Ağalarovun metro stansiyası bağlanır - Yenilənib

Ağalarovun metro stansiyası bağlanır - Yenilənib
  17 Avqust 2016    Oxunub:11114
Moskva metropoliteninin “Myakinino” stansiyasının tikintisinin sərmayəçisi, “Crocus Group” şirkətinin prezidenti azərbaycanlı iş adamı Araz Ağalarov qeyd olunan obyektin bağlanması ilə bağlı heç bir ilkin yazılı bildiriş almadığını bildirib.
Bu barədə “TASS”a Araz Ağalarovun özü bildirib.

Onun sözlərinə görə, “Crocus Group” şirkəti stansiyanın mülkiyyətçisi deyil: “Şirkət stansiyanı öz mülkiyyətinə keçirtməyib, çünki metro özəl tərəfə məxsus ola bilməz, şirkət yalnız tikintinin maliyyələşdirilməsi ilə məşğul olub”.

Qeyd edək ki, “Myakinino” stansiyası 26 dekabr 2009-cu ildə istifadəyə verilib. Stansiya “Krokus Siti” çoxfunksiyalı kompleks, “Krokus Ekspo” beynəlxalq sərgi mərkəzi, “Krokus Siti Holl” konsert zalı, “Krokus Siti Moll”, “Veqas” və “Tvoy Dom” əyləncə-ticarət mərkəzlərinin bilavasitə yaxınlığında yerləşir.

Stansiyanın buraxılış gücü sutkada 40 min sərnişin təşkil edir.

“Myakinino” – Rusiyada özəl vəsaitlərin cəlb olunması hesabına inşa olunan ilk stansiyadır. Onun layihələşdirilməsi və tikintisi Moskva şəhər və vilayət büdcələrindən, habelə “Crocus Group” kommersiya şirkətinin özəl investisiyaları hesabına maliyyələşdirilib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu iddia edilən "Myakinino" metro stansiyasının bağlandığı bildirilmişdi.

***

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu "Myakinino" metro stansiyası bağlanır.

AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə qərarı Moskva Metropoliteni verib.

Qərara görə, avqustun 22-dən Arbat-Pokrov xəttinin "Myakinino" stansiyası texnoloji, yanğın və nəqliyyat təhlükəsizlik tədbirlərinə uyğun olmadığı üçün bağlanacaq. Stansiyanı qeyri-müəyyən müddətə bağlayacaqlar. Qatarlar həmin stansiyadan dayanmadan keçəcək və həmin stansiyada metropolitenin personalı xidmət göstərməyəcək.

Moskva Metropoliteninin mətbuat xidməti "Myakinino" metro stansiyasının bağlanacağını təsdiqləyib. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, stansiyanın sahibi olan "Crocus Group" və Moskva Metropoliteni arasında həll olunmamış əmlak və torpaq münasibətləri nəqliyyat təhlükəsizliyi haqqında qanuna müvafiq qaydada həyata keçirilə bilinmir.

Qeyd edək ki, "Myakinino" stansiyasını azərbaycanlı iş adamı Araz Ağalarov şəxsi vəsaiti hesabına 2009-cu ildə tikib. Stansiyanın yaxınlığında A. Ağalarova məxsus çoxfunksiyalı "Crocus City" kompleksi, "VEGAS2" və "Tvoy dom" Ticarət Mərkəzi yerləşir.

"Crocus Group"dan məsələ ilə bağlı şərh verilməyib. A. Ağalarovun bununla bağlı mətbuat konfransı keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl "Crocus Group"un prezidenti A. Ağalarov "Vedemosti"yə müsahibəsində metro stansiyasının binasını paytaxt hakimiyyətinə verməyə hazır olduğunu söyləyib: "Mən məmnuniyyətlə stansiyanı verərdim. Stansiya tikmişik, 30 milyon dollar vəsait xərcləmişik. İndi isə təmirə pul xərcləməliyik".

AzVision.az


Teqlər:  





Xəbər lenti