Prezident “Azərbaycanfilm”in yubileyi ilə bağlı sərəncam verdi

Prezident “Azərbaycanfilm”in yubileyi ilə bağlı sərəncam verdi
  07 Avqust 2013    Oxunub:926
Prezident İlham Əliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam verib.

AzVision.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2013-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 90 illiyi tamam olur. Ötən müddət ərzində “Azərbaycanfilm” kinostudiyası zəngin inkişaf yolu keçmişdir. Kinostudiyada çəkilən və sənətkarlıq baxımından yüksək bədii keyfiyyəti ilə seçilib indi də böyük uğurla nümayiş etdirilən filmlər Azərbaycan kinematoqrafiyasının parlaq səhifələrini təşkil edir. Xalqımızın qədim tarixi ənənələrə malik mədəni-mənəvi irsinin qorunub saxlanmasında, peşəkar milli kadrların hazırlanmasında kinostudiyanın fəaliyyəti təqdirəlayiqdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli kinematoqrafiyanın inkişafında müstəsna xidmətləri olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Teqlər:  





Xəbər lenti