Prezident Tələt Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Prezident Tələt Qasımovun vəfatı ilə bağlı başsağlığı verib
  30 İyul 2013    Oxunub:2257
Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, incəsənət xadimləri görkəmli xanəndə Tələt Qasımovun vəfatı ilə bağlı başsağlığı veriblər.
AzVision.az xəbər verir ki, başsağlığında qeyd edilib:

"Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz vermişdir. Milli muğam sənətinin tanınmış nümayəndəsi, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tələt Məmmədağa oğlu Qasımov 2013-cü il iyulun 28-də ömrünün 81-ci ilində vəfat etmişdir.
Tələt Qasımov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Musiqiyə hədsiz maraq göstərərək hələ erkən yaşlarından xanəndəliyə başlayan Tələt Qasımov Azərbaycan muğamının incəliklərini böyük həvəslə öyrənmiş, bu qədim mədəni-mənəvi irsin sirlərinə yiyələnmişdir. Məşhur muğam ustaları Zülfü Adıgözəlovun və Hacıbaba Hüseynovun həmin dövrdə onun sənətkar şəxsiyyətinin formalaşmasına böyük təsiri olmuşdur. Məhz yüksək istedadı və məharəti sayəsində Tələt Qasımov qısa müddət ərzində öz dəst-xətti ilə seçilən xanəndə kimi tanınmışdır. O, 1954-1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Konsert Birliyinin solisti olaraq fəaliyyət göstərmiş və ömrünün sonunadək xanəndəlik sənətinə sadiq qalmışdır.

Tələt Qasımov sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşatmış və məxsusi ifa üslubu ilə seçilərək xalqımızın çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermiş sənətkardır. Azərbaycan xanəndəlik məktəbinin ənənələrinə sədaqət, muğamın klassik ifa tərzinin və ümumən Azərbaycan milli musiqisinin saflığının qorunub saxlanması Tələt Qasımovun sənət fəaliyyətinin başlıca qayəsini təşkil edirdi. Yüksək ifa mədəniyyəti, təkrarolunmaz və ürəyəyatımlı səsi ilə dinləyicinin mənəvi aləminə nüfuzetmə bacarığı ona muğam bilicilərinin hörmət və ehtiramını, musiqisevərlərin məhəbbətini qazandırmışdır. Əruz vəzninin qaydalarını dərindən mənimsəyən xanəndənin ustalıqla, ahəngdar ifasında bir çox Azərbaycan klassik muğamları, təsniflər və xalq mahnıları musiqi mədəniyyətimizin tarixinə daxil olmuşdur. Xalq çalğı alətləri ansamblının müşayiəti ilə keçirilən konsertlərdə, həmçinin xalq bayramlarında, el şənliklərində və ədəbi məclislərdə yaxından iştirak etmiş, Azərbaycan muğamının populyarlaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir.

Çoxsaylı qastrol səfərləri zamanı Tələt Qasımov milli mədəniyyətimizi uğurla təmsil etmiş və ölkəmizin hüdudlarından uzaqlarda Azərbaycan musiqisini dünyanın müxtəlif xalqlarının nümayəndələrinə sevdirə bilmişdir. Tələt Qasımovun muğam ustası kimi uzun illər ərzindəki səmərəli fəaliyyəti istedadlı ifaçıların yeni nəslinin yetişdirilməsi üçün bir məktəbdir.
Tanınmış xanəndə, səmimi və qayğıkeş insan Tələt Qasımovun əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!"
İlham Əliyev
Artur Rasizadə
Oqtay ƏsədovElçin Əfəndiyev
Mehriban Əliyeva
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Zeynəb Xanlarova
Habil Əliyev
Əlibaba Məmmədov
Arif Babayev
Alim Qasımov
Canəli Əkbərov
Ağaxan Abdullayev
Səkinə İsmayılova
Mənsum İbrahimov
Adil Bağırov
Ağasəlim Abdullayev
Möhlət Müslümov
Murad Hüseynov


Teqlər:  





Xəbər lenti