İİV-ə yoluxanlarla bağlı dəhşətli statistika

İİV-ə yoluxanlarla bağlı dəhşətli statistika
  03 Avqust 2016    Oxunub:2762
İİV-infeksiyası/QİÇS pandemiyası dünyada aparılan çöxşaxəli mübarizə tədbirlərinə baxmayaraq, inkişafını davam etdirməkdədir.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Burada epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb: “2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

2016-cı ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 283 təşkil edib. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı (34,8%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib.

2016-cı ilin 6 ayı ərzində İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 56 nəfər (20,3%) parenteral, 160 nəfər (58,0%) heteroseksual, 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində, 4 nəfər (1,7%) şaquli yolla, 51 nəfərin (18,5%) yoluxma yolu müəyyənləşdirilməkdədir”.

Qeyd olunub ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunan 4955 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfərdir:

“İİV-lə yaşayan insanlardan 47,0%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,3 -də yoluxma yolu müəyyən edilməyib. Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69796 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti