`Nikah diplomatiyası`: Tofiq Yaqublu AXCP-yə sədr müavini gətirilir?

`Nikah diplomatiyası`: Tofiq Yaqublu AXCP-yə sədr müavini gətirilir?
  02 Avqust 2016    Oxunub:23304
İllər boyu bir-birinə olmazın söyüş və təhqirlər yağdıran, satqın damğasını partiyalarının möhürünə çevirən AXCP və Müsavat siyasi “nikaha” daxil olmağa hazırlaşır.

Söhbət Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu və Əli Kərimlinin `mənəvi oğlu`, həbsdə olan AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin nikahından gedir. Əlbəttə ki, iki gəncin sevib ailə qurmasına bir söz deyə bilmərik. Xoşbəxt olsunlar. Ancaq, məsələnin alt qatında siyasi gedişlərin olduğuna da şübhə yoxdur. Bunu hər iki partiyanın üzvlərinin sosial şəbəkələrdə yazdıqları statuslardan da görmək mümkündür.

Müsavat başqanın müavini Tofiq Yaqublu prezident İlham Əliyevin imzladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan sonra AXCP və Müsavatın barışdırmaq yolunda görüşlərə başlamışdı. O zaman T.Yaqublunun bu açılımı AXCP tərəfindən müsbət qarşlanmamışdı. Keçirilən görüşlər isə nəticəsiz qalmışdı. Səbəb isə iki partiya arasında keçilməz uçurumun olması idi. Müsavat başqanı Arif Hacılı da son müsahibəsində barışıq danışıqlarının birinci mərhələsinin nəticəsiz yekunlaşdığını etiraf edib. İndi nə baş verir? Barışıq danışıqlarının ikinci mərhələsi başlayır?

Görünür, Nigar və Seymur cütlüyünün nikahı iki partiya arasında barışıq danışıqlarının ikici raundu kimi qəbul olunur. Burada iki variant mümkündür. Birinci halda AXCP və Müsavat barışır. Hərçənd bu ehtimal çox azdır. Çünki, bir neçə ay əvvələ kimi bu partiyaların rəsmi şəxsləri bir-birlərinə olmazın təhqirlər yağdırırdılar. Eyni zamanda biri o birini hakimiyyətə işləməkdə, satqınlıqda ittiham edirdi. İndi nə oldu, satqınlığa tövbə etdilər? Yəni, AXCP və Müsavatın barışığı mümkünsüz görünür. Arif Hacılı yenə son müsahibəsində bu məsələnin mümkünsüzlüyünü dolayısı yolla etiraf edib. Hətta, AXCP əleyhinə üstüörtülü ittihamlar səsləndirib.

Müsavatın son qrultayından sonra partiyanın başına keçən Arif Hacılıdan narazılar partiyadan istefa verdilər. Müsavat daxili proseslər göstərir ki, partiyada qalanların bir çoxu da məhz Arif Hacılının idarəçiliyindən narazıdırlar. İddialara görə, narazı qalanlardan başda gələni isə hazırda başqan müavini olan Tofiq Yaqubludur. Tofiq Yaqublu onsuz da parçalanmış, dağınıq vəziyyətdə olan Müsavatdan uzaqlaşmağı qarşısına məqsəd qoyub. Bu onun hələ də Milli Şurada qalması faktı ilə izah oluna bilər. İkinci varinat isə məhz bu amillə bağlıdır. Nikah məsələsi isə onun AXCP-yə gedən yolunu açır. Burada isə onu AXCP sədrinin müavini postu gözləyir. İddialara görə, bu post ona hələ həbsdə olarkən Ə.Kərimli tərəfindən vəd edilib. Odur ki, nikah məsələsinin sonunun iki partiyanın birləşməsi ilə yox, Müsavatın növbəti dəfə parçalanması ilə yekunlaşması ehtimalı böyükdür.

Sual oluna bilər ki, Ə.Kərimli niyə buna gedir? Ə.Kərimlinin xislətinə belə oyunlar tamamilə uyğundur. Onun üçün “ana” müxalifətin özü olduğunu təsdiqləmək üçün bu gediş əvəzolunmazdır. Yəni, dağınıq Müsavatı yenidən parçalamaq və “əsl” müxalifətin özü olduğunu, müxalif şəxslərin onun “işığına” toplandığı görüntüsünü yaratmaq üçün T.Yaqublunu öz yanına çəkmək əlbəttə ki, Ə.Kərimli üçün tarixi fürsətdir.

Odur ki, nikah məsələsi AXCP-Müsavat barışığına yox, Müsavatın yenidən parçalanmasına gətirib çıxara bilər. Burada isə fayda götürən T.Yaqublu və Ə.Kərimli, uduzan isə yenə də Müsavatdır.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti