Prezidentin köməkçisi beynəlxalq təşkilatları tənqid etdi

Prezidentin köməkçisi beynəlxalq təşkilatları tənqid etdi
  16 İyun 2016    Oxunub:2942
“Sabah ölkəmizdə “Formula 1” yarışları start götürüləcək. “Formula -1” təşkilatıçılığının Azərbaycana həvalə edilməsi ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə qazandığı uğurların beynəlxalq ictiamiyyət tərəfindən qəbul olunduğunun göstəricisidir”.
AzVision.az xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Məclisdə “18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır: “Dövlət müstəqiliyinin ilk illərində Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunub. Ermənistan ölkəmizə qarşı ərazi iddiları ilə çıxış edib və havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib.

Bununla da 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşımzın hüquqlarının ən kobud şəkildə pozulmasına qiymət vermirlər. Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinir”.

Ə.Həsənov qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra təmin edilən ictimai-siyasi sabitlik demokratik və hüquqi dövlət quruculuğunun başlanmasına şərait yaradıb: “Xaos və anarxiyanın, vətəndaş cəmiyyəti müharibəsinin aradan qaldırılması ölkənin inkişafına təkan verdi”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün münbit şərait var: “İndi media orqanı təsis etmək çox asandır. Media orqanı yaratmaq istəyən şəxs Ədliyyət Nazirliyinə müraciət edir və 7 gün müddətinə ona cavab verilir. Azərbaycanda sosial şəbəkələrdən də istifadə də genişlənib. Ölkə əhalsinin 75 faizi gündəlik internet istifadəçisidir. Ölkədə 1 milyon 200 min nəfər “Facebook” sosial şəbəkəsindən istifadə edir. Bütün bunlar Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin göstəricisidir. Həmçinin Azərbaycanda şəhər və rayon icra hakimiyyətləri sərbəst toplaşma azadlığını təmin etmək üçün mitinqlərin keçirilməsi üçün əlverişli qapalı və açıq yerlər ayırır. Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb. Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün bütün addımları atır, onların maliyyələşməsini həyata keçirir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti