Ölən əsgərin atasının ittihamlarına Rəsmi cavab
Həmin fakta görə 31 iyul 2016-cı il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır. İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.
Mərhum əsgər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub.
İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 02 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib:
“Mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb. Hazırda iş üzrə əhəmiyyət kəsb edən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir - deyə məlumatda qeyd olunub”.
AzVision.az