Bəxtiyar Hacıyev:`Bu, Milli Şuranın öz səhvidir`

 Bəxtiyar Hacıyev:`Bu, Milli Şuranın öz səhvidir`
  06 Avqust 2013    Oxunub:1338
Gənc fəal Bəxtiyar Hacıyev öz facebook profilində Milli Şura üzvülərini kəskin tənqid edib. Onları məsuliyyətsizlikdə günahlandırıb və düzgün yol tutmadıqlarını bildirib.
Səhv edirlər, səhv edəcəklərini deyirsən, ittiham edirlər ki, haradan bilirsən səhv olacaq. Səhv etdikləri məsələdə onlara qoşulmağını istəyirlər, qoşulmayanda ittiham edirlər ki, dəstək vermirsən. Səhv etdikləri üzə çıxır, səhv etdiklərini əvvəlcədən dediyini demək istəyirsən, dərhal ittiham edirlər ki, sevinirsən, "gördünüz?" deməyə bəhanə axtarırsan.

İsa Qəmbəri çoxları qınasa da, günlər keçdikcə zaman onu haqlı çıxarır. Seçkiyə 63 gün qalsa da, vahid namizəd ölkədə yoxdur. Vidadi Mirkamal "Rusiya Liderlərin ağıllarına da gəlməyib ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır" deyir. Sabah dövlət idarəçiliyində başqa nələr ağıla gəlməyəcək?

AXCP sədri Əli Kərimli isə İbrahimbəyovun pasport problemini "iqtidarın Rusiya əli ilə vahid namizədə yaratdığı problem" adlandırır. Sanki, Rusiya pasportunu İbrahimbəyova verən də iqtidar idi, onu vahid namizəd edən də iqtidar idi və çoxları vətəndaşlıqdan imtinanın 6 ay çəkə biləcəyini deyəndə onları ittiham edən də iqtidar idi.

Cənablar, sizin səhv etmək haqqınız olduğu kimi, başqalarının da səhv etdiyinizi demək haqqları var. Hər şeyi iqtidarın, Qərbin, Rusiyanın, cib müxalifətinin, bitərəflərin, xalqın üstünə atmaq lazım deyil. Etiraf etmək lazımdır ki, Rusiya pasportundan asılı qalmaq Milli Şuranın öz səhvidir, başqasının yox.

Çıxış yolu yox idimi? Vardı. 2012-də ilkin seçkilər keçirərək siyasi partiya liderlərindən birini vahid namizəd seçib, vahid güclə, vahid platforma və vahid komanda ilə seçkilərə getmək olardı. Xırda müzakirələrə ayrılan 1 il seçki ab-havasında keçirilərdi, vətəndaşlar aktivləşdirilərdi. Dünyaya və xalqa demokratik seçki nümunəsi göstərə və "ilkin seçki nəticəsində filan partiya lideri filankəs bəy vahid namizədimiz oldu, digərləri də onu təbrik etdilər və birlikdə seçkiyə gedirik, qələbə də qazanacağıq" demək olardı. Olmazdı?

AzVision.az


Teqlər:  





Xəbər lenti