`Azərbaycanda dini radikalizm təhlükəsi var`

`Azərbaycanda dini radikalizm təhlükəsi var`
  26 İyul 2016    Oxunub:14687
Ekspertlər hesab edirlər ki, radikal dini cərəyanlara qoşulanların sayının artması yaxın gələcəkdə Azərbaycanın dünyəvi dövlət modelinə təhlükə yaradacaq.

“Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktı həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir. Son zamanlar tez-tez xüsusilə İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya zorən qanlı terror təşkilatlarının köləsinə çevrilirlər”.

Bu fikirləri Sputnik Azərbaycanın Multimedia Mərkəzində təşkil olunan “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debatda Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib.

O qeyd edib ki, Azərbaycanda vətəndaşlar, eləcə də qadınlar arasında sekulyar dövlətçiliyin üstünlükləri, radikal olmayan din modelləri barədə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Bu məqsədlə Qadın Liderliyi Uğrunda İctimai Birliyi AR prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsini icra edir. “Sekulyar dövlətçilik və dini radikalizm: cəmiyyət hara gedir” mövzusunda keçirilən debat da bu layihənin tərkib hissəsidir.

Tədbirin moderatoru, “Cənubi Qafqaz” politoloqlar klubunun üzvü, politoloq İlqar Vəlizadə deyib ki, bu gün dünyəvi dövlət modelinin möhkəmləndirilməsi, dinin dövlətdən, siyasətdən ayrı tutulması son dərəcə vacibdir. Odur ki, Azərbaycanda bu mövzularda silsilə tədbirlərin keçirilməsinə, ictimai müzakirələrə böyük ehtiyac var. Bu debatı isə həmin müzakirələrin sadəcə başlanğıcı hesab edə bilərik.

Debatda teoloq Elşad Miri deyib ki, dövlətin dini olmaz, dövləti təmsil edən şəxsin dini ola, ya da olmaya bilər: “Azərbaycan sekulyar dövlətdir, lakin onun prezidenti öz ailəsi ilə birlikdə Ümrə ziyarətinə gedir. Yəni dövlət başçısının dinə münasibəti, ibadət etməsi, onun dünyəvi dövlətin başçısı olmasına mane olmur. Sabah bu dövlətin başçısı bir ateist də ola bilər, amma bu o demək deyil ki, o, ölkədə dini qadağan etməlidir”.

E.Miri qeyd edib ki, İŞİD-in törətdiklərinin hər birinə İslamda bir mənbə tapmaq olar. Amma bu, əsl İslam demək deyil.

Milli Düşüncə İnstitutunun rəhbəri Taryel Faziloğlu deyib ki, dünyada və regionda dini radikalizm adı altında baş verən proseslərin hamısı siyasi proseslərdir. “Bu gün Azərbaycanda dini radikalizm mövzusu aktualdır. Azərbaycanda din heç vaxt Azərbaycan modeli səviyyəsində işlənməyib. Azərbaycana din həmişə İrandan, Səudiyyə Ərəbistanından, Türkiyədən idxal olunub və bunun acı nəticələrini görməkdəyik. İstənilən halda, dövlət dindən ayrı olsa da, dinə nəzarəti əldən verməməlidir.” – deyə T.Faziloğlu əlavə edib.

O qeyd edib ki, istənilən dövlətin özünün din siyasəti və din modeli olmalıdır: “İslam özlüyündə bir konstitusiyadır. Amma onun yerli şərtlərə uyğunlaşdırılmış bir modeli formalaşdırılmalıdır. Bu bizdə olmadığı üçün, biz hər zaman dini təhlükə qarşısındayıq”.

Pedaqoq Aynur Zamanova isə təhsil sistemində din probleminə toxunub. Qeyd edib ki, son vaxtlar baş örtüyü ilə məktəbə gələn qızların sayında ciddi artım müşahidə olunur: “Onlar məktəbə sadəcə baş örtüyü ilə gəlmirlər, özləri ilə ailələrindəki dini dəyərləri də gətirirlər və öz sinif yoldaşlarına da bu dəyərləri təlqin edirlər. Onlar başqa uşaqların beyninin yuyulması üçün təbliğat vasitələri ilə silahlanlanmış şəkildə gəlirlər. Hicab bağlamayan qızların tərbiyəli olmadıqları barədə rəy formalaşdırırlar. Nəticədə hicablı qızlar hicabsız qızlara bir təhdid vasitəsinə çevrilirlər. Hicabsızların diskriminasiyası başlayır. Bu geniş vüsət alanda, artıq cəmiyyətin fəlakətinə çevriləcək”.

A.Zamanovanın fikrincə, hicabla məktəbə gələn qızların çoxu dini qaydalara riayət etmir. Amma inadkarlıqla hicab bağlayırlar. Burada hansısa xüsusi siyasətin rolu var. Dövlət, təhsil institutları bu məsələni təsadüfi və ya təbii hal kimi qələmə verməklə böyük yanlışlığa yol verirlər.

Pedaqoq Elşad Vəliyev deyib ki, Azərbaycanda hələ də başa düşmürlər ki, insanları din seçimində məcbur etmək olmaz: “Ailələrdə uşaqlara deyilir ki, sən müsəlman doğulmusan və müsəlman da olmalısan, başqa dinə keçmək bağışlanmazdır. Halbuki din mənəvi və ictimai davranış modelidir, onu seçmək insanın öz işidir”.

“Düşünürəm ki, dinlərin vaxtı çoxdan keçib. Biz müasir dünyanı əsrlərlə əvvəl mövcud olmuş düşüncənin məhsulu olan dinlərlə idarə etməyə çalışmamalıyıq. “Quran”ı araşdıranda görürük ki, o, indiki dünya ilə uyğun gəlmir.” – deyə pedaqoq bildirib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev isə o fikirdədir ki, Azərbaycanda dini radikalizmin olmadığını deyənlər səhv edirlər: “Bizdə “Ceyşullah”, “Meşə qardaşları”, İranın, Səudiyyənin təsirindəki qruplar olub. Bizdə dini radikalizm deyilən şey var. Hökumət ağıllı addım ataraq Heydər məscidində qayda qoydu ki, bayram namazını bütün dinlərin nümayəndələri biryerdə qılsın. Amma müxtəlif təriqətləri təmsil edənlər digər təriqətlərdən olanlarla eyni yerdə namaz qılmaq istəmədiklərini bildirirlər. Azərbaycanın yerləşdiyi region belədir ki, biz nə qədər istəməsək də, dini radikalizm olacaq”.

Başını dinin atributu olduğuna görə deyil, məktəbin təzyiqlərinə adekvat reaksiya olaraq örtdüyünü vurğulayan BDU-nun tələbəsi Leyla Sərxan deyib: “Mənim anam başıörtülüdür. Mən onu görüb həvəsə gəlib başımı örtmüşəm. Məktəbə belə gedəndə hamı mənə Marsdan gəlmiş adam kimi baxırdı və mən bu baxışlardan narahat olurdum. Sonra isə mən acığa, inadına başımı örtdüm ki, onlardan fərqlənmək istəyirəm. Əlaçı olmuşam, onlardan daha çox müvəffəqiyyət qazanmışam, hüquqlarımı yaxşı bilirəm. 7-ci sinifdə məni baş örtüyü ilə məktəbə buraxmadılar. Mən prinsipə atamla getdim məktəbə. Dedim ki, mən nəyə görə öz əqidəmdən dönməliyəm, yaxud da kiminsə qadağasına görə öz təhsilimdən qalmalıyam?!”

Gənc Demokratlar İnstitutunun direktoru Yeganə Hacıyeva qeyd edib ki, Azərbaycan hökuməti islam fundamentalizminin cəmiyyətə sirayət etməsi mərhələsində gecikib: “20 il əvvəl xaricdən çox sayda missioner qruplar ölkəyə gəldi. Onlar humanitar missiya ilə gəldiklərini elan etsələr də, əslində qaçqın və məcburi köçkünlərin ağır psixoloji və sosial durumundan istifadə edərək öz ideyalarını yaymağa başladılar. Nəyə görə Azərbaycanda dindən danışılanda söhbət həmişə gəlib qadınların başörtüsünə çıxır?!”

Y.Hacıyeva Suriyada vuruşanlar arasında 300-dən çox 18 yaşdan 35 yaşa qədər azərbaycanlı gəncin olduğunu xatırladıb. “Bu hələ bəlli olan rəqəmdir. Bəs bəlli olmayan rəqəm nə qədərdir, onların simpatizanları nə qədərdir? Onları ciddiyə almaq lazımdır.” – deyə Y.Hacıyeva əlavə edib.

DİP-in qadın məsələləri üzrə koordinatoru Nərmin Şamilbəyli isə deyib ki, bizdə din deyəndə ancaq qadınların geyimi, qızların özünün necə aparması nəzərdə tutulur: “Amma əsl İslam nədir, Quran necə yaşamağı öyrədir, bu barədə insanlarda dəhşətli dərəcədə bilgisizlik var. İnsanlar din barədə elmi biliklər əldə etməyəndə dinə yuvarlanma cəhalətə gətirib çıxarır”.

“Status” Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil deyib ki, hər şeyin ifrat həddə olması pisdir və bu dinə də aiddir. “Biz dini düşüncə ilə dini davranışı qarışdırmamalıyıq. Din dünyəviliyə qarşı deyil, dünyəvilik də dinə qarşı deyil. Eyni zamanda dini elmə qarşı qoymaq da dini təhrif etməkdir. Dini davranış bütün dövrlərdə ictimai davranışla üst-üstə düşüb. Bunları bir-birindən ayırmaq mümkün deyil. Dini ehkam prinsipləri müzakirə oluna bilməz. Kamil insan dində də, ictimai münasibətlərdə də kamillik nümayiş etdirəcək. Kamil olmayan insanlarsa dindar, yaxud dindən kənar olub-olmamasına baxmayaraq, neqativ meyllər nümayiş etdirəcək”.

Strateq.az saytının redaktoru, politoloq Zaur İbrahimli isə qeyd edib ki, Azərbaycanda dinə yanaşma ilə bağlı problemlər olacaq, çünki hələ də bu ölkənin dinlə bağlı vahid bir konsepsiyası yoxdur.

Pedaqoq Xəyalə Məmmədova da deyib ki, Azərbaycan dini radikalizmdən sığortalanmayıb. “Fanatiklər yeniyetmə və gəncləri müxtəlif üsullarla ələ alır, öz təsiri altında saxlayırlar. Onlar pulu olmayana pul, işi olmayana iş təklif edirlər, insanların sosial və mənəvi ehtiyaclarından sui-istifadə edərək onları öz təriqətlərinin təsiri altına salırlar. Bu, yaxın gələcəkdə Azərbaycanda böyük fəsadlar törədə bilər.” – deyə X.Məmmədova bildirib.

İştirakçılar yekun olaraq bildiriblər ki, Azərbaycanda sekulyar dövlətçiliyə təhlükə böyük olmasa da, dini radikalizm təhlükəsi var. Dövlət nəzarəti kifayət etmədiyindən, maarifləndirmə işləri savadlı bir şəkildə aparılmadığından, xaricdən idxal olunmuş radikal dini cərəyanlara qoşulan insanların sayı getdikcə artacaq. Bu isə yaxın gələcəkdə Azərbaycanda dünyəvi dövlət modelinə ciddi təhlükə yarada bilər.


Teqlər:  





Xəbər lenti