Həkim, riyaziyyatçı, tarixçi... – Politoloqlarımız

Həkim, riyaziyyatçı, tarixçi... – Politoloqlarımız
  31 Avqust 2016    Oxunub:8027
Politologiya bir elm sahəsidir və qısaca, siyasət haqqında elm adlanır. Azərbaycanın da bir sıra universitetlərində politologiya ixtisası mövcuddur. Bu ixtisas üzrə təhsil alan şəxslər də təbii olaraq politoloq hesab olunurlar.

Lakin elə bir vəziyyət yaranıb ki, siyasi analitika ilə məşğul olan qeyri-ixtisas sahiblərinə də mətbuatımızda politoloq deyilir. Reallıq ondan ibarətdir ki, şərhləri ilə mətbuatın gündəmini daima zəbt edən siyasi ekspertlərimizin böyük əksəriyyətinin politologiya ixtisası ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.

Bəs, politoloq olmaq üçün müvafiq ixtisas üzrə təhsil almaq şərt deyilmi? Ümumiyyətlə, ölkədəki siyasi analitiklərimiz hansı ixtisasları bitirib?

Femida.az bu suallarla siyasi ekspertlərə müraciət edib.

İxtisasca tarixçi olan Qabil Hüseynlinin fikrincə, politoloq olmaq üçün əsas şərt hümanitar elmlər üzrə təhsil almaqdır:

“Mən Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirmişəm. Daha sonra isə indiki Milli Elmlər Akademiyasında fəlsəfə və hüquq institutunun aspiranturasını bitirdim. Bir müddət qarşılıqlı olaraq həm politologiya, həm də fəlsəfə ixtisasından dərs demişəm. Hazırda da Azərbaycan Texniki Universitetində kafedra müdiri kimi fəaliyyət göstərirəm. Respublikada politologiya fənnini ölkədə ilk dəfə mən tədris etmişəm. Politologiyaya aid ilk dərsliyi də mən yazmışam. Politoloq kimi formalaşmağımda televiziyada siyasi verilişlər aparmağımın böyük rolu olub. 1983-cü ildən 1996-cı ilə qədər Azərbaycan Televiziyasında “Planetimizin mənzərəsi”, “Qitələr və hadisələr” adlı verilişlər aparmışam. Ümumiyyətlə, hümanitar təhsil bazasına malik olmaq politoloq üçün ən vacib şərtlərdəndir”.

Şərqşünaslıq fakultəsindən məzun olmuş Fikrət Sadıqov politoloq olmaq üçün müəyyən mərhələlərdən keçməyin zəruriliyini vurğuladı:

“Politoloq cəmiyyət tərəfindən qəbul olunmalıdır. Politoloqun müəyyən oxucu auditoriyası olmalıdır. Siyasi analitikaya gələn şəxs bir neçə il yazıb şərhlər verməlidir. Jurmalistin özünü bir neçə il sonra politoloq kimi qələmə verməsi müsbət hal deyil. Politoloq üçün əsas göstərici onun şərhlərinin cəmiyyət tərəfindən qəbul edilməsidir. Mən Şərqşünaslıq fakultəsini bitirmişəm, o zamanlar politologiya ixtisası yox idi. Hələ SSRİ döründə Azərbaycanın diplomatı kimi Ərəb ölkələrində çalışmışam. Beynəlxalq münasibətləri həmişə izləmişəm. 10 il Xarici İşlər Nazirliyində işləmişəm. Mənim diplomatik rütbəm də var. Yəni bu mərhələləri keçib politoloq adını qazanmışam”.

Şərqşünaslıq fakultəsini bitirmiş digər siyasi ekspert Zərdüşt Əlizadə isə özünü politoloq hesab etmədiyini dedi:

“O vaxtkı adı ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsininin ərəb dili şöbəsini bitirmişəm. Politologiya fənnini kitablardan oxumuşam. Xarici ölkələrin diplomatları, nazirləri, prezidentləri ilə görüşlərim olub. Mən özümü peşəkar politoloq hesab etmirəm. Politoloq olmaq üçün politologiyadan elmi iş, kitablar yazasan. Kimsə peşəmi soruşsa, deyirəm ki, jurnalistəm”.

İxtisasca həkim olan Ərəstun Oruclu bu qənaətdədir ki, siyasi ekspert olmaq üçün xüsusi təhsil almaq o dərəcədə də zəruri deyil:

“Siyasi şərhlər vermək üçün xüsusi siyasi təhsilə malik olmaq vacib deyil. Dünyada iki ixtisas var ki, bu ixtisaslara yiyələnənlər yalnız öz bacarıqlarına fəaliyyətlərinə görə fərqlənirlər. Bu ixtisaslar jurnalistika və politologiyadır. Əgər söhbət siyasi nəzəriyyə, elmi araşdırmalar üzərində işləyən şəxslərdən gedirsə, əlbəttə ki, onların xüsusi təhsilə sahib olması son dərəcə vacibdir. Amma dünya praktikasında tanınmış siyasi ekspertlər var ki, onlar siyasi elmləri oxumayıblar. Mən tibb təhsili almışam. Gözümü açandan siyasi proseslərin içərisində olmuşam. Təhlükəsizlik orqanalarında çalışmağımın mənə böyük köməyi olub. Çox təəssüf ki, bu gün politologiya ixtisası üzrə təhsil alan gənclərimiz siyasi ekspert kimi yetişə bilmir. Bu, həm də onu göstərir ki, siyasi ekspert olmaq üçün xüsusi təhsil almaq o dərəcədə də zəruri deyil. İstər jurnalistika, istər də analitika ilə məşğul olanları alqışlamaq lazımdır. Çünki bu, cəmiyyətdə rəqabət mühitinin yaranmasına şərait yaradacaq. Bu vaxta qədər analitika keçmək istəyən jurnalistlər mənə müraciət edib və mən onlardan öz köməyimi əsirgəməmişəm”.

Uzun müddət hüquq-mühafizə orqanlarında çalışmış Arzu Nağıyevin sözlərinə görə, siyasi təhlil qabiliyyəti Allah vergisidir:

“Mən politoloq deyiləm. Moskva İdarəetmə İnstitutu və Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirmişəm. Uzun müddət Milli Təhlükəsizlik Nazirliyində çalışmışam. Fikrimcə, siyasi analitik olmaq üçün müəyyən biliyə yiyələnmək zəruridir. Ən əsası, siyasi təhlil qabiliyyətinə malik olmaq lazımdır. Mühüm faktorlardan biri xarici dilləri bilməkdir. Xarici mənbələrdən məlumatları tez və birbaşa götürməyi bacarmaq lazımdır. Müxtəlif mənbələrdən alınan informasiyaları əlaqələndirib müvafiq təhlil işi aparılmalıdır. Bu, əslində Allah tərəfindən insana verilən bir vergidir”.

Siyasi analitik Elxan Şahinoğlu hesab edir ki, bununla bağlı qərarı oxucu müəyyən etməlidir:

“İxtisasca riyaziyyatçıyam. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini bitirmişəm. Daha əvvəl isə fiziki-riyaziyyat təmayüllü liseydə təhsil almışam. Əslində məktəb vaxtları riyaziyyata böyük həvəsim olub, qiymətlərim də çox yüksək idi. Oxuduğum illər SSRİ-nin dağılması və Azərbaycanda milli azadlıq hərəkatının başlandığı dövrə təsadüf etdi. Elə həmin vaxtlardan məndə siyasi proseslərə maraq oyandı. Elə oldu ki, universiteti bitirəndən sonra bir müddət öz ixtisasım üzrə işlədim və işləyərkən də siyasi təhlillər yazırdım. Sonradan siyasi analitikaya keçid etdim. Başqa ixtisası oxuyub daha sonra politologiyaya keçid edənlərlə bağlı oxucu qərar verməlidir”.

Femida.az


Teqlər:





Xəbər lenti