Dünyanı şoka salan qərar: Britaniyanın taleyi necə olacaq? (ŞƏRH)

  24 İyun 2016    Oxunub : 5559
Dünyanı şoka salan qərar: Britaniyanın taleyi necə olacaq? (ŞƏRH)
Xəbər verdiyimiz kimi, ötən gün Böyük Britaniyada ölkənin Avropa İttifaqından çıxması ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə əsasən “Brexit”in lehinə 51,9 faiz səs verilib. Bununla da Böyük Britaniyanın Aİ-dən çıxması öz təsdiqini tapıb. Referendumun nəticələri məlum olandan sonra xalq qarşısında çıxış edən baş nazir Devid Kemeron vəzifəsindən istefa verdiyini bəyan edib.



Kemeron referendumun nəticələrinə uyğun olaraq Britaniya xalqının qərarını yerinə yetirəcəyini bildirib. O, həmçinin bəyan edib ki, ölkənin Avropa İttifaqından çıxması barədə danışıqları yeni Baş nazir həyata keçirməlidir. Kemeron ölkəsini sevdiyini, Britaniya xalqına xidmət etdiyinə görə fəxr etdiyini vurğulayıb.

Kemeronun istefası və Britaniya xalqının seçimi dünyanın gündəmini dəyişib. Siyasi arenalarda şok effekti yaradan bu qərarlar Böyük Britaniyanın gələcək taleyinə necə təsir göstərəcək?



Millət vəkili Rasim Musabəyov hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması bu ölkənin parçalanmasına səbəb ola bilməz. Deputat fikrini belə əsaslandırıb: “Əlbəttə, Böyük Britaniyanın ittifaqdan ayrılması mənfi təsirlərini göstərəcək. Amma, düşünmürəm ki, Böyük Britaniyanın bu addımı Avropa İttifaqının parçalanmasını davam etdirsin. Nəzərə alsaq ki, ABŞ daha böyük format- Avroatlantik Birliyi üzərində işləyir. Burada ABŞ, Kanada, Avropa Birliyinin daxil olacağı ittifaqdan söhbət gedir. Bu baxımdan hesab edirəm ki, yeni ittifaq çərçivəsində münasibətlər tənzimlənə bilər”.

Politoloq Zərdüşt Əlizadənin fikrincə, Böyük Britaniyanın ittifaqdan ayrılması baş nazir Devid Kemeronun dayaz düşüncəsinin nəticəsidir: “Hesab edirəm ki, Böyük Britaniyanın bu addımı həm krallığın, həm də Avropa İttifaqının parçalanmasına gətirib çıxara bilər. Bu qərarın ardınca Şotlandiya təkrar referenduma gedərək krallıqdan ayrılacaq və Avropa İttifaqının tərkibində qalmağa üstünlük verəcək. Ola bilsin Uels də Şotlandiyanın yolu ilə getsin”.



Z.Əlizadənin sözlərinə görə, bu hal böyük bir layihənin uğursuzluğudur: “Son 30 ilin hadisələrinə baxsaq, görərik ki, böyük birliklərin formalaşma konteksində uğursuzluğa uğraması qaçılmaz səciyyə alır. SSRİ böyük xalqların birliyi idi və uğursuzluğa uğrayaraq dağıldı. Avropa İttifaqı demokratik əsaslarda dövlətlərin birliyi ideyası idi. Artıq bu birlik də yavaş-yavaş dağılmağa doğru gedir. İsveçrə birliyə daxil olmaqdan imtina etdi, Böyük Britaniya ayrılmaq barədə qərar qəbul etdi, İtaliyanın da birlikdən çıxamsı üçün tələblər səslənir. Böyük Britaniyanın Aİ-dən çıxması mühüm bir oyunçunun birlikdən çıxması deməkdir. Bu isə Avropa üçün sonu yaxşı olmayan nəticələrə səbəb ola bilər”.

Politoloq qed edib ki, Aİ-nin parçalanmasına səbəb birliyə daxil olan dövlətlər arasındakı iqtisadi ziddiyətlərdir: “Böyük Britaniya dünyanın ən mühüm maliyyə mərkəzlərindən biri idi. Daha sonra ABŞ-da Nyu-York birjası yarandı. İndi Avropa vahid iqtisadi mərkəzə çevrilir. Ənənəvi London maliyyə brökratiyası bundan narahat idi. Bu, Böyük Britaniyanın Aİ-dən ayrılması ilə nəticələndi. Əminəm ki, Böyük Britaniya itirən tərəfdir. Ölkənin dağılma prosesi sürətlənmiş oldu”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: