Qəbələ RLS-lə bağlı müqavilə imzalanacaq

Qəbələ RLS-lə bağlı müqavilə imzalanacaq
  30 İyul 2013    Oxunub:1259
Təhvil-təslim müqaviləsinin imzalanması üçün avqustun ortalarında Rusiyadan yüksək vəzifəli nümayəndə heyəti Azərbaycana səfər edəcək
Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında Qəbələ radiolokasiya stansiyasının təhvil-təsliminə dair müqavilə imzalanacaq.


Artıq Rusiya hərbçilərinin Qəbələ RLS-dən çıxarılması prosesi yekunlaşıb. Hərbi hissənin daşına bilən inventarı da tam olaraq dəmir yolu vasitəsi ilə Rusiyaya yola salınıb. Ölkədən çıxan Rusiya hərbi hissələrini dövlət sərhədinədək Daxili Qoşunların hərbçiləri müşayiət edib.

Təhvil-təslim müqaviləsinin imzalanması üçün (avqust ayının ortalarında) Rusiyadan yüksək vəzifəli nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Hazırda stansiyaya Azərbaycan hərbçiləri nəzarət edirlər.

Qeyd edək ki, Qəbələ RLS-in inventarının müəyyənləşdirilməsi üçün Azərbaycan tərəfindən komissiya 2012-ci ilin noyabr ayında yaradılıb. Dekabr ayında isə Rusiya Qəbələ RLS-dən rəsmən imtina etdiyini açıqlayıb. Rusiyanın Qəbələ RLS-dən imtinası Azərbaycanın stansiyanın icarə haqqını artırması ilə bağlıdır. Azərbaycan tərəfi Rusiyadan stansiyanın icarəsi üçün 300 milyon dollar icarə haqqı tələb edib.

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 2002-ci ildə imzalanıb. Rusiya dekabrın 10-dan stansiyanın istismarını dayandırıb. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verir. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq, Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 mln. dollar ödəyib.(apa)



Teqlər:





Xəbər lenti