirallahı Rövnəq Abdullayevin kurasiyasına verildi
Prezidentin Bakı şəhərinin yeni-12-ci rayonuna təyin etdiyi icra başçısının ARDNŞ prezidentinə yaxın adamdır. Pirallahıya yeni təyin olunan başçı Vasif Həsən oğlu İmanov bu təyinatadək Dövlət Neft Şikətinin Sosial İnkişaf İnkişaf İdarəsinin rəis müavini işləyib, 2001-ci ildə “Tərəqqi” medal ilə təltif olunub. O Rövnəq Abdullayevə yaxın şəxsdir və beləliklə ARDNŞ prezidentinin payına düşən Azərbaycan rayonlarından biri də artıb.
Üç general Səfər Əbiyevi yıxmaq istəyir
Orduda baş verən son naməlum əsgər ölümü hadisələri mətbuatın diqqət mərkəzindədir. Hərbçi ekspert Üzeyir Cəfərov deyib ki, əsgər ölümləri bəzi məmuralrın əlində vasitəyə çevrilib. Bəzi məmurlar Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərmək istəyirlər. Bu işdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Fövqəladə Hallar Nazirliyi maraqlıdır. Həmin məmurların məqsədi hər il Müdafiə Nazirliyinə ayrılan iri vəsaitlərə nəzarəti ələ keçirməkdir. Ekspert açıqlamasında bildirib ki, yürüdülən kampaniya nəticəsində Müdafiə Nazirliyinin rəhbərliyinin istefaya göndəriləcəyinə inanmır.
Gündəm Xəbər
Dindarlar və müxalifət ADNA-da baş verənlərə etiraz edirlər, aksiya ola bilər
Xəbər verildiyi kimi, ötən günlərdə ADNA tələbələrindən biri dərsə hicablı gəldiyi üçün təhsil ocağına buraxılmayıb. Bu hadisə ölkə dindarları və müxalifətinin etirazı ilə qarşılanıb. Yayılmış məlumatlara görə, hər iki qüvvə baş verən hadisəni pisləyərək, belə hallara son qoyulmasını tələb ediblər. Hicablı tələbənin dərsə buraxılmamasının insan haqlarının kobud şəkildə pozulması olduğunu bildirən dindarlar və müxalifət hökumətdən bu qadağanın götürülməsini tələb ediblər. Bu əsnada sosial şəbəkələrdə belə bir məlumat da yayılıb ki, dindarlar baş verən olaya daha sərt yanaşma tərzi sərgiləyirlər. Belə ki, onlar yaxın vaxtlarda hicab qadağasına etiraz əlaməti olaraq aksiya keçirməyi planlaşdırırlar. Aksiyanın Təhsil Nazirliyinin qarşısında və ya ADNA-ın önündə olacağı isə hələlik məlum deyil.
Məcburi köçkünlər prezidentə müraciət edəcək
Sumqayıt şəhəri Sarıqaya massivində məskunlaşan məcburi köçkünlər işıq sayğacları ilə bağlı problemlə üzləşiblər. Belə ki, məskunlaşmış ərazidə qazın mövcud olmadığı üçün onlar elektrik enerjidən evlərini qızıdırlar. İşıq isə fasilələr ilə verilir. Bundan narazı olan sakinlər işıq idarəsinə müraciət etsələr də, müraciətləri cavabsız qalır. Hazırda onlar prezident İlham Əliyevə müraciət etməyə hazırlaşırlar.
Teqlər: