Azərbaycanda ciddi sürüşmə təhlükəsi varmı?

Azərbaycanda ciddi sürüşmə təhlükəsi varmı?
  05 Sentyabr 2016    Oxunub:1904
Son günlər ölkədə yağan leysan xarakterli yağışlar və sel sürüşmə sahələrində ciddi aktivləşməyə səbəb olmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisi Sadiq Əmiraslanov AzVision.az -a bildirib ki, yağış suları sürüşmə sahələrində səthi yuyulmalar və nisbətən aktivləşmələrlə müşahidə olunub.

“Yağışın təsiri sel xarakterli olduğuna görə sürüşmə sahələrinin dərinliklərinə nüfuz edə bilməyib və sürüşmə səthi üzərində müəyyən dəyişiklər əmələ gətirib. Bunlar ajiotaj yaradan aktivləşmə deyil. Lakin Kiçik Qafqazın Cənub-Şərq və Şimal-Qərb sahələrində olan çaylar, məsələn Dəmirparan çayı, Qax zonası, Balakən zonalarında olan çaylarda sel hadisəsi baş verib. Sel materialları ətrafda olan yollarda dəyişiklər yaradıb. Təbii ki, fəsadlar aradan qaldırılıb”.

S. Əmiraslanovun sözlərinə görə, sonuncu atmosfer yağıntıları, leysan xarakterli yağış sürüşmə sahələrində ciddi aktivləşməyə səbəb olmayıb. “Sürüşmə səthi üzərində azdərinlikli yarğanların, kiçik miqyaslı səthin yuyulmasına səbəb olub. Cənub bölgəsində ümumiyyətlə yağışlar avqustda az miqdarda olduğu üçün mövcud sürüşmə sahələrində, respublikanın digər regionlarında olduğu kimi səthi yuyulma və uçqun sahələrində axma tipli proseslərin inkişafı müşahidə edilib. Abşeron yarmadasında isə sürüşmə sahələrində ciddi dəyişiklik olmayıb. Rentabellik davam edir. Şimal zonasında çaylarda sel hadisəsi olub. Nəticədə çay üstü körpülərin və ya çayların sahil bərkitmə qurğularının sıradan çıxmasına səbəb olub. Sel kütləsi yol infrasturuktur və həyətyanı sahələrdə müəyyən təhlükələr yaradıb. Bunların fəsadları aradan qaldırılıb. Sürüşmə sahələrində ciddi aktivlik müşahidə edilməyib. Bütün bunlar o deməkdir ki, leysan xarakterli yağışlar sürüşmənin aktivləşməsinə səbəb ola bilmir. Sürüşməni aktivləşdirən və baş verməsinə zəmin yaradan amil yağışdırsa, sürüşmə kütləsinin dərininə nüfuz etməlidir. Leysan xarakterli yağışlar isə sürüşmə kütləsi üzrə hərəkət edir və kütlə üzərində səthi yuyulmalar və yarğanların əmələ gəlməsinə səbəb olur”, - deyə mütəxəssis əlavə edib.

Qeyd edək ki, ötən həftə Respublikada güclü leysan xarakterli yağışlar müşahidə edilib. Leysan xarakterli yağış nəticəsində sel bır sıra bölgələrdə fəsadlar yaradıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daha iki gün ölkədə hava şəraitinin qyeri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ilə bağlı məlumat verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti