Ay bu gün görünəcək - Rəsədxana səhvə yol verib

Ay bu gün görünəcək - Rəsədxana səhvə yol verib
  05 İyul 2016    Oxunub:12383
Şamaxı Rəsədxanası ayın görünməsi ilə bağlı yaydığı məlumatda yalnışlığa yol verib.
Bu barədə AzVision.az-a Rəsədxananın direktoru Namiq Cəlilov bildirib.

O, düzəliş edib ki, Ay sabah deyil, bu gün görünəcək.

“Daha dəqiqliklə Ay bu gün saat 20:30-da görünəcək və sabah Bayram namazı qılınacaq”

Qeyd edək ki, bir neçə saat öncə N.Cəlilov Ayın sabah 20:50-də görsənəcəyi ilə bağlı mətbuata açıqlama vermişdi.

***

“Ramazan bayramı Ayın görünməsi ilə başlanır. Bizim üfüqdə yeni Ay sabah saat 20:50-də görünəcək. Odur ki, 20:50-dən sonra bayram etmək olar”.

Bunu AzVision.az-a açıqlamasında N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib. O qeyd edib ki, bu, Respublikada qəbul olunmuş vaxtdır.

“Ayın görünmə vaxtı tədricən dəyişir. Ay və Yer tədricən hərəkət edir. Buna görə də Yer kürəsinin müxtəlif yerlərində Ay müxtəlif vaxtlarda görünür. Hətta Azərbaycanın özündə - Quba ilə Naxçıvanda Ay müxtəlif vaxtlarda görünür. Bu fərq dəqiqə ilədir, yəni azdır. Amma Azərbaycan kiçik ölkə olduğundan bu vaxtı ümumiləşdiririk və Ayın görünmə vaxtı kimi ortaq bir zaman müəyyən edirik. Bu da 20:50-də olan vaxtdır”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə trend-ə bildirib ki, rəsədxanın verdiyi rəqəmlər əsasında tərtib olunmuş təqvimə əsasən, sabah bayram namazı qılınacaq: “QMİ təqvimin heç birini özbaşına yazmır. Bu təqvimlər rəsədxana ilə bərabər hazırlanıb. Tarixlər elmi cəhətdən əsaslandırılaraq müəyyənləşdirilir. Biz deyilən rəqəmə uyğun bayram gününü elan etmişik və buna uyğun da dövlətimiz qeyri-iş günləri elan edib”.

Ramazan bayramı ilə əlaqədar bu il iyulun 6 və 7-si ölkədə qeyri-iş günləri elan edilib.

Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacağını açıqlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti