Dövlət rəmzlərimizin qorunduğu yer – REPORTAJ (VİDEO+FOTOLAR)

 Dövlət rəmzlərimizin qorunduğu yer – REPORTAJ (VİDEO+FOTOLAR)
  30 İyun 2016    Oxunub:23350
Azərbaycanımızın şanlı tarixini hər kəsə göstərib, fəxr edə biləcəyimiz məkanlardan biri də Dənizkənarı Milli Park ərazasində yerləşən Dövlət Bayrağı Meydanıdır. Bu Meydanın mərkəzində, mavi Xəzərin sahilində Azərbaycanın 162 metr hündürlükdə Dövlət Bayrağı dalğalanır.



Bakı küləklərinin dalğalandırdığı bayrağımızın altında əzəmətli bir tarix qorunur. Minilliklərin sınağından alın açıqlığı ilə çıxan bu tarixin mühafizə olunduğu müqəddəs məkan isə Dövlət Bayrağı Muzeyidir.

...Bayraq Meydanının tarix kimi ucalan, bir-birinə sıx bağlı olan pillələrini addımlayıb, Dövlət Bayrağı Muzeyinə gəlib çatdıq. Başımızın üzərində dünyanın ən hündür dirəyi üzərində göylərə ucalan Azərbaycan Bayrağı dalğalanlır.

Səkkizguşəli ulduzun ətrafına həkk olunan, qızıl suyuna salınmış bürüncdən hazırlanan Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi sözün əsil mənasında Odlar Yurdu Azərbaycanın tarixini əks etdirir.



Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəsəfə doktoru Könül İmamverdiyeva AzVision.az -a açıqlamasında tariximizə keşik çəkən bu məkanın özəlliklərindən söhbət açdı:

- Dövlət Bayrağı Muzeyi Azərbaycanda xüsusi əhəmiyyətə malik olan məkanlar sırasına daxildir. Dövlət Bayrağı Muzeyi Dənizkənarı Bulvar İdarəsinin əhəmiyyətli tərkib hissələrindən biridir. Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılıb.



Muzey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında” imzaladığı Sərəncam ilə inşa olunmuş Dövlət Bayrağı Meydanında yaradılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.



Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycan xalqının və dövlət başçısının dövlətçilik tariximizə olan hörməti, dövlət rəmzlərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. Azərbaycanın dövlətçilik tarixini və dövlətçilik ənənələrini əks etdirən dövlət rəmzlərinin bir arada ictimaiyyətə təqdim olunması dövlətçilik rəmzlərimizin təbliği cəhətdən önəmlidir. Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətdə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq hər bir vətəndaşın əsas işi olmalıdır.

Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur.



Burada həmçinin, XVII- XIX əsrlərə aid bayraqların uç elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşürları, müasir dövlətçilik tariximizi əks etdirən Silahlı Qüvvələrin bayraqları, mərasim geyim formaları, emblem və şevronları, Azərbaycan Respublikasının orden və medalları var. Muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr də nümayiş olunur. Onlardan ən qədimləri e.ə III və I əsrlərə aid Qafqaz Albaniyası və Atropatenaya aid və gümüş tetradraxma və draxmalardır.



Bundan başqa, muzeyin ekspozisiyasında Şəddadilər, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilərə və Azərbaycan xanlıqlarına aid sikkələr də var. Monitorlarda dövlətçilik tariximizi əks etdirən videoçarxlar nümayiş etdirilir.

Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə və araşdırmağa geniş imkanlar açır. Muzeydə eksponatlar sırasında orta əsrlər dövlətlərinin bayraqları böyük marağa səbəb olur. Onların arasında Səlcuq imperiyasının bayrağı, Qaraqoyunlu dövlətinin bayrağı, Ağqoyunlu hökmdarı Uzun Həsənin və Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə aid bayraqları qeyd etmək olar.




Muzeydə diqqətimizi özünə cəlb edən qiymətli eksponatlardan biri də 1918-1920-ci illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasının İstanbul şəhərindəki diplomatik nümayəndəliyinin binası üzərində dalğalanan bayraqdır.

Bu bayrağın hazırda 97 yaşı var. Bundan başqa, Heydər Əliyev ordenini və Milli qəhrəmanın xüsusi fərqlənmə nişanı - “Qızıl ulduz” medalını qeyd etmək olar. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.





Dövlət Bayrağı Muzeyində Ginnes dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən böyük bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı da nümayiş olunur.




Bu mühüm və qürurverici hadisə üçrəngli bayrağımızın dünya birliyində tutduğu yerə və onun malik olduğu əhəmiyyətə verilən mənəvi dəyərin bariz nümunəsidir. 15 seksiyadan ibarət olan bayraq dirəyinin hündürlüyü 162 metr, çəkisi 220 tondur. Bayrağın çəkisi 220 kiloqram, eni 35, uzunluğu 70 metrdir. Bayrağın dəyişmə prosesi ümumi 16-17 dəqiqə çəkir. Bakı küləklər şəhəridir. Hava proqnozu ilə əlaqəli işlənilsə də, qeyd etdiyimiz kimi küləyin sürəti bir az belə fərqli olsa bayrağın dəyişilməzi zərurəti yarana bilir. Ona görə də hər an əlavə hazır bayraq olur. Bayrağımızın bütün hissələri, parçası da Azərbaycanda hazırlanır.



K.İmamverdiyevanın sözlərinə görə, burada nümayiş olunan eksponantlar nəinki azərbaycanlıların, həmçinin ölkəmizə səfər edən xarici vətəndaşların da xüsusi marağına səbəb olur. Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi yarandğı gündən yerli sakinlərlə yanaşı, xarici ölkələrin başçılarını nümayəndə heyətlərini qəbul edərək onları Azərbaycanın dövlətçilik və dövlət atributları ilə yaxından tanış edib. Dövlət Bayrağı Muzeyində bu günə qədər 675 rəsmi tədbir keçirilməklə 13 min nəfər şəxs qəbul edilib.

Muzeyin direktoru xarici ölkə rəsmilərindən bəzilərinin Dövlət Bayrağı Muzeyini ziyarətləri zamanı yaşanan xoş xatirələri də bizimlə bölüşdü:

- Onlar ölkəmizə səfər edən zaman Muzeyimizə də təşrif buyururlar. Protokol qaydalarına uyğun olaraq çox az vaxt çərçivəsində muzeyimizi ziyarət etməli olurlar. Amma muzeyə daxil olan zaman bu maraq vaxtın qısalığına üstün gəlir. Nəticədə həmin qonaqlar muzeydə xeyli vaxt keçirirlər və bizə maraqlı suallar ünvanlayırlar. Bir dəfə Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov muzeyimizdə olan zaman bayraqlara tez-tez dönüb baxırdı. Nəhayət o dedi ki, bizim ölkədə niyə belə bayraq muzeyi yoxdur, biz belə muzey yaratmalıyıq. Dərhal əməkdaşlarına tapşırıq verdi ki, bizim Bayraq Muzeyimiz kimi onlar da muzey yaratsınlar. Bu, çox qürurverici idi.



Sonda isə qeyd edək ki, Dövlət Bayrağı Muzeyinin fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəsildə vətənpərvərlik dövlət rəmzlərinə hörmət və ehtiram hisslərinin daha da gücləndirilməsidir. Bu məqsədlə muzeydə məktəblilər üçün ekskursiyalar təşkil olunur. Bu günədək Dövlət Bayrağı Muzeyində 750 ekskursiya keçirilərək 20 mindəm çox şagird qəbul edilib. Eyni zamanda təbliğat işləri nəinki muzeydə, məktəblərdə dövlətçilik tarixinə aid mühazirələr aparılır, və bu gün də bu işlər davam etdirilir. İndiyə qədər 105 məktəbdə dövlətçilik tarixi ilə bağlı mühazirələr təşkil edilib.


























Hafiz Əhmədov
Fotoqraf: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti