Azərbaycanlı tankçılar Rusiyada birinci oldu – FOTO (VİDEO)

Azərbaycanlı tankçılar Rusiyada birinci oldu – FOTO (VİDEO)
  01 Avqust 2016    Oxunub:85418
Rusiyada keçirilən “Tank Biatlonu” yarışlarında Azərbaycan hərbçiləri öz qrupunda ən yaxşı nəticə göstərərək birinci yer tutub.

AzVision.az xəbər verir ki, ümumilikdə yarışda 17 ölkədən 51 tank heyəti iştirak edir.

Məlumata əsasən yarış iştirakçıları Rusiya tərəfindən onlara təqdim olunan Т-72B3 tanklarında yarışırlar. Bazar günü keçirilən mərhələ yarışlarında Azərbaycan, Anqola, Belarus, Venesuela, Zimbabve, Qırğızıstan və Tacikistandan olan tankçılar öz məharətlərini göstəriblər.

Yarışda Azərbaycanı Məftun İbrahimov, Rəşad Atakişiyev və Umar Ömərov təmsil edir.

"Fərdi sürücülük" mərhələsinin tələblərinə əsasən, hər tank heyəti uzunluğu 5 km. olmaqla 3 dairə keçməli, tankın topundan, zenit və qoşa pulemyotlardan atəş açmalıdır. Hər dairədə tanklar maneə və manevr sahələrini, çay və mina sahəsinin zəncirvarı keçidini, kurqan, alov zolağı, tankəleyhinə xəndəyi, eskarp və dağ ətəyi ərazilərdə yaradılmış müxtəlif maneələri dəf edirlər.

Hər atəş mərhələsində şərti düşmənin tank, helikopter və tankəleyhinə heyətlərinin hədəfləri məhv edilməlidir.
Tank heyətlərinin ümumi nəticələri cərimə balları da nəzərə alınmaqla məsafəni qətetmə vaxtı ilə birgə hesablanır. "Fərdi sürücülük" mərhələsinin nəticələrinə görə ən çox xal toplayan 12 komanda yarışların yarımfinalına çıxmaqla "Estafet" mərhələsində iştirak etmək hüququ qazanacaqdır.

Tank biatlonu NATO ölkələri arasında 1963-1991-ci illərdə keçirilib.

2013-cü ildən Rusiyanın təşəbbüsü ilə tank biatlonu yenidən beynəlxalq formatda Rusiyada keçirilir. İlkin olaraq tank biatlonunda Rusiya, Belarus, Qazaxıstan və Ermənistan komandaları iştirak edirdi. Növbəti illərdən iştirakçı ölkələrin sayı artır.

Qeyd edək ki, tank biatlonu üzrə yarışların final mərhələsi avqustun 13-ü keçiriləcək.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti